RU

Sülh sazişi bu tarixdə imzalanır, dəhliz isə bu şərtlərlə açılır - Detallar

Politoloq Qabil Hüseynli Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanla Ermənistan arasında sülh razılaşması mətninin 80 faizinın razılaşdırıldığı açıqlandı. Yerdə qalan məsələlərin həlli üçün qısa zamanda yekun qərarın verilməsi gözlənilirmi?

- Sülh müqaviləsi çoxdan imzalanmalı idi. Bu prosesə Rusiya başda olmaqla digər böyük dövlətlər maneə oldu. Bir neçə gün öncə Azərbaycanla Ermənistan arasında sərhədlərin dəqiqləşməsi ilə bağlı daha bir sənəd imzalanıb. Bundan sonra sülh müqaviləsinin imzalanması xeyli dərəcədə asanlaşır. Güman var ki, yekun sülh müqaviləsi bu ilin sonlarına yaxın imzalanacaq.

- Sərhədlərin delimitasiya və demarkasiyası prosesi hansı səviyyədədir? Söhbət 1000 km-lik bir sərhəd xəttindən gedirsə, əsas çətinliklər nədən ibarətdir?

- Sülh müqaviləsi bu prosesdən öncə əldə ediləcək. Delimitasiya və demarkasiya prosesi bir qədər çətin gedən işdir. Burada dəqiqləşmələr, relyefin yaratdığı maneəlar var. Ona görə də, sərhəd dəqiqləşməsi uzun vaxt alacaq. Həmçinin burada dəqiqləşmələr aparılarkən mübahisəli məqamlar da nəzərə alınmalıdır. Ola bilsin ki, bu proses bir ildən artıq zaman alsın.

- Delimitasiya prosesində anklav ərazilər məsələsinin də həlli gözlənilirmi?

- Qazax rayonunun anklav olan kəndləri və Naxçıvanın Kərki kəndi Azərbaycana təhvil verilməyib. Bu məsələlər sözsüz ki, delimitasiya və demarkasiya prosesinə aiddir. Amma proses nə qədər ağır və çətin olsa da bu istiqamətdə irəliləyişlər olacaq. Beləliklə, məsələ müsbət sonluqla başa çatacaq.

- Ermənistan konstitusiyasında müəyyən müddəaların dəyişdirilməsi ilə bağlı bu günlərdə parlamentdə müzakirələrin ediləcəyi açıqlandı. Sülh üçün əsas maneə olan bu məsələdən müsbət nəticə gözləmək olarmı?

- Bu əsas şərtdir. Hətta Nikol Paşinyan da etiraf etdi ki, bunları aradan qaldırmadan sülh sazişinin imzalanması xeyli çətinləşər. 2027-ci ilə qədər Ermənistanın yeni konstitusiyasının hazırlanacağı açıqlanmışdı. Çünki Ermənistan qanunvericiliyində qonşu ölkələrə qarşı ərazi iddiaları olmamalıdır.

- Zəngəzur dəhlizi ilə bağlı üçüncü tərəflərin fəallığı daha çox gündəmə gəlir. Rusiya, İran və ABŞ-ın dəhlizlə bağlı əsas istəyi nədir?

- Hazırda Rusiya bu məsələdə bir qədər fəal görünür. İranın sərsəm ideyaları elə Kreml tərəfindən özünə qaytarılır. İran sərhəddindən 35 km aralıda keçən dəhliz bu ölkəni niyə narahat etməlidir? Tehran hansı əsasla başqa bir dövlətin ərazisindən keçən dəhlizi özü üçün qırmızı xətt adlandırır? Bunlar məntiqsiz yanaşmalardır. Sadəcə İrana yeri bildirən olmamışdı. İndi isə Moskva yavaş-yavaş İran rejiminə bu məsəldə yerini göstərir. Yekunda Zəngəzur dəhlizi də maneəsiz olaraq açılacaq.


Müəllif: Tapdıq Qurbanlı
Избранный
236
50
teleqraf.com

10Источники