RU

İdxaldan asılılıq niyə artır? - Açıqlama

Yanvar-sentyabr aylarında ölkəyə 1 milyard 755 milyon dollar dəyərində ərzaq məhsulları idxal olunub ki, bu da ötən illə müqayisədə 11,4 faiz çoxdur.

Bəs, idxal göstəricilərinin ilbəil artmasının səbəbləri nədir və bu Azərbaycan iqtisadiyyatına nə vəd edir?

Məsələyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a deyib ki, Azərbaycanın ərzaq məhsullarının idxaldan asılılığı 70-75 faiz arası dəyişir. Bunun əsas səbəbi yerli istehsalın illərdir ki, istənilən tempdə artmamasıdır:

"Kənd təsərrüfatına böyük diqqət yetirilir. Bu istiqamətdə illər ərzində böyük proqramlar qəbul olunub. Dotasiyaların həcmi və verilməsi istiqamətləri də keyfiyyətcə yaxşılaşdırılıb. Lakin bu da yetərli deyil. Aqrar sahədə çalışanların ən böyük problemi uzunmüddətli və aşağı faizli kreditlərin olmamasıdır”.

Natiq Cəfərli vurğulayıb ki, Azərbaycanda əhalinin gəlirlərinin ərzağa xərclənən hissəsi çoxdur:

"Biz daha çox ərzağa pul xərcləyiriksə, həmin vəsait valyutaya çevrilib ölkədən çıxır. Çünki biz idxaldan asılıyıq. Öz ehtiyaclarımızı ödəmək üçün xaricdən məhsul almağa çalışırıq. Amma daxili istehsal artsa, həmən vəsait ölkə daxilində dövriyyə edə bilər. Bu isə əlavə dəyər, gəlir və fürsətlər yarada bilər".

Onun sözlərinə görə, idxaldan asılılığın azaldılması üçün qarşıya konkret hədəflər qoyulmalıdır:

“İdxaldan asılılıq artdıqca, dünya bazarındakı qiymət dəyişikliklərindən də əziyyət çəkirik. Ən yaxşı yol məhsul bolluğunun yaradılması və istehsalın genişləndirilməsidir ki, bu yöndə görüləcək kifayət qədər işlər var”.

Sevinc,
BakuPost
Избранный
25
bakupost.az

1Источники