RU

Heydər Əliyev Fondu: xeyirxahlıq və humanistlik rəmzi TƏHLİL

Yaranmış reallıqlar dövrün tələbinə uyğun olaraq qarşıya yeni hədəflər qoyub. Azərbaycan artıq dünyaya öz sözünü deyən, qalib dövlət kimi səs salıb. Özünü təsdiq etmiş, gələcək inkişaf imkanlarına malik güclü dövlət olduğunu sübut edib. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə yaradılmış Heydər Əliyev Fondu da ölkəmizin inkişafına öz töhfələrini verir. Fəaliyyətə başladığı zamandan bu günə qədər həyata keçirdiyi layihələrin, tədbirlərin hər biri Azərbaycanın tərəqqisi və xalqın rifahının yaxşılaşmasına xidmət edir. Genişmiqyaslı proqram və layihələri elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji və s. sahələri əhatə edir. İnsanların yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım etmək, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi töhfələrini verən Heydər Əliyev Fondunun demək olar ki, bütün sahələrdə rellaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edib. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın hər bir layihəsi Azərbaycanın işıqlı sabahına əvəzsiz töhfədir. Yarandığı zamandan bu günə qədər zəngin, genişmiqyaslı layihələri ilə diqqəti cəlb edib. Reallaşdırdığı layihələrin hər birində cəmiyyətdə bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, Azərbaycan xalqının mədəni ənənələri və mədəniyyətininin inkişafı və təbliği, insanların sağlamlığı diqqətdə saxlanılıb. Bu layihələr nəcib və xeyirxah əməllərdən yaranıb.

ƏHMƏDLİ QƏSƏBƏ MƏSCİDİNİN ÖZÜNƏMƏXSUS MEMARLIĞI

Xatırladaq ki, Heydər Əliyev Fondunun tarixi, mədəni və dini irsin qorunmasına xidmət edən layihələri Azərbaycanın sərhədləri ilə məhdudlaşmır. Avropada Versal Sarayının memarlıq abidələrinin, kafedral kilsənin vitrajlarının bərpası Azərbaycanda tolerantlığın, dözümlülüyün, dünya mədəniyyətinin rəngarəngliyinə hörmətin qədim və möhkəm kökləri olduğunu özündə bir daha ehtiva edir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyeva Roma şəhərinin ətrafında yerləşən 60-a yaxın katakombaların bərpasında əhəmiyyətli işlərə imza atmışdır. Müqəddəs Marçellinio və Pietro katakombaları xristian aləmi üçün ən mühüm və ən maraqlı abidələrdən biridir və bu addım dinlər və mədəniyyətlərarası dialoqun daha bir parlaq nümunəsi olaraq tarixə yazıldı.

Heydər Əliyev Fondu ölkə daxili dini abidələrin bərpa və təmirinə böyük önəm verir. Görülən işlərin davamı olaraq, Əhmədli qəsəbəsindəki 120 yaşlı məscid əsaslı təmirdən sonra istifadəyə verilib. 1904-cü ildə inşa olunmuş məsciddə təmir və bərpa işləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri sentyabrın 23-də Əhmədli qəsəbə məscidində olublar.

Qəsəbə sakinlərinin müraciətinə dərhal reaksiya verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə məscidin fasadında və ətrafında təmir-bərpa işləri aparılıb. Burada kişi və qadınlar üçün nəzərdə tutulmuş ibadət yerləri, dəstəmaz otaqları, mərasim evi əsaslı təmir olunub, məscidin ətrafı abadlaşdırılıb. Eyni zamanda, Əhmədli qəsəbəsinin əsas girişində və qəsəbənin bir sıra mərkəzi küçələrində tarixi görkəm qorunmaqla abadlaşdırma işləri görülüb, qənbər daşları düzülüb, yaşıllıq zolaqları salınıb. Təmir olunan küçələrdə yeni kanalizasiya xətləri də çəkilib. Bir sıra fərdi evin dam örtüyü, darvazaları dəyişdirilib.

Qəsəbədə yerləşən abidə kompleksi və ətrafındakı park yenidən qurulub, yaşıllıq sahələri salınıb. Görülmüş işlərdə qəsəbənin özünəməxsus memarlığı qorunub saxlanılıb.

Bu gün ölkəmizdə 2200-dən artıq məscid mövcuddur, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyətdədir. Əlbəttə ki, bu böyük göstəricidir. Öz dini müxtəlifliyi ilə fəxr edən Azərbaycan dünyanın ən qədim xristian dövlətlərindən birinin yerləşdiyi məkan olub və xristian icması əsrlər boyunca Azərbaycan tarixinin formalaşmasında iştirak edib. Bu gün ölkəmizdə bütün millətlərin və dinlərin nümayəndələri tam qarşılıqlı anlaşma, milli həmrəylik şəraitində yaşamaları üçün bütün şərait yaradılıb. Sosial bir hadisə olan multikulturalizm və tolerantlıq cəmiyyətdə əmin-amanlıq, bəşəriyyətdə isə sülh deməkdir.

DİNİ ZİYARƏTGAHLARIMIZA YENİ HƏYAT

Bəli, dini ocaqlara olan münasibət Azərbaycanın bugünkü həqiqətlərinin təzahürüdür. Azərbaycanın, eləcə də, ümumdünya mədəni irsinin qorunmasına böyük töhfələr verən Heydər Əliyev Fondunun layihələri sırasında "Azərbaycan - tolerantlığın ünvanı" layihəsi çərçivəsində həm müsəlman məscidləri, həm də xristian kilsəsi bərpa edilib. Cənab İlham Əliyevin bildirdiyi kimi, bu gün müstəqil Azərbaycan istənilən məsələ ilə bağlı fəxr edə bilər: "Həm siyasi, həm beynəlxalq nüfuzumuz artır, həm də iqtisadi inkişaf göz qabağındadır və dinlərarası, millətlərarası münasibətlər ən yüksək səviyyədə təmin olunur".

Müasir dövrümüzdə Azərbaycanın iqtisadi inkişafı, ölkədə hökm sürən sabitliyin məntiqi nəticəsi olaraq bütün sahələrdə olduğu kimi, milli-mənəvi dəyərlərimizin qorunması və yaşadılması, tarixi-dini abidələrimizin bərpası, dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsinə də xüsusi diqqət ayırır. Dini ocaqlarımıza, məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin, vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Söz yox ki, Azərbaycan dünyəvi, müasir, dünyaya açıq olan dövlət olmaqla yanaşı, milli dəyərlərə, adət-ənələrinə də böyük hörmətlə yanaşan bir ölkədir. Dövlət başçısının mütəmadi olaraq din xadimləri ilə görüşməsi, dini konfessiyalara maddi yardımlar edilməsi, dini ibadət yerlərinin təmir-bərpa olunması fikirlərimizə əsas verir. Təbii ki, bu Azərbaycanın iqtisadi gücü olması ilə yanaşı, ölkədə dini dözümlüyün, əmin-amanlığın hökm sürməsi də mühüm faktorlar sırasındadır.

"TƏBİƏT NAMİNƏ BİRLƏŞ, HƏYAT NAMİNƏ BİRLƏŞ!"

Sentyabrın 23-də Bakının Xətai rayonundakı "Gənclik" parkında ağacəkmə aksiyası keçirilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və ailə üzvləri tədbirdə iştirak ediblər. Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin və COP29 könüllülərinin qatıldığı aksiyada 1000 ədəd Eldar şamı ağacı əkilib. Qeyd edək ki, "Gənclik" parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınıb. Ərazisi 43 hektar olan parkda yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və istirahət sahələri yaradılıb.

Xatırladaq ki, 2019-cu il noyabrın 11-də "Gənclik" parkı yeni salınarkən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyinin "Təbiət naminə birləş, Həyat naminə birləş!" layihəsi çərçivəsində ağacəkmə aksiyasında iştirak etmişlər. Dövlətimizin başçısı bir zamanlar baxımsız olan bu ərazidə abadlaşdırma işlərinin aparılması ilə bağlı müvafiq tapşırıqlar vermişdi.

2021-ci il avqustun 26-da istifadəyə verilən "Gənclik" parkı insanların rahat istirahət ünvanı olmaqla yanaşı, eyni zamanda, paytaxtın ekoloji mühitinə öz töhfəsini verir.

Onu da qeyd edək ki, Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün dövlət səviyyəsində həyata keçirilən layihələrə birinci xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da xüsusi diqqət yetirir. Fond ölkəmizdə yeni yaşıllıqların salınması və mövcud yaşıllıq sahələrinin qorunması üzrə müxtəlif layihələr icra edir. "Gənclik" parkı ərazisindəki budəfəki ağacəkmə aksiyası isə ekoloji tarazlığa daha bir töhfə oldu.

BÖYÜK QAYIDIŞA HEYDƏR ƏLİYEV FONDUNUN TÖHFƏLƏRİ

Bildiyimiz kimi, Ermənistanın otuz ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal altında olan ərazilər darmadağın edilib, erməni vandallığına və təcavüzünə məruz qalıb, o məkanlardakı misilsiz mədəni irsimizə çox böyük ziyan dəyib. Yüzlərlə tarixi abidənin – muzeylərin, incəsənət qalereyalarının, məscidlərin, qəbiristanlıqların yerlə-yeksan və talan edilməsi, təhqir olunması erməni əməllərinə bir daha dünyaya təqdim etdi.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2020-ci il dekabrın 8-də Fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Bununla da Heydər Əliyev Fondu tarixi bərpa işlərində dövlət tərəfindən həyata keçirilən layihələrə vətəndaş cəmiyyətinin üzvü kimi öz dəstəyini göstərir. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə regionda icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olunublar. Hazırda bərpa prosesinə Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən mütəxəssislər cəlb edilib. Abidələrin yenidən qurulması zamanı onların ilkin, yəni autentik simasının pozulmaması prinsipi əsas götürülür. Artıq bir neçə abidə təmir və bərpadan sonra istifadəyə verilib.

ZƏFƏRİMİZDƏN YARANAN UNİKAL ƏSƏRLƏR DÜNYAYA İSMARICDIR

Bəli, bu gün dağıdılmış ərazilərin bərpası və yenidən qurulması istiqamətində abadlıq-quruculuq işlər aparılır. Bu Böyük QAYIDIŞA Heydər Əliyev Fondu da töhfələrini verir. Belə ki, Şuşada Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Xarıbülbül" musiqi festivalı keçirildi. "Xarıbülbül" musiqi festivalı çərçivəsində Heydər Əliyev Fondu tərəfindən beynəlxalq incəsənət festivalı təşkil olundu. Rəssamlar Ermənistanın işğalından azad olunan ərazilərimizdə gördüklərini, yaşadıqları hissləri festival üçün hazırlanan xarıbülbül maketləri üzərinə köçürüb, dünyaya mühüm ismarıc verən əsərlər təqdim etmiş oldular. Bu layihənin əsas məqsədi müxtəlif ölkələri təmsil edən sənətkarlar vasitəsilə 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizdəki dağıntının miqyasını, tarixi abidələrimizə, milli-mədəni irsimizə, mənəvi dəyərlərimizə, təbiətimizə qarşı qəsbkarlığı geniş beynəlxalq auditoriyaya nümayiş etdirmək idi. Əlbəttə ki, məqsəd reallaşmış oldu. Heydər Əliyev Fondunun Şuşada reallaşdırdığı layihələri sırasında Üzeyir Hacıbəylinin heykəlinin açılışını qeyd etməliyik. Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilmiş heykəl Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən hazırlanıb. Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Şuşada dahi Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası və yenidənqurma işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.

VƏTƏN MÜHARİBƏSİNİN XRONİKASI

Vətən müharibəsinin xronikasını təqdim edən www.44days.info saytı Heydər Əliyev Fondunun dəstəyi ilə yaradıldı. 8 başlıqdan ibarət olan bu portal 44 günlük Vətən müharibəsinin salnaməsini Azərbaycan, rus və ingilis dillərində izləyicilərə çatdırır. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətləri, dövlət başçısının müxtəlif beynəlxalq media qurumları və xəbər agentliklərinə müsahibələri, tvitləri, videokonfransları, onlayn görüşləri və müxtəlif ölkələrin prezidentləri və rəsmiləri ilə telefon danışıqları, yerli və beynəlxalq qurumların, müxtəlif ölkələrin və təşkilatların nümayəndə heyətləri ilə keçirilən qəbullar və s. portalda əksini tapıb.

Bütün bunlarla yanaşı Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan www.shusha.today portalını da qeyd etməliyik. Portal şəhərdə baş verən hadisələri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ingilis dilində yaradılıb. Portal 7 bölmədən ibarətdir. "Bizim Şuşa" adlı bölmədə şəhərin yarandığı gündən işğal olunduğu dövrə qədərki tarixi, ermənilərin Şuşa şəhərini işğal etməsi, 44 günlük müharibə, Şuşanın işğaldan azad edilməsi və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu münasibətlə xalqa müraciəti yer alıb.

"Şuşada erməni vandalizmi" adlı ikinci bölmədə Şuşanın tarixi və mədəni abidələrinə qarşı erməni vandalizmi, Şuşanın Dövlət Tarix-Memarlıq Qoruğu elan edilməsi və bu qoruğun işğaldan sonra dağıdılması, dünya, yerli və ölkə əhəmiyyətli mədəni irs nümunələrinin talan olunması, məhv edilmiş mədəni irs nümunələrinin siyahısı və həmin abidələrin nə vaxt və kim tərəfindən inşa olunması, ermənilər tərəfindən dağıdılması haqqında məlumatlarda diqqəti cəlb edir.

Heydər Əliyev Fondu Qarabağda yalnız bərpa layihələri həyata keçirmir. Ölkəmizdə aparılan quruculuq işlərinə də töhfə verməklə məqsədini reallaşdırır.

Bu gün Azərbaycanda, eləcə də onun hüdudlarından kənarda fəaliyyəti ilə tanınan və nüfuz qazanan Heydər Əliyev Fondu əsrimizin qabaqcıl və humanizm prinsiplərini bəşər övladına təqdim etmək gücündə olan qurum kimi ölkəmizdə, eləcə də beynəlxalq miqyasda hörmətlə qarşılanır. Fondun fəaliyyəti dövründə həyata keçirilən genişmiqyaslı layihələr insanların ictimai-mədəni, sosial həyatının yüksəldilməsi və inkişafı baxımından birmənalı olaraq çoxsaylı insanların həyat tərzində dönüş yaradıb. Bunların hər biri Fondun qısa zamanda məqsəd tək qarşıya qoyduğu amalın reallaşması nəticəsində baş tutub. Firavanlığı yaratmaq, həyat tərzində sağlam mühiti formalaşdırmaq, insanların fiziki sağlamlığına diqqət yetirmək, sülhün, əmin-amanlığın çarçısına çevrilmək, müasir dövrün tələblərinə və gələcəyin təminatı olan təhsilə, elmə böyük diqqət ayırmaq fondun məqsədi olaraq özünü büruzə verir.

Nəzakət ƏLƏDDİNQIZI

Избранный
76
50
sesqazeti.az

10Источники