“Araz-Naxçıvan”ın təcrübəli sol cinah müdafiəçisi Ürfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir.
31 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının 6-cı turuna təsadüf edib. Abbasov “Kəpəz”lə ev görüşündə (1:0) əvəzolunmadan meydanda olub.
O, ölkə çempionatları tarixinə 300 və daha çox oyun keçirən 28-ci futbolçu kimi düşüb. Premyer Liqada 2011/2012 mövsümündə debüt edən müdafiəçi 3 klubun formasını geyinib. O, “Qəbələ”də 248, “Səbail”də 47, “Araz-Naxçıvan”da 5 dəfə şans qazanıb.
Qeyd edək ki, 300 matçda 7 qola imza atan Ürfan Qəbələ təmsilçisində 5, paytaxt klubunda 2 dəfə fərqlənib.
Xatırladaq ki, Ürfan Abbasov “Araz-Naxçıvan”a bu ilin yayında “Qəbələ”dən azad agent kimi keçib. 31 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.