RU

USAID Azərbaycanda və Gürcüstanda uğur qazana bilmədi- Ermənistanı sınaq obyektinə çevirdi...

Image

ABŞ hökuməti Ermənistana yardım fondunun məbləğini iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara qaldırıb. Bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistan ofisi bəyan edib. Məlumatda deyilir ki, “İnkişaf Qrantı”na dair sənədin birinci düzəlişi artıq imzalanıb.

Müvafiq sənədi USAID-in Ermənistandakı missiyasının rəhbəri Con Alelo və Ermənistan baş nazirinin müavini Armen Qriqoryan imzalayıb. Yardımın artırılmasında məqsəd Ermənistanda demokratiya və iqtisadiyyatın inkişafına dəstək verməkdir. USAID bunu da bildirib ki, agentlik Ermənistanın, geosiyasi oriyentasiyasının dəyişməsi də daxil, dəyişən ehtiyaclarına uyğun şəkildə İrəvana dəstəyini davam etdirəcək. Xatırladaq  ki, baş nazir Nikol Paşinyan bu ilin aprelində USAID-in rəhbəri Samanta Paueri qəbul etmişdi. Pauer o vaxt bildirmişdi ki, USAID Ermənistana davamlı maliyyə dəstəyi göstərməyə hazırdır.  Bu görüşdən bir neçə gün sonra USAID-in İrəvan ofisi bildirmişdi ki, Vaşinqton İrəvana 33 milyon dollarlıq yardım ayırıb və bu fond genişləndirilməkdə davam edəcək. Hazırda görünən odur ki, ABŞ müxtəlif təşkilatları vasitəsilə Ermənistan üzərində nəzarəti ələ keçirir. ABŞ xüsusi xidmət orqanlarının, müxtəlif lobbi təşkilatlarının maraqlarının ifadəçisi kimi ad çıxaran USAİD üzvlərinin bir çoxunun ABŞ kəşfiyyatının əməkdaşları olduğu sirr deyil. USAİD ABŞ-ın Ermənistanda aktivləşməsi, bu ölkəyə hərbi yardımları artırması fonunda oradakı vətəndaş cəmiyyəti ilə sıx təmaslar qurub. Erməni mediası da etiraf edir ki, ABŞ “yumşaq gücün” köməyi ilə Ermənistanda sürətlə aktivləşir. Səbəb də hər vəchlə Rusiyanın mövqelərini zəiflətməkdir. Erməni mediası xüsusi vurğulayır ki, qeyd olunan QHT-lər USAİD, Soros Fondu tərəfindən idarə olunur, maliyyələşirlər. Hər birinin Ermənistanın daxili siyasi vəziyyətinə təsir etmək imkanı var. Daha irəli gedərək ABŞ-ın təsiri altında olan QHT-lərin cəmiyyətin milli, ənənəvi dəyərlərini dəyişmək iqtidarında olduqları xüsusi qeyd edilir. Onların əsasən gənclərə təsir etməkləri də qabardılır. Hazırda bu proses sürətlə davam edir.

Ümumiyyətlə, həyata keçirilən fəaliyyət sayəsində USAİD və digər belə qurumlarla ABŞ Ermənistanda Rusiya mövqeyini zəiflətməkdə israrlı görünür. Amma bu hal ümumi region üçün də təhdid yaradır. Məsələ burasındadır ki, bu gün Ermənistan Cənubi Qafqazda xaricdəki emissarların yerləşdirilə biləcəyi yeganə yerdir. Burada qeyd edək ki, hələ ötən ilin yazında Gürcüstan rəhbərliyi USAİD-in bu ölkədəki təxribatçı destruktiv fəaliyyəti ilə bağlı bəyanat yayıb. Daha sonra Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti hazırkı hökumətin devrilməsi üçün hazırlıqların sürətlə getdiyini bildirdi. Bildirildi ki, USAİD proqramı çərçivəsində Serbiyanın CANVAS adlı qeyri-hökumət təşkilatının nümayəndələri Gürcüstanda olub, ölkədə mümkün üsyanda həlledici rolu ola bilən vətəndaş fəallarının böyük qrupu üçün treninqlər keçiriblər. Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti də ötən il Tiflisdə dövlət çevrilişi hazırlığını təsdiqləyən təlim materiallarının bir hissəsini dərc edib. Gürcüstan xüsusi xidmət orqanları bildiriblər ki, fəallara hakimiyyətə, kilsəyə və hüquq-mühafizə orqanlarına qarşı çıxmaq üçün təlim keçiblər. Təlim iştirakçılarına piketlərin təşkili, yolların bağlanması, inzibati binaların girişləri qarşısında çadırların qurulması, dövlət qurumlarında gərginlik yaratmaq və sair öyrədilib. Və bu hamısı deyil. Fəallar gözlənilən həbslərə hazırlaşırdılar və onlara müqavimət göstərməyi öyrədirdilər, parlament binasına necə soxulmağı, rabitəni kəsməyi, hakimiyyəti ələ keçirməyi göstərirdilər. Azərbaycanda da bu   təşkilatın ölkənin daxili işlərinə müdaxiləsi halalrına cəhd olunub. Qeyd edək ki, ABŞ və Avropanın bir çox siyasi institutları, maliyyə fondları, hüquq müdafiə təşkilatları Azərbaycanda uzun müddət fəaliyyət göstəriblər. Onların bəziləri fəaliyyətlərini hazırda da davam etdirir. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra USAID, Milli Demokratiya İnstitutu, “Fridrix Nauman”, “Marşall”, IREX və digər bu kimi qurumlar ölkəmizdə fəaliyyət göstəriblər. Onlar aldıqları təlimatlar əsasında ölkədə “5-ci kolon” formalaşdırmaq və ondan siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək missiyasını yerinə yetiriblər. USAID  burada daim ön yerdə qərarlaşıb. Bir daha xatırladaq ki, quruma qatı ermənipərəst Samanta Pauer başçılıq edir.  Qurum Azərbaycanda ictimai-siyasi prosesləri manipulyasiya etmək, dövlətçiliyin əsaslarını zəiflətmək üçün siyasi qüvvələr yaratmağa çalışıb. Müxtəlif qrantlar ayırmaqla USAID Azərbaycan ictimaiyyətini aldatmaq üçün Amerika hökumətinin göstərişlərini yerinə yetirdi. Lakin ölkəmizdə bunların qarşısı səmərəli şəkildə alındı. Indi məlum olur ki, agentliyin Azərbaycan və Gürcüstanda fəaliyyətinə ciddi məhdudiyyətlər qoyulduğu bir vaxtda, sadəcə Ermənistanda görünməmiş səxavət cazibəsi adı altında USAİD-in adından ABŞ üçün əlverişli şərait yaradılır. Bu təşkilatın adının daim sabitliyi pozmaq, qurulmuş nizam-intizamı dağıtmaq məqsədi daşıyan müxtəlif növ qara qüvvələrlə əlaqələndirilməsi artıq Bakıda və Tiflisdə başa düşülür və siyasi hərəkatların parlaq rənglərlə rənglənməsi cəhdlərinin qarşısının alınması üçün səylər göstərilir. ABŞ-ın Gürcüstanda və Azərbaycanda ictimai-siyasi həyat tərzinə öz düzəlişləri etmək cəhdləri uğur qazanmadı. Ermənistan sövdələşmə obyektinə çevrilmək risqi ilə üz-üzədir və təşkilatın “səxavətli” nümayəndələri bunu uğurla həyata keçirirlər.

Nahid SALAYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
25
28
baki-xeber.com

10Источники