RU

Azərbaycan Ordusu antiterror tədbirləri zamanı böyük şücaət göstərib

27 sentyabr 2020-ci il başlanan 44 günlük Vətən müharibəsi nəticəsində Müzəffər Azərbaycan Ordusu 30 il ərzində Ermənistanın işğalı altında olan ərazilərimizi azad etdi. İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq kapituliyasiya aktına imza atmağa məcbur oldu. Şanlı ordumuz 300-dən çox yaşayış məntəqəsini azad etməklə tarixi Zəfərə imza atıb.

2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistan 3 il ərzində öz silahlı qüvvələrini və hərbi texnikasını Azərbaycan ərazisindən çıxarmadı. İkinci Qarabağ müharibəsindən dərhal sonra Azərbaycan haqlı narahatlığını ifadə edərək bununla bağlı dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə müraciət etdi. Qanunsuz erməni silahlı birləşmləri Azərbaycan ərazisində mövcud olduğu dövrdə çoxsaylı təxribat aktları icra etmiş, mina terroru kimi ağır cinayətlərə əl atmışdır.

Laçın sərhəd-buraxılış məntəqəsi qurulanadək Vətən müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və kütləvi şəkildə müxtəlif yerlərdə basdırılıb. Bu müddətdə Azərbaycan dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də, qarşı tərəfi danışıqlardan boyun qaçırıb. Həmçinin, Ermənistan bununla kifayətlənməyərək suveren Azərbaycan ərazilərində silahlı təxribatlarını davam etdirib. 2021-ci ildə Azərbaycan və Ermənistanda sərhəd delimitasiyası üzrə işçi qrupu yaradılsa da, danışıqlar böhran və bölgədə ara-sıra baş verən silahlı toqquşmalarla müşahidə olunub. Nəticədə 2021-ci ilin noyabr ayında sərhəddə birinci silahlı toqquşma baş verib. Müharibədən sonra ən qanlı toqquşma isə 2022-ci ilin sentyabr ayında sərhəddə olub. 2023-cü ilin mart ayında isə Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri Şuşa istiqamətində təxribatlar törədib. Həmin ilin aprel-may aylarında isə şərti dövlət sərhədi istiqamətində Azərbaycan Ordusunun mövqeləri erməni silahlı qüvvələri tərəfindən atəşə tutulub.

Sözsüz ki, separatçıların Qarabağda qeyri-qanuni fəaliyyətinə qarşı Azərbaycan cəmiyyətində də etirazlar mövcud idi. Bu xüsusda bir sıra vətəndaş cəmiyyəti nümayəndələrinin və ekofəalların Laçın-Xankəndi yolunda təşkil olunan etiraz aksiyasını qeyd etmək olar. Çünki Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri Azərbaycan ərazilərindəki faydalı qazıntı yataqlarının qeyri-qanuni şəkildə istismar olunması, bu zaman ekoloji normalara əməl edilməməsi və təbii sərvətlərin Ermənistana daşınması Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdu.

2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin yaradılması olduqca mühüm addım idi: “Bununla da 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazilərində olan qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısı alındı. Çünki Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri hələ də saxlanılırdı. Halbuki, üçtərəfli Bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları 3 il əvvəl tərksilah edilməli idi. İşğala məruz qalan tərəf olsa da, Azərbaycan bu müddətdə Qarabağda baş verən gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin normal davam etməsi və məsələnin ikitərəfli danışıqlar yolu ilə həllini tapması üçün əlindən gələni etdi. Təəssüf ki, Azərbaycanın humanist çağırışlarının əvəzində erməni silahlı qüvvələri sayını artırmaqla, yeni silahlar alıb təxribatlar törətməklə məşğul idi. Vəziyyət o həddə çatmışdı ki, Qarabağda separatçılar müstəqillik iddialarından əl çəkmir, özlərinin oyuncaq “prezident”lərini seçir, qondarma “parlament”ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdi.

Məhz bu təxribatların davamı olaraq 2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi. Qeyri-qanuni erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edilmişdi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həmin gün bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində erməni separatçıları ağ bayraq qaldırmağa məcbur oldu. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq tam atəşkəs haqqında razılaşma əldə olundu və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırıldı.

Antiterror əməliyyatları çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı. Azərbaycan Ordusu antiterror tədbirləri zamanı böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdi. Həmin vaxt Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq  erməni əsilli şəxslərin təhlükəsizliyi, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunub. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərilib.

Dəfələrlə Azərbaycan nümayəndələri ilə görüşdən imtina edən Qarabağın erməni icması bir günlük antiterror tədbirlərindən sonra Yevlax şəhərində görüşməyə məcbur oldu. Görüşdə separatçı rejimin ləğvi, Qarabağda yaşayan erməni sakinlərin reinteqrasiya məsələləri müzakirə edilib. Eyni zamanda, Qarabağın erməni əhalisinə Azərbaycanın təklif etdiyi reinteqrasiya şərtləri ilə tanış olmaq, regionda qalıb-qalmamaq barədə müstəqil qərar vermək imkanları yaradılıb. 2023-cü ilin sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzalayıb. Beləliklə, 24 saatdan az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz yerləşən Ermənistan ordusunun silahlı birləşmələri tam şəkildə tərksilah edilərək ölkəni tərk etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs olundu və ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda Azərbaycanın üçrəngli dövlət bayrağı dalğalandırıldı.

44 günlük Vətən müharibəsində olduğu kimi, antiterror əməliyyatı nəticəsində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi dəstəklədiklərini bəyan etmişlər. 23 siyasi partiya tərəfindən verilən birgə Bəyanatda Azərbaycanın siyasi partiyaları dövlət başçısı İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədikləri, onun ətrafında sıx birləşdikləri qeyd olunub.

Abbas Əliyev,

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
1
8
yeniazerbaycan.com

10Источники