RU

Təmiz əllər qida təhlükəsizliyinin ilkin şərtlərindən biridir- MÜSAHİBƏ

Qida təhlükəsizliyi mövzusu, sadəcə fərdi sağlamlığımızın qorunması ilə məhdudlaşmır, eyni zamanda cəmiyyətin ümumi rifahına da təsir edən bir sahədir. Hər bir insanın istehlak etdiyi qidaların təmizliyi, istehsal şəraiti və düzgün saxlanması, sağlam bir həyat üçün zəruri şərtlərdəndir. Qida təhlükəsizliyinə dair qaydalar yalnız şəxsi gigiyenamızın bir hissəsi deyil, həm də dövlətlərin qida istehsalına nəzarət və ictimai iaşə sektoruna qoyduğu standartların nəticəsidir. Bu səbəbdən, sağlam qida təminatı yalnız fərdi məsuliyyət deyil, eyni zamanda ictimai və dövlət səviyyəsində həll edilməli olan bir məsələdir.

Son dövrlərdə qida təhlükəsizliyinin əhəmiyyəti həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə diqqət mərkəzinə çevrilmişdir. İqlim dəyişikliyi, sürətli şəhərləşmə, qloballaşmanın qida təchizatı üzərində yaratdığı təzyiqlər qida təhlükəsizliyini təmin etməyi çətinləşdirir. Bu xüsusda, qidaların düzgün saxlanması, hazırlanma prosesində gigiyenik qaydalara riayət edilməsi və istehlakçıların maarifləndirilməsi sağlam bir cəmiyyətin əsas tələblərindən biri kimi çıxış edir.

Xüsusilə yay aylarında artan isti hava şəraiti bakteriya və digər mikroorqanizmlərin qida üzərində daha sürətlə çoxalmasına səbəb olur ki, bu da qida zəhərlənməsi hallarının sayını artırır. Ev şəraitində belə, qida təhlükəsizliyinə riayət etmək vacibdir, çünki əks təqdirdə sadə bir yeməkdən qaynaqlanan bakteriyalar sağlamlıq üçün ciddi risk yarada bilər. Məhz bu səbəbdən, qidanın hansı şərtlərdə saxlanılması, hansı temperaturda emal olunması və istifadədən öncə hansı gigiyenik addımların atılması böyük əhəmiyyət kəsb edir.

Bu mövzuda daha ətraflı  məlumat almaq üçün Qida Təhlükəsizliyi üzrə ekspert Asim Vəliyevlə söhbət etdik.

Qida təhlükəsizliyi ilə bağlı səhvlər bəzən sadəcə bir dəqiqəlik ehtiyatsızlıqdan da qaynaqlana bilər. Ən çox rast gəlinən gigiyena səhvlərini soruşduqda eskpert bu barədə maraqlı məqamlar qeyd etdi.

-Asim bəy, qida istehsalında və saxlanmasında ən çox rast gəlinən gigiyena səhvləri hansılardır?

-Qida istehsalı və saxlanmasında əsas gigiyena səhvlərinə məhsulların təmiz olmayan səthlərdə işlənməsi, emalı, əllərin təmiz su və sabunla  yuyulmaması və qida məhsullarının düzgün temperaturda saxlanmaması daxildir. Həmçinin çiy və bişmiş qidaların bir yerdə saxlanılması ilə çarpaz bulaşma baş verir. Bu da qida zəhərlənmələrinə səbəb olan bakteriyaların yayılmasına şərait yaradır.

Evdə qida zəhərlənməsindən qorunmaq üçün bir neçə sadə vərdişi mənimsəmək lazımdır. Ekspert bu vərdişlərin nədən ibarət olduğunu belə izah edir:

-Ev şəraitində zəhərlənmə riskini azaltmaq üçün istehlakçılar qidaları hazırlamadan əvvəl əllərini yumalı, təmiz və ayrı-ayrı doğrama lövhələri istifadə etməlidirlər. Çiy və bişmiş qidaları bir-biri ilə təmas edəcək şəkildə saxlamamalıyıq və təzə məhsullar alış-veriş zamanı yoxlanmalıdır.

-Restoranlarda və ictimai iaşə müəssisələrində qida zəhərlənməsinin qarşısını almaq üçün hansı standartlara əməl edilməlidir?

-Restoranlar və ictimai iaşə müəssisələrində qida təhlükəsizliyi standartlarına riayət etmək vacibdir. İşçilər əllərini təmiz yumalı, səthləri və avadanlıqları mütəmadi olaraq təmizləməli və qidaları təhlükəsiz temperaturda saxlamalıdırlar. Həmçinin son istifadə tarixi keçmiş məhsulların istifadəsi qəti qadağandır.

Qida təhlükəsizliyi baxımından yay aylarında artan təhlükə çoxlarına məlumdur. Asim bəy yay aylarında zəhərlənmələrin niyə çoxaldığını belə izah edir:

-Yay aylarında isti temperatur qidalarda bakteriyaların daha sürətlə çoxalmasına səbəb olur. Bu səbəbdən təzə meyvə və tərəvəzlərin, süd məhsullarının və dəniz məhsullarının qaydalar çırçivəsində saxlanması üçün daha çox diqqət etməliyik.

-Qidaların düzgün saxlanma qaydaları sağlamlıq üçün vacibdir. Qida təhlükəsizliyi baxımından qidaların düzgün saxlanma qaydaları hansılardır və hansı temperaturda saxlanması məsləhətdir?

-Qida təhlükəsizliyi baxımından qidaların saxlanması üçün düzgün temperatur və qaydalar çox vacibdir. Qidaların əksəriyyəti +4°C və ya daha aşağı temperaturda saxlanmalıdır. Bu, bakteriyaların çoxalma sürətini azaltmağa kömək edir. Ət, balıq, toyuq və digər çiy məhsullar -18°C və ya daha aşağı temperaturda dondurucuda saxlanmalıdır. Bu, qidaların uzun müddət təhlükəsiz qalmasını təmin edir. Çiy qidalar dondurucuda və ya soyuducunun alt hissələrində saxlanmalı, bişmiş və hazır qidalar isə çiy qidalardan ayrı və üst rəflərdə yerləşdirilməlidir.

-Hansı qidalar qida zəhərlənməsinə daha çox meyillidir və bu qidalarla bağlı xüsusi tədbirlər nələrdir?

-Qida zəhərlənməsinə ən çox səbəb olan qidalar arasında ət və ət məhsulları, süd və süd məhsulları, yumurta, dəniz məhsulları və təzə yaşıl tərəvəzlər xüsusi yer tutur. Ət, süd və dəniz məhsulları soyuducuda +4°C və ya daha aşağı temperaturda saxlanmalıdır. Dondurulmuş məhsullar isə -18°C-də olmalıdır. Çiy məhsullardan bakteriya bulaşma riskini azaltmaq üçün bişmiş qidalarla eyni qabda və ya səthdə saxlanmamalıdır.
Yaşıl tərəvəzləri istifadədən əvvəl yaxşıca yumaq lazımdır, çünki üzərində torpaq qalıqları və ya bakteriyalar ola bilər.
Ət və yumurta kimi məhsulların daxili temperaturunun yüksək olması lazımdır ki, zərərli mikroorqanizmlər məhv edilsin. Qırmızı ət üçün ən az 63°C, quş əti üçün isə 74°C daxili temperatur tövsiyə olunur.

-İstehlakçılar qida zəhərlənməsi riskini minimuma endirmək üçün hansı məlumatlara diqqət yetirməlidirlər?

-Məhsulun təzəliyini təmin etmək üçün son istifadə tarixinə baxmaq vacibdir. Tarixi keçmiş məhsulları istifadə etmək, zəhərlənmə riskini artırır. Məhsulun düzgün saxlanması üçün etiketlərə diqqət etmək xüsusilə soyudulmalı və ya dondurulmalı qidalar üçün vacibdir. Yanlış saxlanma məhsulun tez xarab olmasına və bakteriya yaranmasına səbəb ola bilər.
Zədələnmiş, qabarmış paketləri almamaq məsləhətdir, çünki belə paketlər bakteriya bulaşması riski daşıyır. Məhsulun qoxusunda və rəngində dəyişiklik varsa, bu, onun xarab olduğunu göstərə bilər və belə qidalardan uzaq durmaq lazımdır.

-Qida zəhərlənməsinin qarşısını almaq üçün gündəlik mətbəxdə hansı gigiyenik təcrübələrə riayət edilməlidir?

-Əllər, xüsusilə çiy ət, balıq və yumurta kimi qidalara toxunduqdan sonra mütləq sabunla və isti su ilə yuyulmalıdır. Həmçinin yemək hazırlamadan əvvəl və yeməyi bitirdikdən sonra da əlləri yumaq gigiyena baxımından vacibdir.
Çiy və bişmiş qidalar, xüsusilə də ət, balıq və tərəvəzlər ayrı-ayrı lövhələrdə və alətlərdə emal olunmalıdır. Bu halda çiy qidalardan zərərli bakteriyaların bişmiş qidalara keçməsinin qarşısı alınmış olur.
Bıçaqlar, doğrama lövhələri, qablar və digər mətbəx avadanlıqları istifadə olunduqca yuyulmalı və qurulanmalıdır. Çiy ət və tərəvəzlərdən sonra səthlər dezinfeksiyaedici məhlul və ya isti su ilə yaxşıca silinməlidir.
Çiy və bişmiş qidalar soyuducuda ayrı-ayrı qablarda saxlanılmalıdır. Çiy qidalar bişmiş qidaların üstünə qoyulmamalıdır, çünki onların suyu bişmiş qidaya bulaşa və zəhərlənməyə səbəb ola bilər.
Dondurulmuş qidalar soyuducuda və ya mikrodalğalı sobada donu açılmalıdır. Çiy qidaları otaq temperaturunda saxlamaq bakteriyaların çoxalmasına səbəb ola bilər.
Mətbəxdə təmiz dəsmalların və kağız dəsmalların istifadəsi vacibdir. Nəm dəsmallar  bakteriyaları  çoxalda bilər, ona görə də onları tez-tez dəyişmək və yumaq lazımdır.

Ekspertin qeyd etdiklərindən də məlum olduğu kimi, qida təhlükəsizliyi hər birimizin gündəlik həyatında diqqət etməli olduğu vacib məsələdir. Evdə, işdə və ya ictimai yerlərdə qida ilə bağlı gigiyena qaydalarına riayət etmək, sağlamlığımızı qorumaq üçün sadə, lakin təsirli bir addımdır. Hər gün diqqət yetirdiyimiz bu kiçik detallar böyük fərq yaradır və təhlükəsiz qida təminatı cəmiyyət olaraq sağlam həyatın təməlini təşkil edir. Bu məsələdə hər kəsin üzərinə düşən məsuliyyət var. Sadəcə şəxsi gigiyenaya diqqət etməklə özümüzü və yaxınlarımızı potensial risklərdən qoruyuruq. Təmiz əllər, düzgün saxlanma şərtləri və doğru yanaşma sayəsində qida təhlükəsizliyini təmin etmək mümkündür. Gələcəyimiz sağlam bir cəmiyyət yaratmaq üçün hər kəs bu qaydalara əməl etməlidir, çünki sağlam qidalanma sağlam həyatın başlanğıcıdır.

Qiymət Mahir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
66
olaylar.az

1Источники