RU

32 ildən sonra Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə ilk zəng vurulacaq – FOTO

Sentyabrın 13-də Dövlət İmtahan Mərkəzi (DİM) Xocalı şəhər 1 nömrəli tam orta məktəbin kitabxanasına şagird və müəllimlərin istifadəsi üçün müxtəlif nəşrlərini təqdim edib.

Bizim.Media AzEdu.az-a istinadən xəbər verir ki, nəşrlər sırasına DİM-in Azərbaycan dili, riyaziyyat, ingilis dili, ədəbiyyat, biologiya, tarix, ümumi tarix, fizika, kimya və coğrafiya fənləri üzrə yeni təhsil proqramlarına (kurikulum) uyğun qiymətləndirmə tapşırıqları kitabları, həmçinin fənlər üzrə test topluları, qabiliyyət imtahanları ilə bağlı vəsaitlər, lüğətlər, eləcə də “Abituriyent” jurnalının müxtəlif nömrələri daxildir.

Xocalı şəhər 1 nömrəli tam orta məktəbin direktoru Nəvai Həsənov müsahibəsində bildirib ki, Dövlət İmtahan Mərkəzinin məktəbə hədiyyə etdiyi nəşrlər sayəsində şagirdlər həm yeniliklərlə tanış olacaq, həm də bu vəsaitlər imtahanlara hazırlıq prosesində şagirdlərə dəstək olacaq.

Direktor, həmçinin, deyib ki, “Xocalı şəhər 1 nömrəli tam orta məktəb 132 şagird yerlikdir. Məktəb 2024/2025-ci tədris ili üçün açılışa hazırdır. Xocalıya köçürülmüş 44 ailənin uşaqları burada tədrisə başlayacaqlar. Köçürülən ailələrin sayı artdıqca, məktəbdə şagirdlərin də sayı artacaq.


“Sinif otaqlarımız bütün avadanlıqlarla təmin olunub. Məktəb iki korpusdan ibarətdir. Bir korpus tədrisə aiddir, digər korpus idman zalı, akt zalı və kitabxanadan ibarətdir. Sinif otaqları hamısı tədrisə tam hazırdır. Sentyabrın 16-da Xocalı şəhər 1 nömrəli tam orta məktəbdə tədrisə başlanılacaq. Şagirdlərimiz dərsliklərlə təmin olunublar. 32 ildən sonra ilk dəfə Xocalı şəhər 1 nömrəli məktəbdə ilk zəng vurulacaq. Bu, çox sevindirici haldır”.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi işğaldan azad olunmuş bölgələrdə yerləşən, o cümlədən yeni istifadəyə verilən təhsil müəssisələrində Mərkəzin nəşrlərinin əlçatanlığını təmin etmək məqsədilə öz elmi-metodik vəsaitlərinin məktəblərə təqdim olunması layihəsini davam etdirir.

Qeyd olunan layihə çərçivəsində bu gün digər bölgələrə də DİM-in nəşrləri təqdim ediləcək.

Bu vəsaitlərdən sinif şagirdləri, qəbul imtahanlarına hazırlaşan abituriyentlər, eləcə də müəllimlər faydalana bilərlər. Qeyd edək ki, bu vəsaitlər ümumtəhsil məktəbləri üçün qüvvədə olan fənlər üzrə tədris proqramları və dərsliklər əsasında hazırlanmış DİM-in qəbul proqramlarına tam uyğundur.


“Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” vəsaitlərindən istifadə etməklə məktəblilərin təlim nailiyyətlərinin qiymətləndirilməsi həyata keçirilə, eləcə də həm diaqnostik, həm formativ, həm də summativ qiymətləndirmədə istifadə oluna bilər. Test toplularına isə DİM tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda, habelə “Abituriyent” jurnalının ayrı-ayrı saylarında dərc edilmiş test modelləri daxildir. Bununla yanaşı, tapşırıqların xeyli hissəsi heç bir imtahanda istifadə olunmayan suallardır. Test topluları şagirdlər, abituriyentlər və müəllimlər üçün dəyərli örnəkdir.

Bizim.Media

Избранный
43
8
bizim.media

10Источники