RU

Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib

Moskva, 20 sentyabr, AZƏRTAC

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəyə Kiyev, Moskva və bütün Rusiya mitropoliti müqəddəs Aleksiy ordenini təqdim edib.

AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimi Patriarx Kirilin Moskva iqamətgahında baş tutub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri dinlərarası dialoqun inkişafında, cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasında xidmətlərinə görə və 75 illik yubileyi ilə əlaqədar yüksək mükafata layiq görülüb.

Patriarx Kirill qeyd edib ki, dünyada münaqişələrin baş verdiyi bir vaxtda Azərbaycan və Rusiya xalqları arasında belə təhlükələr olmayıb. “Mən qardaşım Allahşükür Paşazadəni ürəkdən salamlayıram və böyük sevinc hissi ilə Sizi Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif etdim. Siz postsovet məkanında görkəmli din xadimisiniz. Siz həmişə bizim kilsənin nümayəndələri və şəxsən mənimlə açıq ürək və xoş hisslərlə dialoq aparmısınız. Bu dialoqlar kontekstində yaradılmış gözəl atmosfer gündəmdə duran bütün məsələlər üzrə razılığa gəlməyə kömək edir. Dünyada müxtəlif, o cümlədən dinlərarası münaqişələrin baş verdiyi bir vaxtda xalqlarımız arasında hadisələrin belə inkişaf etməsi təhlükəsi yoxdur. Bu, əsasən dini liderlərin mövqeyi ilə təmin edilir. Mən hesab edirəm ki, Qafqaz müsəlmanları ilə, ilk növbədə sizinlə və sizin şəxsinizdə Qafqazın bütün İslam ümməti ilə yaxşı münasibətlər sülhün və mehriban qonşuluğun qorunub saxlanılmasında mühüm amildir. Siz bizim münasibətlərimizin mahiyyətini dərk edən və sizin iştirakınızla əldə olunmuş əlaqələrimizin səviyyəsini yüksək qiymətləndirən dini lidersiniz”, - deyə Patriarx bildirib.

Şeyxülislam öz növbəsində yüksək mükafata görə Patriarx Kirillə təşəkkür edib və onu Azərbaycan xalqının dostu adlandırıb. O, Ermənistan - Azərbaycan münaqişəsi zamanı Rus Pravoslav Kilsəsinin rəhbərinin həmişə ədalətin və həqiqətin tərəfində olduğunu vurğulayıb.

A.Paşazadə Patriarx Kirillə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın adından xoş sözlər və salamlar çatdırıb. “Mən bugünkü mükafatı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin bariz göstəricisi kimi qiymətləndirirəm. Dua edirəm ki, ölkələrimiz – Azərbaycan və Rusiya arasında qardaşlıq və dostluq münasibətləri, dövlətlərimizin rəhbərliyi arasında etibarlı münasibətlər bundan sonra da inkişaf etsin”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib.

QMİ rəhbəri Rus Pravoslav Kilsəsinə Qarabağ xalçası hədiyyə edib. Mərasimdə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər iştirak ediblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Избранный
28
10
azertag.az

10Источники