RU

Gürcüstanda hökumətin rəqibləri təzyiqlə üzləşdiklərini deyirlər

Yayımlandı: 10 Sentyabr 2024 12:46 Hədələnən, maşını rənglənən, hücuma məruz qalan var Oktyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı təşviqat kampaniyasının başladığı həftənin sonu Gürcüstan hökumətinin bir neçə rəqibi təhdid və hətta hücuma məruz qaldıqlarını bildiriblər. Bu barədə “OC Media” yazır. Vahid Milli Hərəkatın rəhbərlik etdiyi Birlik koalisiyasının üzvü Zura Zabaxidze jurnalistlərə bildirib ki, şənbə günü iki naməlum şəxs ona yaxınlaşıb və hədələyib. Onun dediyinə görə, kişilər ona evindən kənarda yaxınlaşaraq “aktiv siyasi həyatını” dayandırmasını, əks halda “nəticələrin gecikməyəcəyini” deyiblər. “Rusiya Arzusu” siyasi komandası insanları qorxutmaq və şantaj etmək üçün aqressiv şəkildə bütün tədbirlərdən istifadə edir”, – Zabaxidze hakim “Gürcü Arzusu” Partiyasına istinadən bildirib. Bazar günü “Azadlıq uğrunda” hökumət əleyhinə tələbə qrupunun siyasi fəalı Niko Manaqadze “Facebook”da yazıb ki, onların avtomobili Gürcüstanın qərbində, Anaklia şəhərində bir gecədə vandallığa məruz qalıb. Oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində “Azadlıq naminə” Gürcüstanın bütün regionlarında məlumat vermək üçün toplantılar keçirir. Manaqadzenin dərc etdiyi fotolardan görünür ki, avtomobil mavi boya ilə ləkələnib və üzərinə “Gürcü Arzusu”nun seçki plakatları yapışdırılıb. “Beləcə səhər açıldı – rejim əclafları maşınımızı rənglədi”, – o, “Gürcü Arzusu”nun seçkilərdə uduzacağını vurğulayıb. Bazar günü müxalif Lelo Partiyasının aparıcı üzvü Qriqol Hegelia bildirib ki, o və komandasının üzvləri Gürcüstanın mərkəzindəki Kareli şəhərində kampaniya apararkən hücuma məruz qalıblar. “Onlar bizə hücum etdilər. Əvvəlcə bizi şifahi şəkildə təhqir etdilər, sonra isə bu, fiziki qarşıdurmaya çevrildi”, – Hegelia “Formula”ya bildirib. Onun sözlərinə görə, yerli məmurun arvadı ola biləcəyini güman etdikləri bir qadın onlara yaxınlaşaraq onun ərazisində danışdıqlarını və buna hüquqlarının olmadığını dedikdən sonra hücuma məruz qalıblar. Digər partiya lideri Lana Galdava həmin vaxt iki polis əməkdaşının hadisə yerində olduğunu, lakin müdaxilə etmədiyini deyib. Bazar ertəsi Lelonun da daxil olduğu “Güclü Gürcüstan” siyasi koalisiyası “siyasi motivli zorakılıq” ilə bağlı araşdırma aparmağa çağırıb. Gürcüstanın Baş naziri İrakli Kobaxidze elə həmin gün keçirdiyi mətbuat konfransında deyib ki, o, istənilən zorakılığa qarşıdır və seçki kampaniyası mümkün qədər sakit davam etməlidir. Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib. Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
xural.com

1Источники