“Azvirt” MMC öz balansını müsbət hadisələrlə zənginləşdirməyi bacaran şirkətdir. Çünki hər bir işi növbəti uğur hekayəsi kimi yaddaşa düşür. Artıq elə məqam yetişib ki, Avropalı mütəxəssislər Balkanlarda ərsəyə gələn Azərbayacan yol inşaat mühəndislərinin beyin məhsuluna baxıb nəyisə öyrənə bilərlər. Bu çox hamar və göz qarşısında olan əyani bir sübut və mükəmməl məktəbdir desək yanılmarıq.
Sentyabrın 4-dən inşa olunan yol layihələri ilə maraqlanmaq üçün ölkə daxili tura çıxan Serbiya Respublikasının prezidenti Aleksandar Vuçiç daha çox “Azvirt”in inşa etdiyi Şabats-Loznitsa sürət yolunda zaman keçirdi. Çünki gördüyü mənzərəyə necə heyran qaldısa, ilk dediyi fikir də bu oldu: “Həqiqətən də fantastik iş görülüb”.
Serbiyanın dövlət başçısı üçün 54,5 km uzunluğunda olan bu yol vacib layihələrdəndir. Çünki ölkənin bir nöqtəsindən digərinə - Qərbi Serbiya və Serb Respublikası ilə əlaqə, Şabatsdan Belqrada, Loznitsadan Belqrada qədər gediş vaxtı xeyli azalır. Nəticədə Serbiya vətəndaş məmnuniyyəti qazanmış olur. Deməli, serb vətəndaşının maraqlarını, rahatlığını təmin edən Azərbaycan şirkəti olduğu üçün onların bu ölkənin dövlət başçısının rəğbətini qazanması normal haldır. A.Vuçiç mətbuata açıqlama verərkən heyrətini, arzuladığı nəticəni gördüyünü də gizlətmədi: “Azvirt işinin öhdəsindən əla gəlir. Çox sağ olsunlar ki, belə fantastik iş görüblər. İşçilər layihənin hər bir yerində səylə çalışır. Biz bu işi tam maliyyələşdiririk. Mənim son 12 illik təcrübəm onu göstərir ki, Azvirt bizim layihələrdə çalışan ən yaxşı 2 şirkətdən biridir”.
Prezident, yeni yolun istifadəyə veriləcəyi tarixin anonsunu da verdi. O, bildirdi ki, Şabats-Loznitsa bu il dekabrın 15-də açılacaq.
Serbiyada Azərbaycanı layiqincə təmsil edən şirkətin işindən razı qalan prezident A.Vuçiç əziz Dostuna salamını göndərməyi də unutmadı: “Azərbaycandakı bütün dostlarımıza ən xoş arzularımızı, qardaş və dost İlham Əliyevə şəxsi salamlarımı çatdırın”.
Layihə ilə tanışlıq zamanı Serbiya prezidentinin “Azvirt”in işçiləri ilə səmimi münasibəti və söhbəti də yerli mətbuatın diqqətindən yayınmadı. O, Əlinin idarə etdiyi asfalt çəkən maşına əyləşir və “Azvirt”in gənc kadrı Cavidi kamera qarşısına çəkərək sorğu-sual edir. Bu söhbətin serb dilində olması isə daha çox diqqət çəkir. Azərbaycanlı gənc mütəxəssisin asfaltı, öz peşəsini necə sevdiyini eşidəndə isə daha da məmnun qalır.
Qeyd edək ki, bundan öncə Ruma-Şabats-Loznitsa layihəsinin birinci hissəsində 2 açılış baş tutub. 2022-ci ildə Sava çayı üzərində 1,3 km-lik körpü, 2023-cü ildə isə 24,6 km-lik Ruma-Şabats hissəsi. Bu mərasimlərdə də Serbiya prezidenti A.Vuçiç şəxsən özü iştirak edib və “Sava çayı üzərində inşa olunan körpü əsl şah əsərdir” deyərək işin keyfiyyətindən razı qaldığını deyib.
Bu günlərdə - sentyabr ayının 4-də isə “Azvirt” MMC-nin Çindən olan konsorsium tərəfdaşları ilə Bosniya və Hereqovinada birgə ərsəyə gətirdiyi unikal yol tikinti əsəri – Poçitel körpüsü istifadəyə verildi. Açılışda Bosniya və Herseqovinanın Baş naziri Nermin Nikşiç, Xorvatiyanın Baş naziri Andrey Plenkoviç və digər rəsmilər iştirak ediblər. Bu nəhəng körpünün uzunluğu 983,75 metr, hündürlüyü isə demək olar ki, 100 metrdir. Bu yol qurğusu 6 sütun (viaduklar) üzərində dayanır. Körpünün tikintisində maksimum dayanıqlığı və davamlılığı təmin etmək üçün ən müasir materiallardan və texnologiyalardan istifadə olunub. Körpüdə ümumilikdə 38 min kubmetr beton, 9 min ton armatur və 1500 ton qabaqcadan gərginlikli naqillər çəkilib. 21500 kvadratmetr asfalt örtüyü və hidroizolyasiya işləri görülüb.
“Azvirt”in Serbiya və Bosniya və Herseqovina üzrə baş direktoru Murat Türkoğlu bildirib ki, açılışdan sonra Bosniya və Herseqovina regionun ən hündür və ən gözəl körpülərindən birini əldə etdi: “Şirkətimiz üçün bu körpü təkcə infrastruktur layihəsi deyil, həm də Bosniya və Herseqovinanın və bütün regionun tərəqqisinin və əlaqəsinin simvoludur. Ancaq biz burada öz varlığımızı yalnız körpülərin, yolların uğurlu tikintisi ilə görmürük. Biz həmişə uğurlarımızı yerli ictimaiyyətlə bölüşmək istəyirik və buna görə də gənclərin təhsilinə, səhiyyəsinə və mədəniyyətinə sərmayə qoyduğumuz bir çox fəaliyyəti davam etdirəcəyik”.
Qeyd edək ki, Azərbaycan dövlətinin dəstəyi ilə xaricdə fəaliyyət göstərən “AzVirt” şirkəti 2012-2016-cı illərdə Serbiya və Monteneqro arasında 11-ci Dəhlizin Liq-Prelina hissəsinin tikintisini uğurla tamamlayıb. 2023-cü ildə isə Belqrad Dairəvi yolu istifadəyə verilib. Hazırda balkanlarda Bosniya və Herseqovinada konsorsium tərəfdaşları ilə birlikdə Vranduk-Ponirak layihəsinin tikintisi davam etdirilir.
Bundan başqa, “Azvirt” ölkə daxilində ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Yaşma qəsəbəsindən Siyəzən rayonuna qədər olan hissəsinin (60 km) inşasını həyata keçirib.
Eyni zamanda Şirkət Qarabağda aparılan bir çox tikinti işlərinin əsas iştirakçılarından biridir. Füzuli Beynəlxalq Hava Limanı 2021-ci ildə rekord müddətə - cəmi 8 aya inşa olunaraq təhvil verilib. Zəngilan Beynəlxalq Hava Limanı 2022-ci ildə istifadəyə verilməklə Zəngəzur iqtisadi rayonunun ayrılmaz hissəsinə çevrilib. Hazırda isə Şirkət Laçın Beynəlxalq Hava Limanı, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (20 km-lik hissə), Əhmədbəyli-Füzuli-Şuşa (17 km-lik hissə), Kəlbəcər-Laçın (35 km-lik hissə) avtomobil yollarının tikinti işlərini davam etdirməkdədir.