Azərbaycan qarşıdakı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlaşarkən, əvvəlki COP-ların sazişlərini inkişaf etdirməyə və möhkəm, davamlı bir miras qoymağa çalışır.
Bu prosesin əsas elementi "üçlük" mexanizmi vasitəsilə qurulmuş COP konfranslarına rəhbərlik edən və ya rəhbərlik edəcək hökumətlər arasındakı əməkdaşlıqdır.
Bəs bu sistem necə işləyir?
"Üçlük” COP sədrləri arasında davamlılığın təmin olunması məqsədilə yaradılmış rəhbər strukturdur. O, indiki, əvvəlki və yeni seçilmiş konfrans sədrlərindən ibarətdir və iqlim müzakirələrinin dinamikasını saxlamaq üçün rəhbərlik və dəstək təmin edir. İndiki sədrlik iqlim üzrə müzakirələrə rəhbərlik edir, əvvəlki isə keçmiş təcrübələrə əsaslanaraq məsləhətlər verir. Yeni sədr isə növbəti konfransa hazırlıq görərək, cari prosesdən dərslər çıxarır.
Hazırda "üçlük" BƏƏ, Azərbaycan və Braziliyanı – 2023-2025-ci illərdə tərəflərin konfransına ev sahibliyi edən ölkələri birləşdirir. Bu mexanizm iqlim müzakirələrində ilbəil irəliləyişi təmin etmək üçün yaradılıb və əsas iqlim qərarlarının zamanla icra olunmasını təmin edir.
COP29 Qafqazda keçiriləcək ilk belə tədbir olacaq ki, bu da Azərbaycanın qlobal arenada artan əhəmiyyətini vurğulayır.
Bu, ölkəyə və bölgəyə iqlim problemlərini və onların həll yollarını işıqlandırmaq üçün platforma təqdim edir, xüsusən də unikal coğrafi və iqtisadi kontekstdə. COP29 sədri kimi Azərbaycan "üçlük" üzrə tərəfdaşlarından dəstək alacaq.
BƏƏ-də keçirilən COP28 sammitində qalıq yanacaqlardan imtina çağırışı olan ilk qlobal analizin tamamlanması da daxil olmaqla, əhəmiyyətli nəticələr əldə edilib. Ölkələr 2030-cu ilə qədər qlobal bərpa olunan enerji tutumunu 3 dəfə və enerji səmərəliliyini 2 dəfə artırmağa öhdəlik götürüblər. Zəif ölkələri dəstəkləmək üçün itkilər və zərərlərlə mübarizə fondu yaradılıb, lakin bu hələ də əlavə maliyyələşdirməyə ehtiyac duyur.
Həmçinin, konkret maliyyə dəstəyi olmadan, qlobal uyğunlaşma hədəfinin əsası yaradılıb. Bəzi əsas maliyyə qərarları, məsələn, iqlim dəyişikliyi ilə mübarizə üçün yeni kollektiv kəmiyyət hədəfi (NCQG) COP29-a qədər təxirə salınıb. Bu yeni hədəf köhnəlmiş illik 100 milyard dollarlıq öhdəliyi əvəzləmək və inkişaf edən ölkələrin 2030-cu ilə qədər 5,8-5,9 trilyon dollar olan ehtiyacını təmin etmək məqsədini güdür.
"Üçlük" müxtəlif COP-lar arasında siyasi konsensusu gücləndirməkdə, xüsusən uzun müzakirələri tələb edən iqlim dəyişiklikləri ilə mübarizənin maliyyələşdirilməsi kimi çətin məsələlərdə həlledici rol oynayır. Birgə yanaşmanı dəstəkləyərək, 3 sədr bu maneələri aşmağa və iqlim sahəsində həyati əhəmiyyətə malik öhdəliklərin yerinə yetirilməsinə dəstək əldə etməyə kömək edə bilər.
Azərbaycan üçün COP29 dayanıqlı energetika sahəsindəki səylərini, o cümlədən, hidrogen, günəş və külək enerjisi inkişafını, eləcə də, "yaşıl" enerji layihələrini nümayiş etdirmək üçün bir imkandır. Ölkə Bakı İqlim Maliyyələşdirmə Təşəbbüsü və "yaşıl"iqtisadi zonalar kimi təşəbbüslərə diqqəti cəlb etməyi planlaşdırır, özünü iqlim diplomatiyası sahəsində lider kimi təqdim edir. Sammit Azərbaycanın beynəlxalq iqlim idarəçiliyindəki rolunu artıracaq və regionun qlobal iqlim müzakirələrində əhəmiyyətini yüksəldəcək.
Braziliyada keçiriləcək COP30-dan əvvəl ölkələrin 2025-ci ildə qəbul ediləcək daha sərt Milli İqlim Planlarına sadiq qalmalarına diqqət yetiriləcək. "Üçlük" bu konfranslarda daha da irəliləyişin təmin edilməsində və milli öhdəliklərin Paris Sazişi məqsədləri ilə uyğunlaşdırılmasında, eləcə də, davamlı inkişaf və yoxsulluğun azaldılması səylərinin müzakirəsində mühüm rol oynayacaq.
Növbəti 3 konfransda birgə işləyərək, "üçlük" qlobal iqlim məqsədlərinə nail olmaqda ardıcıl və ambisiyalı irəliləyişin təmin edilməsinə çalışır.