RU

Vurğun Hüseynov “Kəpəz”lə vidalaşdı, karyerasını bitirdi

2024/2025-ci illər mövsümünə çox uğursuz başlamış “Kəpəz”də kapitan Vurğun Hüseynov Gəncə təmsilçisindən ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hüseynovla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Klub xidmətlərinə görə Vurğun Hüseynova təşəkkür edib, gələcək həyatında uğurlar arzulayıb.

Qeyd edək ki, Vurğun futbolçu karyerasını bitirməyə hazırlaşır. O, “Kəpəz”dən ayrıldıqdan sonra özünə yeni iş yeri axtarmaq fikrində deyil. Hüseynov bundan sonra məşqçilik edəcək. Onun yeni iş yeri də məlumdur. 36 yaşlı Hüseynov uzun illər özünün də formasını geyindiyi “Sumqayıt”da çalışacaq. Onun hansı yaş qrupundan ibarət komandada məşqçilik edəcəyi isə hələlik dəqiqləşməyib.

Xatırladaq ki, Vurğun Hüseynov ötən mövsümün əvvəlində, 2023-cü ilin iyul ayında “Sumqayıt”dan azad agent kimi ayrılaraq “Kəpəz”ə keçmişdi. 36 yaşlı müdafiəçi 2023/2024 mövsümündə “Kəpəz”in heyətində cəmi 7 oyuna çıxıb. Bu mövsüm isə o, ümumiyyətlə Gəncə təmsilçisinin heyətində oyun keçirməyib. Bu ilin iyul ayında klub Vurğun Hüseynovla 1 illik yeni müqavilə imzalandığını bəyan etmişdi.

Hüseynov daha öncə “Sumqayıt”, “Turan Tovuz” və “Qəbələ”də də forma geyinib. Təcrübəli oyunçu Sumqayıtın eyniadlı təmsilçisinin heyətində 229 oyuna 3 qol və 4 məhsuldar ötürmə müəllifi olub. Onun “Turan Tovuz” karyerası 31 oyun və 2 qoldan ibarətdir. “Qəbələ”də isə müdafiəçi 26 oyuna çıxıb, 1 qola imza atıb.

Vurğun Azərbaycan milli komandasında da 15 oyun keçirib, 1 qola imza atıb.

Избранный
98
1
arena.az

2Источники