RU

Ermənistanın qatili kimlərdir?

Rüstəm Qaraxanlı yazır...

Ermənistanın baş naziri Nikol Paşinyanın hər gün bir "məzhəb"ə qulluq etdiyi sirr deyil. Biz də bilirik, ermənilərin özləri də öyrəşiblər. "Qarabağ Ermənistandır və nöqtə" deyən də Paşinyandır, Azərbaycanın ərazi bütövlüyünü tanıyan ilk Ermənistan lideri də. Şuşada yeyib-içib rəqs edib yatan da odur, "axı Şuşada nə var idi, boz şəhər idi" deyən də. 4 ilə yaxındır özünüinkarın hər libasına girib də, çıxıb da. Ötən il sentyabrın 2-də "Artsax"ı "müstəqillik bəyannaməsinin qəbulu"nun ildönümü münasibəti ilə təbrik edən də Paşinyan idi, indi həmin tarixdə ağzına su alıb oturan da...

Bir siyasi xadimin bu qədər antaqonist cildlərə girməsi onun haqqında mütləq şəkildə qeyri-ciddi rəyin yaranmasına səbəb olmalıdır. Paşinyanın özü və ailəsi ilə bağlı paylaşdığı videolar, veloyürüşləri, uğursuz geyim tərzi, bədən dili, ünsiyyət üslubu və s. onun imicinə xüsusi "rəng" qatır. Normal ölkədə belə rəhbər barədə lətifələr gəzməli, lağa qoyulmalı və hakimiyyətdən devrilməlidir. Ancaq Ermənistanda bütün bunlar nəinki baş verir, hətta alçaldıcı məğlubiyyətdən sonra partiyası parlament seçkisində mütləq qələbə də qazanır. Nədir bunun səbəbi?

Əlbəttə, Paşinyanın siyasi imici və dünyaya baxışı bütövlükdə erməni xalqının dünyagörüşündən fərqlənmir. Ancaq burada olduqca vacib amil var - iqtisadiyyat. Ermənistanda baş verən tək siyasi deyil, həm də sosial-iqtisadi vəziyyəti izləyən hər kəs Paşinyan hökumətinin əhalinin rifahına yönəlik, xüsusilə kənd təsərrüfatı sahəsinin inkişafına hesablanmış ciddi addımlar atdığını görə bilər. Ermənistanın bölgələrində və paytaxt Yerevanda abadlıq işləri, yeni məktəblərin tikilməsi və s. bu kimi işlərə hökumət tərəfindən böyük vəsaitlər ayrılır. Kənd təsərrüfatı sferasında çalışanlara subsidiyalar verilir. Paşinyanın regionlara səfərlərinə diqqət yetirdikə, əhali tərəfindən də isti qarşılandığını demək olar. Bəs haradandır bu pullar?

Qeyri-rəsmi mənbələrə görə, bu ilin sonuna Ermənistanın Rusiya ilə ticarət dövriyyəsi az qala iki dəfə artacaq. Hazırda 8 milyard həndəvərində olan rəqəmin 17 milyarda çatması gözlənilir. Nəyin hesabınadır bütün bunlar? Aydındır ki, Ermənistanda Rusiya bazarına yönəlik istehsal və ixracın qısa müddət ərzində belə sıçrayış etməsi mümkün deyil. Nə də Rusiyadakı ermənilərin birdən-birə Ermənistandakı qohumlara pul göndərmələri bu müddətə bu həcmdə artmaz. Məsələn, Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra Ermənistan qadağan edilmiş məhsulların tranziti üçün boz zonaya çevrilmiş ola bilər. Subsidiyalardan tutmuş Fransa və Hindistandan alınan silahlaradək xərclənən pulların mənbəyi budur. Yəni faktiki olaraq Ermənistanın yenidən silahlanması, revanşist qüvvələrin baş qaldırması və ümumiyyətlə, tarix boyu başı daşdan-daşa dəymiş erməni xalqının istisna edilməyən yenidən həvəslənməsi bütün dünyanın gözləri qarşısında baş verir. Regionda siyasi-hərbi durum gərginləşir və hamı da susur...

Bestsellerə çevrilmiş "İqtisadi qatilin etirafı" kitabının müəllifi Con Perkins vaxtilə ABŞ-nin Milli Təhlükəsizlik İdarəsi tərəfindən gizli şəkildə işə cəlb edilib. İqtisadi təxribatlar üzrə ixtisaslaşmış ən qapalı təlimlərdən keçib. Olduqca nüfuzlu transmilli konsaltinq şirkətində yüksək vəzifələr tutub. Bu kimi şəxslərin əsas vəzifəsi dünya dövlətlərinə iqtisadi islahatlar və demokratik dəyişikliklər satmaq olub. Müəllifi olduğu kitab vaxtilə etdiklərindən bir növ peşmançılıq çəkdiyini etiraf edib. Bu, məsələnin sentimental tərəfidir. Əsas maraq doğuran məqam isə həmin peşə sahibləri - iqtisadi qatillərin nə ilə məşğul olmalarıdır.

Təbii ki, onlar silahla işləyən killer deyillər. Başlıca missiyaları üçüncü dünya dövlətlərinin rəhbərləri və hökumət üzvləri ilə yaxınlaşıb, onları maliyyə asılılığı və kredit bataqlığına sövq edən təkliflərə, layihələrə razı salmaqdır. Kreditlər ayrılır, pullar verilir, sonra isə əvəzinə iqtisadiyyatdakı sektorlar, daha çox halda isə siyasi vədlər tələb olunur. Müəllifin yazdığına görə, başlıca hədəf ABŞ-ni dünyanın ən qüdrətli dövlətinə çevirməkdir. Taktiki məqsədlər isə "az inkişaf etmiş dövlətlər"i siyasi və iqtisadi maraqlar üçün asılı vəziyyətə salmaqdır. Perkins indi "peşman" olsa da, İndoneziyada, Ekvadorda, İranda, Panamada bu kimi vəzifələrin öhdəsindən uğurla gəlib. Bəs görəsən, indi Ermənistanın qatilləri kimlərdir?

Ciddi iqtisadi potensialı olmayan Ermənistanın boğazına ipi qadağan olunmuş məhsulların Rusiyaya tranziti vasitəsi ilə salıblar. Necə olur ki, ABŞ və kollektiv Qərb dünyadakı ofşor və çirkli pulların dövriyyəsi ilə mübarizə aparırlar, ancaq gözlərinin qarşısında düşmənlərinə tranzit xidməti göstərən Ermənistana münasibətdə susurlar? Nəyin müqabilində? Gözlənti nədir? Hələlik ən inandırıcı variant Ermənistanda İrana qarşı hərbi plasdarmın yaradılmasıdır. Son günlər ABŞ hərbi kontingentinin artıq bu məqsədlə Ermənistanda konkret fəaliyyətə başlamasına dair xəbərlər səslənməkdədir. Paşinyanın Zəngəzur dəhlizinə dair nala-mıxa vurmasının da, Konstitusiyanı dəyişmək üçün işlərin 2027-ci ilə yekunlaşacağına dair bəyanatlar verməsinin də başlıca səbəbi budur. Paşinyan təsəvvür edildiyi kimi sadəlövh adam deyil...

Избранный
94
2
seher.media

3Источники