Artıq bir neçə gündür ki, dərs ili başlayıb və məktəblər qapılarını şagirdlərin üzünə açıb. Yay tətili günlərində istirahət edən uşaqlar yenidən məktəb həyatına başlayıblar. Məktəbdə dərs yükü uşaqlarımızın səhhətinə necə təsir edir? Bu yükü azaltmaq və tədris üçün əlverişli şərait yaratmaq üçün valideynlər nə edə bilərlər?
Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloqu Minazər Abdullayevaya ilə bu məsələlər ətrafında söhbət etdik.
-Həkim, məktəblərdə dərs ilinə start verilib. Məlum olduğu kimi, məktəblinin yükü artıb və uşaqlar bu yükün öhdəsindən gəlmək üçün gündəlik rejimlərini dəyişməli olublar. Bu, onların səhhətinə necə təsir edir?
-Müasir məktəb uşaqların qarşısında daha çox tələblər qoyur – çoxlu dərslər, ev tapşırıqları, əlavə məşğələlər və sair. Yaxşı bilik və əla qiymətlər üçün bütün bu yarış uşağı əsas şeydən - düzgün yuxu və istirahətdən, son nəticədə sağlamlıqdan məhrum edir. Bütün bunların qarşısını almaq, məktəblinin bunun öhdəsindən gəlməsi üçün valideynlər şərait yaratmalıdırlar.
-Bəs həmin şəraiti necə yaratmaq olar?
-Uşaqlarda dərslərlə bağlı yüklənmələr stress yaradır. Bu stress özünü həyəcan, yorğunluq, hətta depressiv hallarda göstərir. Daim gərginlikdə olmaq uşaq orqanizmini zəiflədir, gələcəkdə onun səhhəti ilə bağlı problemlərə səbəb olur. Baş ağrıları, funksional depressiya, immunitetin aşağı düşməsi və sairləri daimi stressin nəticəsi ola bilər. Ona görə də çalışmaq lazımdır ki, uşaqlar üçün gündəlik iş qrafiki qurulsun. Onu elə qurmaq lazımdır ki, uşaq gün ərzində həm dərsləri ilə məşğul ola, həm də lazımi qədər istirahət edə bilsin. Ev tapşırıqlarını yerinə yetirmək üçün vaxt müəyyən edilməlidir. Yaxşı olar ki, uşaq ev tapşırıqları ilə hər gün eyni vaxtda məşğul olsun. Bu, vərdişə çevriləcək və stressi azaldacaq. Hər fənn üçün vaxt ayrılmalı və qısa fasilələr müəyyən edilməlidir. Məsələn, hər 25 dəqiqə iş və 5 dəqiqə fasilə vaxtı olması məsləhətdir.
Gündəlik iş qrafikinə istirahət və hobbi ilə məşğul olma saatları da salınmalıdır. Hər bir uşaq gəzməli, idmanla məşğul olmalı, oyunlar oynamalı, dostları ilə ünsiyyət qurmalıdır. Bu, həm gərginliyi azaldır, həm də enerji verir.
- Yuxunun uşaqların sağlamlığı üçün əhəmiyyəti nədən ibarətdir?
-Uşaqların məktəb yükünün öhdəsindən gəlməsi üçün mütləq onların yuxu rejimini tənzimləmək lazımdır. Belə ki, yuxu nəinki istirahət, həm də onların inkişafının mühüm hissəsidir. Yuxu çatışmazlığı uşaqların əsəbi olmasına, yaddaş və diqqətlərinin pisləşməsinə, uğur qazanmalarının azalmasına səbəb ola bilər. Mütəxəssislər hesab edirlər ki, məktəbyaşlı uşaqlar gün ərzində 9-10 saat yatmalıdır. Lakin məktəb tapşırıqlarının həddən artıq olmasına görə uşaqlar daha az yatır və bu, onların fiziki və emosional vəziyyətlərinə təsir edir. Uşaq hər gün, hətta şənbə və bazar günlərində eyni vaxtda yatmalıdır. Bu, onun qrafikə tez vərdiş etməsinə kömək edəcək və yuxusunun keyfiyyətini artıracaq.
-Minazər həkim, məktəbyaşlı uşaqlar necə qidalanmalıdır?
-Qidalanma uşağın enerji səviyyəsinə, diqqətinə və əhvali-ruhiyyəsinə birbaşa təsir edir. Hər uşaq üçün səhər yeməyi mütləqdir. Qidalanma zamanı mürəkkəb karbohidratlara (sıyıqlar, buğda çörəyi), zülallara (kəsmik, yumurta) və mövsüm üzrə meyvələrə və tərəvəzlərə üstünlük verilməlidir. Ara yeməklərində uşağa faydalı qidalar – qoz, meyvə, yoqurt təklif olunması çox faydalıdır. Həmin qidalar qanda şəkəri stabil saxlamağa kömək edir.
Axşam yeməyi yuxudan 2-3 saat əvvəl olmalıdır. Yüngül şam yeməyi yuxuya getmə problemlərini aradan qaldırır. Çalışmaq lazımdır ki, axşamlar uşaqlara şirniyyat verilməsin.
-İndi uşaqlar da böyüklər kimi oturaq həyat tərzinə keçib. Həyətlərdə az oynayan, gəzən uşaqlara rast gəlirik. Yəqin ki, belə həyat tərzi onların sağlamlığına da təsirsiz ötüşmür.
-Məktəb yükü və ev tapşırıqları aktiv istirahət və açıq havada gəzintilər üçün vaxtı azaldıb. Bu, orqanizmin ümumi vəziyyətinə təsir edir. Oturaq həyat tərzi artıq çəki almağa, sonralar isə ürək xəstəliklərinə aparan yoldur. Ona görə də bir daha təkrar edirəm: uşaqların gündəlik iş qrafikində gəzintilər və oyunlar üçün də vaxt ayrılmalıdır.
- Valideynlərə daha nə demək istərdiniz?
-Ümumiyyətlə, valideyn övladının dostu olmalıdır. Yaxşı qiymət almayanda, hər hansı bir səhvə görə onu danlamaq yox, daha yaxşı qiymət almaq üçün məsləhətlər vermək, ona dəstək olmaq lazımdır.
Müsahibəni apardı: Dilarə Zamanova,
Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi