RU

Maaş, pensiya və müavinətlər artacaq: 2 milyard ayrıldı...

2025-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olması nəzərdə tutulur.   Manset.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilib. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,8% çoxdur. Eyni zamanda Azərbaycanın 2025-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azəri layt" (Azeri Light) markalı neftin 1 barrelinin qiyməti 70 ABŞ dolları götürülüb. Bu rəqəm 2024-cü illə müqayisədə 5 ABŞ dolları azdır. Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin artırılmasını nəzərə alsaq, bunun pensiya, maaş və müavinətlərə necə təsir edəcəyi maraqla qarşılanır. İqtisadçı-ekspert Xalid Kərimli Baku.ws-yə açıqlamasında bildirdi ki, yeni büdcənin əsas xüsusiyyətlərindən biri neftin qiyməti ilə bağlıdır və 70 dollar kifayət qədər yüksək rəqəmdir: "Gələn il üçün ümumiyyətlə neftin orta qiymətinin 70 dollardan aşağı olacağı gözlənilir. Büdcə hazırlanarkən neftin qiyməti kritik götürülüb. Büdcə 2024-cü ilin artırılmış büdcəsi ilə təxminən eynidir. Açıqlanan rəqəmlər hələ təsdiq olunmayıb. Növbəti mərhələdə Milli Məclisdə büdcəyə baxılacaq, buna dəyişikliklər və təklif hazırlanacaq. Hazırki rəqəmlərə əsasən, 39 milyard 670 milyonluq büdcənin 63 faizinin (təqribən 25 milyard manat) cari xərclərə ayrılması nəzərdə tutulub. 12,3 milyard manat investisiya xərclərinə, yerdə qalan hissə isə dövlət borcunun ödənilməsi ilə bağlı xərclərə gedəcək. Büdcədə diqqəti cəlb edən məsələ cari xərclərin 25 milyard manata qaldırılmasıdır. Ötən il bu rəqəm 23 milyard təşkil edirdi. Təqribən 2 milyard manatlıq cari xərclərin artımı əsasən əmək haqqı, pensiya, sosial müavinət, sosial ödənişlərin və ünvanlı sosial yardımların artımına yönələcək. Artımlarla bağlı dəqiq rəqəmlər 2025-ci ilin yanvar ayında məlum olacaq. Hesab edirəm ki, minimum əmək haqqında 10-15 faizlik artım olacaq və bu da büdcədən maliyyələşən şəxslərin maaşlarına təsir göstərəcək.

Hazırda inflyasiya 3,5 faiz ətrafındadır. Ünvanlı sosial yardımlar, yaşayış minimumu kimi məsələlər də məhz bu inflyasiya rəqəminə uyğun olaraq müəyyənləşəcək. Təqribən onlarda da inflyasiya rəqəminə uyğun artımlar nəzərdə tutulacaq".

Избранный
112
50
manset.az

10Источники