Azərbaycanın regionla bağlı əsas prioritetlərindən biri Zəngəzur dəhlizinin açılmasıdır. Çünki perspektivdə Zəngəzur dəhlizinin açılması regional əməkdaşlıq mühitinin təmin olunması baxımından mühüm rol oynayır. Bu, nəinki regional, həm də qlobal əhəmiyyətli layihədir. Təsadüfi deyil ki, bir çox geosiyasi aktorlar da Zəngəzur dəhlizinin açılmasını dəstəkləyirlər. Bölgə ölkələrindən isə Türkiyə və Rusiyanın da bu məsələdə mövqeləri Azərbaycanla eynidir. Həm rəsmi Ankara, həm də Moskva başa düşür ki, Zəngəzur dəhlizinin açılması region üçün nəinki iqtisadi, həm də siyasi dividendlər vəd edir. Bu, həm də regional təhlükəsizlik üçün mühüm amildir. İran isə Zəngəzur dəhlizinin açılmasını özünün “qırmızı xətti” olaraq görməkdə və bu məsələyə qarşı çıxmaqda davam edir. Bəlkə də, bunun səbəbi odur ki, İran kommunikasiya xətlərinin məhz öz ərazisindən keçməsini istəyir. Hələ ki, Ermənistanın mövqeyi dəyişməzdir. Rəsmi İrəvan Zəngəzur dəhlizinin açılmasını istəmir və bunu öz təhlükəsizliyinə təhdid kimi görür. Qeyd etmək lazımdır ki, Ermənistanın ritorikasında İranın da müəyyən rolu var. Əgər perspektivdə Tehran yanaşmasını dəyişərsə, bu, İrəvan üçün psixoloji təzyiq vasitəsi olacaq və o, təklənəcək. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu günlərdə demişdi ki, rəsmi Moskva bu məsələ ilə bağlı Tehrana bütün lazımi izahatı verib: "Biz tərəfdaşlarımızla təmasdayıq və bu, daimi təmasdır. Dəhlizlə bağlı bütün izahatları vermişik. Təqdim etdiyimiz arqumentlər Tehranda dinlənilib və qəbul edilib". Onun sözlərinə görə, bu məsələ Moskva ilə Tehran arasında genişlənən strateji tərəfdaşlığa nifaq salmaq üçün istənilən, hətta ən gülünc fürsətdən istifadə edən müəyyən dairələri ilhamlandırıb: "Bu cür təxribatların arxasında duranlar bunu Qərbin maraqları naminə, işarə gələndən sonra edir". Zəngəzur dəhlizinin Rusiya ilə İranı qarşı-qarşıya qoyması Türkiyə mediasında geniş müzakirə olunur. Əslində, indiki mürəkkəb geosiyasi məqamda Rusiya və İran bir-biri üçün vacib partnyorlardır. Amma ehtimal etmək olar ki, əgər Zəngəzur dəhlizi ilə bağlı tərəflər arasında fikir ayrılığı davam edərsə, bu, öz növbəsində ikitərəfli münasibətlərə də təsir edəcək. Görünən odur ki, Zəngəzur dəhlizi həm Rusiya, həm də İran üçün strateji əhəmiyyətli məsələdir. Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, avqustun 6-da Şoyqunun Tehran səfəri xüsusilə İran-İsrail qarşıdurması fonunda diqqət çəkirdi. Lakin onun Tehrandan Bakıya uçması diqqəti Cənubi Qafqaza - Zəngəzur dəhlizinə yönəltdi. Ardınca, avqustun 18-də Putinin Bakı səfərində bütün kartlar açıldı. Ekspertin sözlərinə görə, Zəngəzur dəhlizi ətrafında intriqalar kəskinləşib: "Dəhlizə görə Moskvaya “hücuma” keçən İran Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianı Rusiyaya göndərdi. Məqsəd Tehranın “qırmızı xətlərini” izah etmək və Rusiyanın geri çəkilməsinə nail olmaq idi. Hərçənd bu səfərdən sonra hər iki paytaxtda verilən bəyanatlar uzlaşmanın olmadığı ehtimalını gücləndirdi. Əhmədianın səfərindən bir neçə gün sonra Şoyqunun Tehrana gedişi bu prosesdə əsas diqqətçəkən məqamdır və Rusiyanın İrana təkliflər paketi hazırladığı fikrini önə çıxarır. Əks təqdirdə, Rusiyanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi Əhmədiana təqdim edildikdən sonra Şoyqunun Tehrana uçmasına zərurət olmazdı". Analitik vurğulayıb ki, Rusiyanın İrana təqdim edə biləcəyi iki mümkün təklif ola bilər: "Dəhlizin Tehranın maraqlarına zidd olmadığı ətraflı şəkildə izah olunur. İran marşrutunun da alternativ yol kimi istifadə edilməsinin detalları təqdim edilir, yəni uzlaşma təklifi irəli sürülür. İranın da Zəngəzur dəhlizində təhlükəsizliyin təmin edilməsi, yaxud başqa formada iştirakına dair təkliflər ola bilər. Bu ehtimal daha zəifdir. Çünki Rusiyanın hazırda İranla əməkdaşlığa ehtiyacı olsa da, bölgədə mövqelərini paylaşmaqda maraqlı deyil. Eyni zamanda Tehranın hansısa formada iştirakı Ankaranın da iştirakına zəmin yaradacaq. Rusiya daha çox İranla uzlaşmaq və dəhlizin məhz özünün iştirakı ilə açılmasına nail olmaq istəyir. Şoyqunun uzlaşma ilə Moskvaya qayıtdığını demək o qədər də asan deyil. İran mediasının təbliğatı da bunu “bağırır”. Maraqlıdır ki, tərəflər Şoyqunun səfəri ilə bağlı məlumatı öz ictimai rəyinə hesablanmış formada təqdim edir. İran mediası “Moskva Tehranın mövqeyini dəstəklədi” formasında yazır. Rusiya mediası əksinə, “Tehran Moskvanın siyasəti ilə razılaşdı formasında göstərir. Bu “təqdimat” da Moskva-Tehran xəttində Zəngəzur dəhlizi ilə bağlı uzlaşmanın olmadığı versiyasını gücləndirir".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта