RU

Azərbaycanda ilk dəfə Startaplar üzrə Dünya Çempionatı keçirilib

Sentyabrın 19-da Azərbaycanda ilk dəfə olaraq “Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun təşkilatçılığı ilə ADA Universitetində Startaplar üzrə Dünya Çempionatının regional mərhələsi təşkil olunub.

“Report” xəbər verir ki, qlobal arenada ən nüfuzlu startap yarışmalarından biri hesab olunan bu çempionat investorları, şirkət rəhbərlərini, startup təsisçilərini və bir sıra dövlət rəsmilərini bir araya gətirərək Azərbaycanda startap və investisiya ekosisteminin inkişafına töhfə vermək baxımından böyük əhəmiyyət daşıyır.

“Technovate İnvestments” şirkəti və “Mələk İnvestorlar Klubu”nun təsisçisi Fərid İsmayılzadə bu tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycanda startap ekosisteminin inkişafında böyük rola sahib olacağını və bu sahələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

Tədbirin təşkilatçısı olan “Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun icraçı direktoru Alya Abbaszadə son 1 il ərzində Klubun gördüyü işlər, əldə olunmuş uğurlar və gələcək hədəflərlə bağlı bir sıra məlumatları tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirə ev sahibliyi edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də tədbirdə çıxış edərək ölkədə startapların inkişafında universitetlərin rolunu vurğulayıb.

Daha sonra Startaplar üzrə Dünya Çepionatının səfiri Federiko Altepost sözügedən qlobal yarışmada ilk dəfə olaraq Azərbaycanın da iştirakını yüksək qiymətləndirib və ABŞ-də keçiriləcək final mərhələdə ilk dəfə Azərbaycan startapının iştirakını görməkdən məmnunluğunu ifadə edib.

Tədbirin qonaqları arasında yer alan ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi də bu tədbirin Azərbaycanda qlobal ideyalı startapların sayının artmasında, eləcə də yerli startapların qlobal təcrübələrdən öyrənilməsində böyük rola sahib olduğunu vurğulayıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva son dövrlərdə startap, investisiya və innovasiya sahələrində atılan addımlar, istər ölkə, istərsə də regional və qlobal səviyyədə əldə edilmiş uğurlar barəsində vacib məqamlara toxunub və bu kimi tədbirin ölkədə keçirilməsinin görülən işlərin daha da sürətləndirdiyini qeyd edib.

Çıxış edənlər arasında iqtisadiyyat nazirinin müavini Anar Axundov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov da yer alıb. Onlar da bu tədbirin keçirilməsinin ölkənin nəinki startap və investisiya, həmçinin digər sahələrin də inkişafında böyük rola sahib olduğunu vurğulayıblar.

Daha sonra yarışmada iştirak etmək üçün qeydiyyatdan keçmiş 100-ə yaxın startap arasından seçilən 5 startap öz biznes ideyalarını auditoriya qarşısında təqdim edib və 7 nəfərlik münsif tərəfindən qiymətləndirilib. Startapların çıxışlarını qiymətləndirəcək münsiflər arasında həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış investorlar və ekspertlər yer alıb. Münsiflər tərəfindən qalib olaraq müəyyən olunan startap elan edilib.

Qalib komanda oktyabrın 4-də ABŞ-də keçiriləcək final mərhələdə öz startap ideyası ilə Azərbaycanı təmsil edəcək. Tədbirdə dövlət rəsmiləri, mələk investorlar, startup komandaları, şirkət direktorları, tələbələr və digər qonaqlar daxil olmaqla ümumilikdə 500-dən çox qonaq iştirak edib.

Qeyd edək ki, Startaplar üzrə Dünya Çempionatı dünyanın ən qabaqcıl startup yarışmalarından biri olub hər il dünyanın müxtəlif yerlərində təşkil olunan regional mərhələlərin qaliblərini ABŞ-ın San-Fransisko şəhərində 1 milyon ABŞ dolları dəyərində mükafatı qazanmaları üçün bir araya gətirir. Yarışmanın məqsədi innovativ sahibkarları aşkar etmək, onları qlobal investorlarla bir araya gətirmək və öz bizneslərini dünya səviyyəsində inkişaf etdirməkdir.

Избранный
25
3
far.az

4Источники