Xoşbəxtlikdən, "Milton" Floridaya yaxınlaşanda, Saffir-Simpson şkalasına əsasən, 3 baladək zəifləyib, ancaq belə şans həmişə baş vermir. Okeanların, dənizlərin isti suları üzərində yaranan, şiddətli küləklər, dağıdıcı leysanlar və sahilyanı ərazilərdə yüksək dalğalar əmələ gətirən qasırğalar qarşısında gücsüz qalan insanın həyatını qorumaq naminə yeganə silahı ümiddir.
Qasırğanın gücü 1971-ci ildə amerikalı mühəndis Herbert Saffir və meteoroloq Robert Simpson tərəfindən yaradılan, onların adları ilə tanınan 5 kateqoriyalı şkala ilə ölçülür. Küləyin sürəti və mümkün ziyanın həcmi əsasında işləyən şkalada ilk kateqoriya ən zəif, beşinci isə ən şiddətli dərəcəni bildirir.
Tarixdə baş vermiş ən güclü qasırğalar:
1. "Əmək Günü" qasırğası (29 avqust - 10 sentyabr 1935-ci il. ABŞ-nin şərq və cənub-şərqi, xüsusilə Florida, Corciya, Şimali və Cənubi Karolina, Nyu-Cersi, Nyu-York ştatları zərər görüb)
ABŞ-də hər sentyabrın birinci bazar ertəsində qeyd olunan Əmək Günü ərəfəsində baş verən bu dəhşətli qasırğada 423 nəfər həyatını itirmiş, minlərlə bina dağılmış, elektrik və telefon naqilləri sıradan çıxmış, infrastruktura 100 milyon (hazırkı dəyərlə 6 milyon) dollar həcmində ziyan dəymişdi. Təqribən 300 km/saat sürətə malik qasırğa şkala üzrə beşinci kateqoriyaya aid idi. Hadisə qurbanlarının əksəriyyəti həmin vaxt adalar arasında salınan Dənizüstü magistralının tikintisində 260 I Dünya müharibəsi veteranı idi.
2. "Katrina" qasırğası (23-31 avqust 2005-ci il. ABŞ-nin şimal-şərq və cənub-şərqi, eləcə də Bahama adaları və Kubanın qərbi zərər görüb)
Beşinci kateqoriyaya aid qasırğa təqribən 280 km/saat sürətə malik idi. Meksika körfəzi sahillərinə yaxınlaşdıqca sürəti daha da artmış, güclü fırtına dalğaları, leysan yağışlar törətmiş, alçaq əraziləri, xüsusilə dəniz səviyyəsindən aşağıda yerləşən Nyu-Orlean şəhərinin 80%-ni su basmışdı. Hadisə nəticəsində 1392 insan həyatını itirmiş, 135 nəfər itkin düşmüş, yüz minlərlə sakin evsiz qalmışdı. Ümumi dəyən ziyanın həcmi təqribən 125 milyard dollar idi. Ərazidə bərpa işləri uzun illər ərzində tamamlana bilmişdi.
3. "Rita" qasırğası (18-26 sentyabr 2005-ci il. Əsasən ABŞ-nin şimal-şərq və cənub-şərqi, o cümlədən Dominikan Respublikası və Puerto-Riko zərər görüb)
Sakinlərin "Katrina"nın "şıltaqlığından" hələ ayılmadıqları bir vaxtda "bacısı" Ritanın "qəzəbi" ilə üzləşmişdilər. Səkkiz gün ərzində yüz minlərlə insanın evini şumlayıb keçən qasırğanın sürəti 285 km/saata çatırdı. 120 insanın həyatını itirdiyi hadisənin ümumi ziyanı isə 10 milyard dolları ötmüşdü.
4. "Vilma" qasırğası (15-27 oktyabr 2005-ci il. ABŞ-nin Florida ştatı, Meksikanın Kintana-Ro ştatı, eləcə də Yamayka, Puert-Riko, Kuba zərər görüb)
2005-ci ilin üçüncü qasırğası ABŞ-dən nisbətən yan keçsə də, Mərkəzi Amerikaya böyük zərər vurmuşdu. Qasırğa 250-300 km/saata sürətə malik idi. Hadisədə 52 nəfər ölmüş, infrastruktrura 27 milyard zərər dəymişdi.
5. "Mariya" qasırğası (16 senyabr - 2 oktyabr 2017-ci il. ABŞ-nin şimal-şərq və cənub şərqi və Mərkəzi Amerikada Puerto-Riko, Dominika, Dominikan Respublikası, Haiti və Baham adaları zərər görüb)
Sürəti 250 km/saata çatan qasırğa Atlantik okeanında hündürlüyü 15 metri keçən dalğalar əmələ gətirmiş, ABŞ sahillərinə çatanadək Mərkəzi Amerika adalarında, o cümlədən ABŞ-nin okeanboyu ərazilərində minlərlə evi dağıtmışdı. 2018-ci ildə aparılan təhqiqata əsasən, dəhşətli təbiət hadisəsi 3 minə yaxın insanın ölümü, infrastruktrura isə təqribən 92 milyard ziyanla nəticələnmişdi.