RU

ARDNF-nin rəhbəri Suveren Fondların Beynəlxalq Forumunun sədr müavini seçilib

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov Suveren Fondların Beynəlxalq Forumunun 16-cı illik yığıncağında İdarə Heyətinin (İH) sədr müavini seçilib.

Fins.az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, İcraçı direktorun başçılıq etdiyi nümayəndə heyəti üzvlərinin məcmu vəsaitlərinin məbləği 8 trilyon ABŞ dollarından çox olan, dünyanın suveren institutlarını bir araya toplayan ilk və yeganə təşkilat Beynəlxalq Suveren Fondlar Forumunun (SFBF) Omanın paytaxtı Maskatda keçirilən 16-cı illik iclasında iştirak edir. Oman İnvestisiya Təşkilatının “Dayanıqlı gələcək axtarışında” başlığı altında ev sahibliyi etdiyi tədbir dayanıqlı və davamlı investisiya strategiyalarının müzakirəsi məqsədilə SFBF-nin üzvü olan suveren fondları bir araya gətirib. Yığıncağa 100-dən çox maliyyə və inkişaf institutunu təmsil edən 200-dən çox nümayəndə qatılıb.

Yığıncaq çərçivəsində SFBF-nin İH- yeni tərkibi müəyyən olunub. SFBF-nin sədr müavini vəzifəsinə keçirilən seçkilərdə İ.Məmmədov səs çoxluğu ilə seçilib. Bu vəzifəsi 3 illikdir və müddət bitdikdən sonra birbaşa əsaslarla növbəti 3 il ərzində sədr vəzifəsinin icrası başlayır. İ.Məmmədovun bu vəzifəyə seçilməsi ARDNF-nin suveren fondların idarə edilməsində dayanıqlı və davamlı yanaşmalara sadiqliyini bir daha nümayiş etdirməklə Azərbaycanın dayanıqlı investisiyanın təşviqinə və suveren fondların idarə edilməsində qlobal ən yaxşı təcrübə standartlarının inkişafına sadiqliyinin əhəmiyyətli bir göstəricisidir.

İ.Məmmədov Santiaqo Prinsiplərinin əhəmiyyətini bir daha vurğulayaraq qeyd edib ki, güclənən proteksionizm və dəyişən geosiyasi dinamika investisiya mühitini yenidən formalaşdırır. “Suveren fondlar olaraq biz yalnız gəlir əldə etmək üçün deyil, həm də davamlılıq, dayanıqlılıq və çevikliyin təmin olunması üçün çalışmalıyıq,” – deyə o bildirib.

Yığıncaq çərçivəsində öz ölkələrinin ən iri suveren fondları olan Sinqapur Dövlətinin İnvestisiya Korporasiyası (“GIC”) , Abu Dabi İnvestisiya Təşkilatı (“ADIA”), Çin İnvestisiya Korporasiyası (“CIC”), Avstraliyanın Gələcək Fondu (“Future Fund”) qurumlarının təmsilçiləri İdarə heyətinin üzvləri seçilib.

Katibliyi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən SFBF Suveren Fondların Beynəlxalq İşçi Qrupunun 2009-cu il aprelin 5-6-da Küveytin paytaxtı Əl-Küveytdə keçirilmiş iclasında yaradılıb və ilk rəsmi iclasını 2009-cu il 8-9 oktyabrda Bakıda keçirib. SFBF könüllü qrup olub, əsas məqsədi Suveren Fondların ümumi maraqlarına dair məsələlər ətrafında fikir mübadiləsi aparmaq və Santyaqo prinsipləri və Suveren Fondların fəaliyyətinin anlaşılmasını asanlaşdırmaqdır. ARDNF-nin həmtəşkilatçılığı ilə SFBF-nin “Dəyişiklik naminə sərvətin səfərbər edilməsi” başlığı altında 14-cü illik iclası 2022-ci ildə Bakıda baş tutub.

Fuad Mədətov
Fins.az

Избранный
42
12
fins.az

10Источники