RU

Astanada “Türkiyə Respublikasının 100 illiyindən Türk dünyasının gələcəyinə doğru” mövzusunda beynəlxalq konfrans keçirilib

Astanadakı Beynəlxalq Türk Akademiyası (BTA) və L.Qumilyov adına Avrasiya Milli Universiteti (AMU)  Türkiyənin Qazaxıstandakı səfirliyi ilə birgə “Türkiyə Respublikasının 100 illiyindən Türk dünyasının gələcəyinə doğru” mövzusunda beynəlxalq konfrans keçirib. 
     Tədbirdə BTA-nın prezidenti, akademik Şahin Mustafayev, Türkiyənin Qazaxıstandakı səfiri Mustafa Kapucu, Astanadakı diplomatik missiyanın əməkdaşları, türkoloq alimlər, AMU-nun professor-müəllim heyəti, ölkənin elmi dairələrinin nümayəndələri iştirak edib. 
     AMU-nun prorektoru Janna Kurmanqaliyeva, Qazaxıstan Xarici İşlər Nazirliyinin xüsusi işlər üzrə səfiri Ontalap Onarbekulı,Türkiyə Tarix Cəmiyyətinin fəxri üzvü, professor İlber Ortaylı və Astanadakı Nazarbayev Universitetinin kafedra müdiri Yulay Şamiloğlu “Türkiyənin 100 illiyindən Türk dünyasının gələcəyinə doğru” mövzusu ilə bağlı fikirlərini bölüşüblər. 
     Şahin Mustafayev bildirib ki, Türkiyə Respubliksının 100 illiyi mühüm tarixi hadisədir və türk dövlətləri ilə əməkdaşlıq çərçivəsində qardaşlıq əlaqələrini möhkəmləndirmək bu dövlətlər üçün böyük imkanlar açır. 
     M.Kapucu qeyd edib ki, bu il noyabrın 23-də Astanada keçirilən Türk Dövlətləri Təşkilatının Х yubiley Zirvə görüşü əməkdaşlığın yeni mərhələsində dönüş nöqtəsi olub. 
     Ontalap Onarbekulı bildirib ki, Türkiyənin uğurları bütün türk dünyasının qürur mənbəyidir.
     Görüş çərçivəsində tanınmış türk tarixçisi Afet İnanın “Atatürkü xatırlayanda” kitabının təqdimat mərasimi də keçirilib.  
     Sonra professor İlber Ortaylının türk tarixinin öyrənilməsi ilə bağlı mühazirəsi dinlənilib. 
     Konfransın sonunda İlber Ortaylıya türk dünyası arasında əməkdaşlığın dərinləşdirilməsi sahəsindəki xidmətlərinə görə Türk Akademiyasının xüsusi medalı və AMU-nun fəxri professoru adı verilib. 
Qulu Kəngərli
XQ-nin xüsusi müxbiri
Astana

Избранный
159
xalqqazeti.az

1Источники