RU

Gürcü arzusuna çatdı, Qərb isə Tiflisdə fiasko etdi - küçə döyüşləri hazırlığı

Parlament seçkilərində “Gürcü Arzusu” partiyası qalib gəldi, müxalif koalisiya cəmi 37,33% səs aldı deyə prezidentlə birgə meydan hərəkatına start verilir; ATƏT, ABŞ və Qərb ölkələri mənfi rəy verdi - qonşuluqda nələr baş verir və sanksiyalar olacaqmı?

Gürcüstanda parlament seçkilərində hakim "Gürcü Arzusu" partiyası qalib gəlib. “Yeni Müsavat” xəbər verir ki, Gürcüstanın Mərkəzi Seçki Komissiyası 3 018 (97,011%) seçki məntəqəsində səsləri hesablayıb. Nəticəyə əsasən “Gürcü Arzusu” 54,24% səs toplayıb.

Hakim partiyanı 1 087 801 seçici dəstəkləyib. Ölkənin 4 qərbyönümlü müxalifət koalisiyası isə ümumilikdə 37,33% səs toplaya bilib. İlkin rəsmi nəticələr açıqlandıqdan az sonra bu qələbə münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev baş nazir İrakli Kobaxidzeni təbrik edib. Həmçinin baş nazir Əli Əsədov da gürcü həmkarına təbrik məktubu göndərib. Onu da deyək ki, bu seçkidə 13 azərbaycanlı deputatlığa namizəd olub, onlardan üçü parlamentə seçilib.

ATƏT-in müşahidə missiyasının koordinatoru Paskal Alizar isə deyib ki, Gürcüstanda səsvermə günü proses yaxşı təşkil olunub və qeyd etmək lazımdır ki, seçicilərin yeni texnologiyalardan istifadə ilə bağlı fəal təlimi və maarifləndirilməsi aparılıb. “Lakin maliyyə resurslarında ciddi disbalans var idi və hakimiyyətdə olan partiyanın üstünlüyü qeyri-bərabər fəaliyyət məkanı yaradırdı”, - ATƏT rəsmisi bildirib. ABŞ dövlət katibi Entoni Blinken seçkilərlə bağlı bəyanat yayıb. Bəyanatda Gürcüstan rəhbərliyinə seçki prosesindəki çatışmazlıqları aradan qaldırmaq, “fundamental azadlıqları baltalayan” qanunları ləğv etmək çağırışları edilib.

“2024-cü ildə beynəlxalq və yerli müşahidəçilər hakim partiyanın ictimai resurslardan sui-istifadə etməsi, səslərin satın alınması və seçiciləri hədələməsi ilə müşahidə olunan seçkiqabağı mühiti qeyd ediblər ki, bütün bunlar qeyri-bərabər rəqabətə töhfə verib, ədalətli nəticənin mümkünlüyünə ictimai və beynəlxalq inamı sarsıdıb. Beynəlxalq və yerli müşahidəçilər səsvermə gününün ümumilikdə yaxşı idarə olunduğunda razılaşsalar da, biz pozuntular və bəzi hallarda zorakılıq halları barədə xəbərləri qeyd edirik. Beynəlxalq müşahidəçilər nəticələrin azad və ədalətli olduğunu bəyan etməyiblər. Biz beynəlxalq normaların bütün pozuntularını pisləyirik, beynəlxalq və yerli müşahidəçilərin seçkilərlə bağlı bütün pozuntular barədə məlumatların tam araşdırılması çağırışlarına qoşuluruq.

Daha irəli gedərək, biz Gürcüstanın siyasi liderlərini qanunun aliliyinə hörmət etməyə, fundamental azadlıqları baltalayan qanunvericiliyi ləğv etməyə və seçki prosesindəki çatışmazlıqları birlikdə aradan qaldırmağa təşviq edirik. Gürcüstanın konstitusiyasında təsbit olunmuş Avropa və Avroatlantik inteqrasiya məqsədləri hökumətdən vətəndaş cəmiyyəti üzvlərinin hüquqlarına və bütün Gürcüstan vətəndaşlarının fundamental azadlıqlarına hörmət etməyi tələb edir", - Blinkenin bəyanatında qeyd olunub.

Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərini tanımaqdan imtina edib. O, həmçinin parlament seçkilərində total saxtakarlıq olduğunu bildirib. Polşa Xarici İşlər Nazirliyi bəyan edib ki, seçkilərin gedişatı, nəticələri onun Aİ və NATO-ya üzv olmaq perspektivlərini ləngidir. Habelə, Norveç, Latviya, İsveç və Almaniya kimi ölkələr də nəticələri tənqid edib, ATƏT/DTİHB-nin Gürcüstandakı seçkilərlə bağlı hesabatını dəstəkləyib. Bundan sonra rəsmi Tiflisə sanksiyaların tətbiqi, xüsusən Aİ ərazisinə vizasız gediş-gəlişin ləğv edilməsi riski var. Amma hər şey hakim partiyanın Qərblə münasibətləri necə qurması və Rusiyaya yaxınlaşma ehtimalından asılıdır. Yeri gəlmişkən, Gürcüstanda hakim partiya 2025-ci ilin əvvəlindən Aİ ilə münasibətlərin yenilənəcəyini gözləyir. Bu barədə baş nazir İrakli Kobaxidze bildirib. Onun sözlərinə görə, 2030-cu ilə qədər Avropaya inteqrasiya hədəfinə çatılması üçün ölkəni bütün sahələrdə inkişaf etdirmək vacibdir, bu məqsədə çatmaq üçün hər şey ediləcək. Baş nazir bu kontekstdə iqtisadi artıma diqqət çəkərək bildirib ki, “əgər iqtisadi göstəricilər müvafiq olmazsa, heç kim ölkəni Avropa İttifaqına qəbul etməyəcək”.

Mixail Saakaşvilinin “Vahid Milli Hərəkat” müxalifət partiyasının liderlərindən olan Georgi Vaşadze oktyabrın 28-nə təyin edilən mitinqdə maksimum sayda etirazçının iştirak etməsinin son dərəcə vacib olduğunu deyib: “Düşünürəm ki, biz 40-45 gün mübarizə aparmalı olacağıq. Bu, Tiflisin mərkəzində müddətsiz etiraz olacaq”. Parlamentin spikeri Şalva Papuaşvili isə brifinqdə bildirib ki, Gürcüstan prezidenti Salome Zurabişvili müxalifətlə birlikdə ölkədə iğtişaşların təşkilində iştirak edir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Zurabişvilinin parlament seçkilərinin nəticələrini tanımaması ilə bağlı bəyanatını şərh edib. Diplomat çıxışında Gürcüstan prezidentinə sual ünvanlayıb: “Gürcüstanın gələcəyi Avropadan niyə pisdir? İcazə verin, Fransa vətəndaşına xatırladım ki, Gürcüstan Fransadan daha qədimdir”.

Bundan başqa, azərbaycanlıların yaşadığı bölgələr də daxil, ümumilikdə Gürcüstan cəmiyyəti müharibəyə, daxili qarşıdurmaya, milli-mənəvi dəyərlərin deqradasiyasına yox, sülhə, inkişafa, ənənələrə və milli dəyərlərin qorunmasına səs verdiyini nümayiş etdirdi. Ekspertlərə görə, bu seçki əslində hakim "Gürcü Arzusu" partiyasının ölkənin aparıcı siyasi qüvvəsi olduğunu sübut etdi. Qələbədə əlbəttə ki, soydaşlarımızın rolu kifayət qədər sanballıdır. Ümid etmək qalır ki, yeni dönəmdə Gürcüstan hakimiyyəti azərbaycanlıların yaşadığı bölgələrə daha çox diqqət ayıracaq. Analitik Elxan Şahinoğluna görə, hakim partiya parlament seçkisində qələbə qazanmasına baxmayaraq, hazırki şərtlər altında Rusiya ilə diplomatik münasibətləri bərpa edə bilməyəcək. Onun fikrincə, hakim partiya və onu idarə edən oliqarx Bidzina İvanişvili ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə gərginlik yaşasa da, bu, Gürcüstanın avtomatik olaraq Rusiyaya yaxınlaşması anlamına gəlmir: “O halda mümkün olardı ki, Gürcüstan Abxaziya və Cənubi Osetiyaya nəzarət edərdi. Rusiyanın isə bu bölgələri Gürcüstana qaytarmaq planı yoxdur. Doğrudur, Gürcüstanda parlament seçkisi öncəsi Bidzina İvanişvili maraqlı gediş etdi, 2008-ci il müharibəsinə görə Cənubi Osetiyadan üzr istədi. İvanişvilinin bu gedişinin iki məqsədi var idi. Onun birinci məqsədi bu üzrxahlığı Kremlin müsbət qiymətləndirməsi, o cümlədən Abxaziya və Cənubi Osetiya mövzularında Tiflislə mümkün razılaşma barədə mesaj verməsi idi. Seçkiqabağı bu, "Gürcü Arzusu" partiyasının əlini daha da gücləndirərdi. Ancaq Kreml İvanişvilinin əlinin gücləndirilməsi üçün vaxtilə işğal etdiyi ərazilərdən imtina etmək fikrində deyildi”. Politoloq hesab edir ki, İvanişvilinin ikinci məqsədi 2008-ci il müharibəsinə görə məsuliyyəti bütövlüklə Gürcüstanın keçmiş hakimiyyətinin, indiki müxalifətinin üzərinə yükləmək idi.

qaynarinfo.az

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı isə düşünür ki, əsas məsələ Tiflisdə növbəti “rəngli inqilab”ın nə qədər real olmasıdır: “Bu ehtimal zəif görünür. Müxalifət etiraz aksiyaları ilə hara qədər gedə biləcəyini daha öncədən ortaya qoyub və mümkündür ki, yeni aksiyalar uzunmüddətli olsa belə, yekun hədəfə yaxınlaşdırmayacaq. Qərbin Gürcüstanda hadisələrin inkişafını yönləndirəcək gücü əvvəlki qədər deyil. Təzyiq dalğasının genişlənməsi rəsmi Tiflisi alternativlərə - Rusiya və Çinə daha çox yaxınlaşdıra bilər ki, bunda maraqlı olmayan Qərbin müxalifətin aksiyalarını dəstəkləməklə yanaşı, hakim partiya ilə də bütün "körpüləri yandırmamaq" xəttini tutacağı gözləntilər arasındadır".

Nöqsanların

 Məhəmməd Əsədullazadə

Siyasi ekspert Məhəmməd Əsədullazadə isə o qənaətdədir ki, hakim partiyanin qalib gəlməsinin əsas səbəblərindən biri müxalifətin liderinin olmaması və dağınıq şəkildə seçkilərə getməsidir: “Gürcüstan əhalisi seçim edəndə dağınıq müxalifətə deyil, monolit siyasi partiyaya səs verdi. Demək olar ki, Gürcüstanda seçkilər qismən şəffaf və rəqabətli şəraitdə keçdi. Gürcüstan vətəndaşları "Gürcü Arzusu"na heç də Rusiya ilə müharibə qorxusuna görə səs vermədi. Müxalifətin xalqa konsepsiyasında ənənəvi şüarlar üstünlük təşkil etdi. "Gürcü Arzusu" partiyası çalışacaq ki, Azərbaycan kimi siyasət yürütsün. Görünür, Tiflis bir çox məsələlərdə Azərbaycanla kordinasiyalı işləyir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Избранный
128
46
musavat.com

10Источники