İqlim böhranı və ətraf mühitin qorunması ilə bağlı gənclər arasında maarifləndirmə məqsədilə Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli İnteqrasiya Təlimli İnternat Məktəbində yeni bir layihə həyata keçirilmişdir. Bu təşəbbüs sığınacaqda yaşayan 13-15 yaşlı 34 şagirdə həyati vacib təhsil və bacarıqlar qazandırmağı hədəfləyir. Layihə İsrailin Azərbaycandakı Səfirliyi tərəfindən maliyyələşdirilmiş və "Teach for Azerbaijan" təşkilatı tərəfindən icra edilmişdir. Məqsəd, gəncləri ətraf mühit problemlərini anlamaq və onlarla mübarizə aparmaq üçün praktiki biliklərlə təmin etməkdir. Proqram çərçivəsində dayanıqlılıq üçün məsuliyyət və birlik hissi yaratmaq məqsədilə bir sıra interaktiv və maraqlı fəaliyyətlər təşkil olunmuşdur. Layihə ətraf mühitin mühafizəsinin əsas aspektlərinə, o cümlədən, təkrar emal, enerjiyə qənaət və karbon izlərinin azaldılmasına yönəlmiş dörd seminarla başladı. Ecofront təşkilatının ekologiya üzrə eksperti Ayan Şamçının apardığı bu seminarlar iştirakçıları gündəlik həyatlarında tətbiq edə biləcəkləri praktiki məsləhətlər və biliklərlə təmin etdi. Layihə çərçivəsində 40 şagirdin iştirakı ilə açıq səma altında "25 Litr" adlı ekoloji mövzulu filmin nümayişi də keçirilmişdir. Tədbirin açılışında İsrail Dövlətinin Azərbaycandakı səfiri cənab George Deek çıxış edərək planetimizi qorumaqda sadə, gündəlik vərdişlərin əhəmiyyətini vurğulamışdır. "Biz birlikdə güclüyük" deyə səfir bildirmiş və hər kəsin ətraf mühitin qorunmasında bir rol oynadığı mesajını çatdırmışdır. Proqramın digər əsas komponenti peşəkar bağbanın rəhbərlik etdiyi bağçılıq sessiyası idi. Bu seminar iştirakçılara biomüxtəlifliyin əhəmiyyəti, kompostlama, suyun qorunması və s ilə bağlı bilikləri işıqlandırdı. Görüşlər uşaqlara ətraf mühitin idarə edilməsində dəyərli bacarıqları inkişaf etdirərkən insan və təbiət arasında olan bağı praktiki tərəfdən nümayiş etdirdi. Bundan əlavə, "Nine Senses” incəsənət mərkəzində keçirilən yaradıcı sessiyada uşaqlar təkrar istifadəyə yararlı materiallardan quş yuvaları düzəltdilər. Bu fəaliyyət yaradıcılığı artırmaqla yanaşı, təkrar emalın əhəmiyyətini də vurğulamışdır. Hazırlanmış quş yuvaları ətraf mühit problemləri ilə bağlı maarifləndirməni artırmaq üçün internatda keçiriləcək sənət sərgisində nümayiş etdiriləcəkdir. Proqramın yekun tədbiri Şirvan Milli Parkına ekskursiya olmuşdur. Bu ekskursiya uşaqlara qorunan ərazilərdə ekosistemlərin həssas tarazlığını müşahidə etməyə və bu tarazlığın qorunmasında insanın oynadığı mühüm rolu anlamağa imkan vermişdir. Bu ekskursiya təbii yaşayış mühitlərinin qorunmasının vacibliyini və hər bir şəxsin bu səylərdə iştirakının əhəmiyyətini vurğulamaq məqsədi daşıyırdı. Layihə, sadəcə ətraf mühit maarifçiliyinin toxumlarını səpməklə kifayətlənməmiş, həm də bu bilikləri öyrənməyə və tətbiq etməyə hazır olan gənc düşüncələrdə bir bağ yaratmışdır. Bu uşaqlar, əvvəllər iqlim böhranı ilə mübarizədə öz potensial rollarını bilməsələr də, indi planetin qoruyucuları kimi özlərini görməkdədirlər və öz bilikləri ilə başqalarına ilham verə biləcəklər. Uşaqların müxtəlif təcrübəyə əsaslanan fəaliyyətlərə cəlb edilməsi, onların planetin qorunması üçün konkret addımlar atmasına təkan vermişdir. İsrail Səfirliyi və "Teach for Azerbaijan" bu təşəbbüsün yalnız başlanğıc olduğuna inanır. Əsl təsir, bu uşaqların atacağı kiçik addımlarda, söhbətlərdə yaratdıqları qığılcımda və müsbət təsir edəcəyi insanlarda olacaq. Çünki sonda dəyişiklik bir addımla, bəlkə də bir toxumun əkilməsi ilə başlayır. Bu layihənin həyata keçirilməsində bizə dəstək olan İsrailin Azərbaycandakı Səfirliyi, Bakı Şəhəri Təhsil İdarəsi və 11 nömrəli Inteqrasiya Təlimli İnternat Məktəbinin rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk. İncəsənət sessiyası üçün məkan təmin etdiklərinə görə "Nine Senses" incəsənət mərkəzinə; Şirvan Milli Parkına səfərdə dəyərli məlumatları bölüşdüyünə görə Birdwatching Azerbaijan komandasına, tədbirləri könüllü şəkildə sənədləşdirdikləri üçün istedadlı fotoqraflar Aziz Kərimov və Ali Rzaya; töhfələrinə görə Şahin Qurbanova və Gülsüm Məmmədovaya xüsusi təşəkkür edirik. Peşəkar xidmətləri və endirimləri üçün Boho Catering xidmətinə və açıq havada film nümayişi üçün Cozy komandasına təşəkkürümüzü bildiririk. Və ən əsası - layihədə iştirak edən gözəl şagirdlərimizə minnətdarlığımızı bildiririk. Layihə ilə bağlı əlavə məlumat üçün: Fidan Abdullayeva: [email protected]https://teachforazerbaijan.org/https://www.linkedin.com/company/teach-for-azerbaijan/