RU

Azərbaycanda iqtisadi sabitlik necə bərqərar oldu? – Maraqlı inkişaf yolu

Liberal iqtisadi siyasət dayanıqlı iqtisadiyyatın əsasıdır. Təsadüfi deyil ki, inkişaf etmiş bütün dövlətlərdə liberal siyasət yürdülür. Azərbaycan da müstəqilliyin ilk dönəmində liberal iqtisadiyyata keçidi elan etdi. Bu bir qədər ağrılı və çətin olsa da sonrakı illərdə vəziyyət pozitiv istiqamətdə inkişaf etməyə başladı. Məsələn,  “Əsrin müqaviləsi”nin imzalanmasından 2005-ci ilə qədər Azərbaycanda ümumi investisiya həcminin böyük hissəsi neft-qaz sektoruna yönəldilmişdi. Lakin son 20 ildə mənzərə 180 dərəcə dəyişib. Çünki, Beynəlxalq iqtisadi münasibətlərin fəal və önəmli aktoruna çevrilmək istəyən Azərbaycan da özəl sahəni prioritet istiqamət kimi müəyyənləşdirib. Bazar münasibətlərinə əsaslanan liberal iqtisadi sistemin formalaşması, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına şərait yaradılması, zəngin təbii sərvətlərdən səmərəli istifadə, investisiya cəlbediciliyinin yüksəldilməsi və digər tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yeni keyfiyyət parametrləri ilə özünü təsdiqlədi. Bu parametrlər keçid dövrünü uğurla başa vurmuş ölkəmizdə mülkiyyətin çoxnövlülüyünün təmin olunması, bazar iqtisadiyyatı üçün qanunvericilik bazasının yaradılması, aqrar islahatların həyata keçirilməsi, sahibkarlar institutunun formalaşması, özəlləşdirmə istiqamətində hüquqi bazanın yaradılması, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılması, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsi, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsi və bu kimi digər məsələlərdə özünü göstərdi.

Təsadüfi deyil ki, bu gün ümumdaxili məhsulun 70 faizi özəl sektorun payına düşür. Dövlət Büdcəsində ödəmələrdə də özəl sektorun payı ilbəil artır. Məhz liberal iqtisadi siyasət Azərbaycanı Beynəlxalq kataklazmalardan sığorta edib. Təqdir ediləsi haldır ki, son illər dünyanın yüksək inkişaf etmiş ölkələrinin də üzləşdiyi iqtisadi böhran “İnkişafın Azərbaycan modeli”ni gündəmə gətirir. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü iqtisadiyyatın şaxələndirilməsi konsepsiyası məhz bu modelin əsas elementlərindən olan davamlı iqtisadi inkişafa aparan amildir. Son illərin təcrübəsi iqtisadiyyatın şaxələndirilməsinin ən səmərəli yolu kimi sahibkarlığın inkişafını ön plana çıxarır. Sahibkarlığın inkişaf səviyyəsi iqtisadiyyatın şaxələnməsinə və təsərrüfat sisteminin bir sahədən asılılığının aradan qalxmasına zəmin yaradır. Ölkəmizdə azad sahibkarlığın təşviqi istiqamətində həyata keçirilən önəmli tədbirlərdən biri də Azərbaycanda sahibkarlara “investisiya təşviqi sənədi”nin verilməsidir. Bu sənədə görə sahibkarlar müəyyən edilmiş vaxt ərzində bir sıra vergilərdən azad edilir və onların fəaliyyətinin genişlənməsi üçün müxtəlif güzəştlər tətbiq olunur. Bu addım son illər ölkəmizdə əlverişli biznes mühitinin yaradılması və azad iqtisadi fəaliyyətin təşviqi istiqamətində görülən işlərin sadəcə bir hissəsidir. Bununla yanaşı, sahibkarlıq subyektlərində aparılan yoxlamaların dayandırılması, lisenziyalaşdırma sisteminin təkmilləşdirilməsi, sahibkarlara dövlət maliyyə dəstəyinin davam etdirilməsi, iş adamlarının şikayətlərinə daha həssas yanaşılması məqsədilə apellyasiya şuralarının yaradılması, dövlət satınalmalarında şəffaflığın artırılması və ədalətli seçimin təmin olunması öz müsbət nəticələrini verməkdədir.

Azərbaycanın nail olduğu davamlı inkişaf modeli digər heç bir dövlətin inkişaf yoluna bənzəməyən, mövcud təcrübələri təkrarlamayan milli inkişaf modelidir. Belə bir konsepsiyanın daha hansı elementlərlə təkmilləşdirilməsi üzərində araşdırmalar aparılarkən müxtəlif yanaşmalar ortaya çıxır.

Bəs, bu uğura necə nail olunub?

Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, Azərbaycanda iqtisadi sabitliyə ilk növbədə makro və mikro səviyyədə, eyni zamanda, sosial səviyyədə azad ticarətin inkişafı istiqamətində görülən böyük layihələr, Dövlət proqramları hesabına nail olunub:

“Regional dəyər zəncirində investisiyanın dəstəklənməsi və regionlararası ticarətin təşviqi iqtisadiyyatın müqayisəli üstünlüklərini meydana çıxardı Bu, eyni zamanda məhsulların regional paylanmasını və rentabelliliyi asanlaşdırdı. Regional siyasətin hüquqi və tənzimləyici islahatlar yolu ilə tənzimlənməsi yerli və xarici investorlara daha böyük bazarlara çıxmaq imkanı verdi.

Bundan əlavə investisiyanın təşviqi və ixracın inkişafı istiqamətində mövcud institutların imkanlarının genişləndirilməsi islahatların səmərəliliyini artırdı.Özəl sektordakı gözlə görünməyən əngəlləri aradan qaldırıldı. Sənayedə hər sektora spesifik yanaşmanın olması sistematik dəyişikliklərə qarşı daha böyük dözümlülüyün mövcudluğuna gətirib çıxardı. Belə ki, hər bir istehsalat sahəsinin öz tələblərinə uyğun yanaşmanın tətbiqi məhsulun bazardakı rəqabət imkanlarına da böyük təsir göstərdi.

Beləcə, qeyd olunan xüsusiyyətləri ölkəmizin mövcud iqtisadi inkişaf əlamətləri ilə uyğunlaşdırılması müsbət nəticələr verdi”.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi çərçivə strategiya planı yeni hədəfləri seçib. Əsas hədəflərdən biri ölkədə azad sahibkarlığı inkişaf etdirmək və KOB subyektlərinin makroiqtisadi göstəricilərindəki payını artırmaqdır. “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, bu müddət ərzində kiçik və orta biznes subyektlərinin qeyri-neft və qaz sektoru üzrə ümumdaxili məhsulda payını 35 faizə çatdırmalıdır. Həmçinin qeyri-neft sektoru üzrə məşğulluqda KOB subyektlərinin payının 60 faizə çatdırılması da strateji hədəf seçilib.

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusuna uyğun olaraq dərc edilir.

Избранный
25
konkret.az

1Источники