RU

AXCP üzvünün təcridxanada özünə qəsd etdiyi bildirilir

Yayımlandı: 14 Sentyabr 2024 19:43 Mehman Əliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb Şirvan şəhərində polislərlə yerli vətəndaş arasındakı insidenti çəkib, sosial şəbəkələrdə yayandan bir gün sonra narkotik ittihamıyla həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mehman Əliyevin Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında özünə qəsd etdiyi bildirilir. Partiyadan Meydan TV-yə verilən məlumata görə, Mehman Əliyev batareya udub. Onun vəziyyəti ağır olduğuna və batareyanın çıxarılması üçün təcili tibbi müdaxiləyə ehtiyac duyulduğuna görə Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb: “Bizdə olan məlumata görə, hələ batareya çıxarılmayıb”. Məlumatı Mehman Əliyevin atası Aydın Əliyev də təsdiqləyib. O bildirib ki, oğlu cinayət törətmədiyi halda, narkotiklə şərlənərək həbs olunmasına, aylardır həbsdə saxlanmasına etiraz olaraq, canına qəsd edib. Atasının sözlərinə görə, Mehman Əliyev, sadəcə, əmisi oğluna qarşı polislərin elədiklərini telefonla videoya çəkdiyinə, ondan silmək tələb olunsa da, silmədiyinə, əksinə, sosial şəbəkələrdə paylaşdığına görə narkotiklə şərlənərək həbs olunub.Aydın Əliyev deyir ki, oğlu tutulandan sonra işgəncəyə məruz qalıb. Deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb 41 yaşlı Mehman Əliyevin telefonla çəkdiyi və sosial şəbəkələrdə yaydığı görüntülərdə Şirvan sakini Əli İsayev kəsici alətlə özünə xəsarət yetirərək, polislərin onu narkotiklə şərləməyə cəhd etdiyini deyir. Həmin görüntülərdə eyni zamanda, ətrafdakı mülki geyimli şəxslər özünə xəsarət yetirən şəxsi saxlamağa çalışır.Bundan bir gün sonra həm özünə xəsarət yetirən 37 yaşlı Əli İsayev, həm də baş verənləri kənardan telefonla çəkmiş Mehman Əliyev həbs olunub. Onların hər ikisinə qarşı külli miqdarda narkotik ittihamı irəli sürülüb. Mehman Əliyevin həbsindən sonra yayılan səs yazısından da məlum olur ki, hadisədən sonra Şirvan şəhər Polis Şöbəsinin əməkdaşı ondan videonu silməsini istəyib. Sözügedən səs yazısında Bəhruz adlı polis əməkdaşı Mehman Əliyevə zəng edərək, onunla görüşmək istədiyini bildirir. Mehman Əliyev ondan görüşün səbəbi və məqsədi haqda soruşsa da, qarşı tərəf konkret cavab vermir. Bir neçə dəfə israrla soruşandan sonra isə “Telefonundakı ilə bağlı görüşəcəyik, onların hamısını yoxa çıxaracaqsan”,- deyir.Lakin Mehman Əliyev görüşməkdən də, videonu silməkdən də imtina edir. Daxili İşlər Nazirliyi isə Mehman Əliyev və Əli İsayevin narkotiklə şərlənməsi barədə deyilənləri təkzib edir. Nazirliyin mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, Əli isayev Şirvan şəhərində narkotiklərlə əlaqəli cinayətə görə şübhəli bilindiyinə görə polis əməkdaşları onu saxlayanda özünə xəsarət yetirib və gizlənib: “Məsuliyyətdən yayınaraq gizlənən şəxs və onun yanında olan daha bir nəfər tutulub. Daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə saxlanılan həmin şəxslərdən külli miqdarda narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb”. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
xural.com

1Источники