Ötən gün Donald Trampın prezident seçilməsi ilə dünya iqtisadiyyatında təlatümlər oldu. Beləki, ABŞ bondları 4.5 faiz, dollar səbət valyutalara nisbətən 2 faiz güclənib. “Bitcoin”in qiyməti ilk dəfə olaraq 75 min dollaradək yüksəldi. Bu da onu göstərir ki, Trampın qələbəsini dəstəkləyən gizli qüvvvələr arasında bu sektorun nəhənglərin əməyi az olmayıb.
Trampın seçilməsi dünya və ölkəmiz üçün hansı təsirlər yarada bilər?
Bununla bağlı News365.az –a danışan iqtisadçı ekspert Eldəniz Əmirov deyib ki, Tramp proteksionizm siyasətinə sadiq qalaraq, ABŞ sahibkarlarını qorumaq və ticarət balansında ciddi müsbət təsirlər əldə etmək üçün gömrük yığımlarının dərəcəsini məhsullardan asılı olaraq 15 faizdən 100 faizədək olan aralıqda artıracaq:
“Məşğulluğun artırılması və sahibkarların dəstəklənmsəsi üçün vergi güzəştləri edəcək. Bunlar ABŞ-ən daxili siyasəti kimi görünsə də, amma ABŞ bazarına çıxan ölkələr üçün, o cümlədən Çin üçün ciddi problemə çevriləcəkdir. Trampın birinci hədəfi Çindir. Amma bu həm də ABŞ-ın özündə qiymətləri yüksəlməsinə və infilyasiyanın artmasına səbəb olacaqdır. Təbii ki, bu da dünya üçün təsirsiz ötüşməyəcək”.
Müsahibimiz hesab edir ki, yaxın gələcəkdə ABŞ-dan kütləvi deportasiyalar mümkündür:
“Çünki, o, miqrasiya siyasətini sərtləşdirəcəyini bildirmişdir. Hətta Trampın Amerikanı qlobal istixana qazı emissiyalarının azaldılması üçün çərçivə sənədi olan Paris Sazişindən çıxaracağını bildirmişdi. Bu isə qlobal dünyanın yaşıl strategiyayasına ciddi təhdiddir. Böyük ehtimal ki, o, ənənəvi enerjiyə üstünlük verərək, neft-qaz hasilatını artıracaq. Odur ki, neft qiymətlərində enişlər gözləmək olar. Bu isə neft hasil edən ölkələr üçün, o cümlədən Azərbaycan üçün arzuolunan hal deyil. Trampın Çini ticarət alətləri vasitəsilə sıxışdıracağı dəqiqdir. İrana qarşı sanksiyaları artıracağı da şübhəsizdir.
Hətta yaxın Şərqlə bağlı İsraili dəstəkləyəcəyini də düşünürəm. Amma onun Ukrayna-Rusiya münaqişəsində tutacağı mövqe ilə bağlı narahat edici bəzi məqamlar vardır. Çünki onun Ukrayna-Rusiya münaqişəsində atacağı doğru olmayan addım qısa bir müddət sonra öz mənfi təsirini Cənubi Qafqazda göstərə bilər”.
News365.az