RU

Azərbaycanda ilk dəfə startaplar üzrə dünya çempionatının regional mərhələsi keçirilib

Bakı, 19 sentyabr, AZƏRTAC

Startaplar üzrə dünya çempionatının regional mərhələsi ilk dəfə ölkəmizdə “Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun təşkilatçılığı ilə ADA Universitetində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, qlobal arenada ən nüfuzlu startup yarışmalarından biri hesab olunan tədbir investorları, şirkət rəhbərlərini, startup təsisçilərini, bir sıra dövlət rəsmilərini bir araya gətirərək Azərbaycanda startap və investisiya ekosisteminin inkişafına töhfə vermək baxımından böyük əhəmiyyət daşıyır.

“Technovate İnvestments” şirkəti və “Mələk İnvestorlar Klubu”nun təsisçisi Fərid İsmayılzadə açılış nitqi ilə çıxış edərək bu tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycanda startap ekosisteminin inkişafında böyük rola sahib olacağını və bu sahələrin inkişafına töhfə verəcəyini vurğulayıb.

O, qeyd edib ki, startapların dünya çempionatı qlobal tədbir olmaqla hər il ABŞ-ın San-Fransisko şəhərində keçirilir: “Təxminən 70 ölkənin qalibi orda bir-biri ilə yarışır. Startap tədbirdə qalib gəldiyi halda 1 milyon dollar əldə edir. Biz Azərbaycanda ilk dəfə bu tədbiri təşkil edirik. Sözügedən tədbir qonşu Gürcüstanda artıq iki dəfə keçirilib. Qalib startap oktyabrın 4-də San-Fransiskoya yollanacaq”,

Tədbirin təşkilatçısı olan “Technovate-SABAH Mələk İnvestorlar Klubu”nun icraçı direktoru Alya Abbaszadə son 1 il ərzində klubun gördüyü işlər, əldə olunmuş uğurlar və gələcək hədəflərlə bağlı bir sıra məlumatları tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirə ev sahibliyi edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə də tədbirdə çıxış edərək ölkədə startapların inkişafında universitetlərin rolunu vurğulayıb. Daha sonra Startaplar üzrə Dünya Çempionatının səfiri Federiko Altepost çıxış edərək sözügedən qlobal yarışmada ilk dəfə olaraq Azərbaycanın da iştirakını yüksək qiymətləndirib və ABŞ-də keçiriləcək final mərhələsində ilk dəfə olaraq Azərbaycan startapının iştirakını görməkdən məmnunluğunu ifadə edib. Tədbirin qonaqları arasında yer alan ABŞ-nın Azərbaycandakı səfiri Mark Libby də çıxış edərək bu tədbirin Azərbaycanda qlobal ideyalı startapların sayının artmasında, eləcə də yerli startapların qlobal təcrübələrdən öyrənilməsində böyük rola sahib olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva son dövrlərdə startap, investisiya, innovasiya sahələrində atılan addımların istər ölkə, istərsə də regional, qlobal səviyyədə əldə edilmiş uğurlar barəsində vacib məqamlarına toxunub və bu kimi tədbirin ölkədə keçirilməsinin görülən işləri daha da sürətləndirdiyini qeyd edib.

Tədbirdə çıxış edənlər arasında iqtisadiyyat nazirinin müavini Anar Axundov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov da yer alıb. Onlar da öz çıxışlarında bu tədbirin keçirilməsinin ölkənin nəinki startap və investisiya, həmçinin digər sahələrinin də inkişafında böyük rola sahib olduğunu vurğulayıblar.

Daha sonra yarışmada iştirak etmək üçün qeydiyyatdan keçmiş 100-ə yaxın startap arasından seçilən 5 startup öz biznes ideyalarını auditoriya qarşısında təqdim edib və 7 nəfərlik münsiflər heyəti tərəfindən qiymətləndirilib. Startapların çıxışlarını qiymətləndirəcək münsiflər heyəti arasında həm yerli, həm də beynəlxalq səviyyədə tanınmış investorlar və ekspertlər yer alıb. Münsiflər heyəti tərəfindən qalib müəyyən olunmuş startap elan edilib və daha sonra bütün yarışma iştirakçıları ilə xatirə şəkli çəkilib.

Qeyd edək ki, qalib komanda oktyabrin 4-də ABŞ-də keçiriləcək final mərhələdə öz startap ideyası ilə Azərbaycanı təmsil edəcək.

Tədbirdə dövlət rəsmiləri, mələk investorlar, startup komandaları, şirkət direktorları, tələbələr və digər qonaqlar daxil olmaqla ümumilikdə 500-dən çox qonaq iştirak edib.

Bu innovativ tədbirin həyata keçirilməsində partnyorlar İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Sabah.hub”, ADA Universiteti, “Next Step İnnovation Center”, “The Law Office of Vugar Jafarov”, eləcə də sponsorlar “Azercell”, “ABB Bank”, “PASHA Holding”, “Visa”, “GoldenPay”, “PASHA Həyat”, “Bestcomp Group”, “PASHA Travel” və “Holberton School Azerbaijan” önəmli rol oynayıblar.

Qeyd edək ki, startaplar üzrə dünya çempionatı dünyanın ən qabaqcıl startup yarışmalarından biri olub hər il dünyanın müxtəlif yerlərində təşkil olunan regional mərhələlərin qaliblərini ABŞ-ın San-Fransisko şəhərində qalib gələrək 1 milyon dollar dəyərində mükafatı qazanmaları üçün bir araya gətirir. Yarışmanın məqsədi innovativ sahibkarları aşkar etmək, onları qlobal investorlarla bir araya gətirmək və öz bizneslərini dünya səviyyəsində inkişaf etdirməkdir.

Избранный
25
3
azertag.az

4Источники