RU

Azərbaycanda avtomobil qiymətləri artıb?

Son dövrlərdə avtomobil bazarında qiymət dəyişikliyi müşahidə olunur. Bəzi alıcılar qiymət artımından narazıdırlar. Onlar bildirirlər ki, benzin və dizelin qiymətində edilən dəyişiklikdən sonra qiymətlər arasında fərq var. Belə ki, benzin yanacağı ilə işləyən maşınların qiyməti artıb, lakin dizel yanacağı ilə işləyən avtomobillərin qiymətində azalma müşahidə olunur. Bu da tələbat ilə bağlıdır.

Son illərdə Azərbaycanda elektromobillərdən istifadə artıb. Bu sahədə yeni güzəştlər edilir ki, elektrik avtomobillərə keçid sürətlənsin. Xaricdən avtomobil idxalında isə kəskin artım var.

Bəs ümumiyyətlə avtomobillərin qiymətlərinin dəyişməsinin əsas səbəbi nədir? Bu hansı hallar ilə bağlıdır?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan iqtisadçı-ekspert Elşad Məmmədov bildirir ki, avtomobillərin qiymətlərində müşahidə edilən dəyişikliklər benzinin qiymətinin son dəyişiklikləri ilə ciddi şəkildə bağlı deyil. Belə ki, əgər söhbət dizeldən gedirsə, dizellə işləyən avtomobillərin qiymətlərindəki azalma bu seqmentə olan tələbin daralması ilə bağlıdır. Bu da ilk növbədə elektromobillərin payının kəskin şəkildə artması ilə əlaqəlidir.

“O ki qaldı benzinlə işləyən avtomobillərin artımına, bu daha çox istehsal xərclərinin artması ilə bağlıdır ki, bu da öz növbəsində dünyanın enerji xəritəsindəki dəyişikliklərlə bağlıdır. Yəni ilk növbədə Avropa istehsalçıları enerji bazarındakı qeyri-müəyyənliklər və problemlər nəticəsində ciddi çətinliklərlə üzləşir. Onların istehsal xərcləri artır ki, bu da avtomobillərin qiymətlərində öz əksini tapir. Elektromobillərə gəldikdə isə onların payı bazarlarda xeyli dərəcədə genişlənir. Bu da müxtəlif amillərlə bağlıdır. Məlumdur ki, inflyasiya ilə ən effektiv mübarizə məhz innovasiyalardan və dövlət dəstəyindən keçir ki, elektromobillərə çox ciddi dövlət dəstəyi, çox ciddi innovativ tutumlu investisiya dəstəyi var və bu, elektromobillərin qiymətlərinin azalmasına şərait yaradır. Eyni zamanda qiymətlərin azalması ilə yanaşı biz həm də bu seqmentin istehlaklar arasında populyarlığının artmasının şahidi oluruq. Burada tələbin genişlənməsi faktoru öz rolunu oynamaqdadır və tətbiq edilən güzəştlər nəticəsində elektromobillərin istifadəsi daha iqtisadi cəhətdən sərfəli olur ki, bu da sözsüz ki, bazarlardakı paylarının artımına şərait yaradır”, - ekspert sonlandırıb. Digər müsahibimiz, nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirir ki, alternativ yanacaq ilə, ənənəvi yanacağın fərqi ondan ibarətdir ki, alternativ yanacaq tükənməyən yanacaq sisteminə daxildir. Alternativ yanacağın maya dəyəri və resursları ucuz başa gəlir. Bu nöqteyi-nəzərdən Azərbaycanda dizel və benzinlə işləyən nəqliyyat vasitələrinin qiymət baxımından elə də fərqi yoxdur.

Ekspert bu yanacaq növləri ilə işləyən nəqliyyat vasitələrinin qiymətində, həmçinin alqı-satqısında artım müşahidə olunmadığını vurğulayıb. Bu onu göstərir ki, insanlar texnikalarla və xüsusi təyinatı olan nəqliyyat vasitələrinin istismarında maraqlıdır.

Xatırladaq ki, elektrik mühərriki ilə işləyən avtomobillərin 2019-cu il yanvarın 1-dən etibarən ölkə ərazisinə idxalı əlavə dəyər vergisindən azad edilib. 2022-ci il yanvarın 1-dən elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı, satışı, habelə həmin avtomobillər üçün 2-ci və 3-cü səviyyə elektrik enerji doldurucularının və istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib.

İnsanların həyat və sağlamlığının və ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə Nazirlər Kabineti 2023-cü ilin mart ayında qərara alıb ki, zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılıb.

Избранный
140
26
avtosfer.az

10Источники