RU

COP29 ərəfəsində Azərbaycana qarşı açılan informasiya cəbhəsi: Mübarizə necə gedir?

Ölkəmiz Birləşmiş Millətlər Təşkilatının iqlim üzrə Çərçivə Konvensiyasına üzv dövlətlərin ən mühüm tədbirlərindən biri olan COP29 iqlim konfransına ev sahibliyi etməyə hazırlaşır. Bu, yalnız Azərbaycana deyil, Türk dünyasına və bütün Qafqaz regionuna qlobal miqyasda mühüm bir siyasi və diplomatik üstünlük qazandırır.

Bakıvaxtı.az xəbər verir ki, lakin Azərbaycana qarşı son dövrlərdə artan informasiya hücumları, bu nailiyyətin qarşısını almaq məqsədi daşıyan güclü bir kampaniyanın hissəsidir. İnformasiya hücumları, yalnız Azərbaycana qarşı müsbət imic yaratmaq deyil, eyni zamanda ölkənin beynəlxalq aləmdəki nüfuzunu zəiflətmək və onun qlobal səhnədəki mövqeyini möhkəmləndirməsinin qarşısını almaq məqsədini güdür.

Bu hücumların mahiyyətini və məqsədlərini anlamaq üçün, müasir geosiyasətdə informasiya müharibələrinin necə işlədiyini, xüsusilə də Azərbaycan kimi geosiyasi olaraq strateji önəm kəsb edən bir ölkəyə qarşı həyata keçirilən bu cür manipulyasiyaların məqsədini araşdırmaq önəmlidir. Azərbaycan COP29-a ev sahibliyi edərək beynəlxalq iqlim siyasətinə mühüm töhfələr verməyi planlaşdırır, lakin bu prosesdə ölkənin qarşısına çıxan informasiya hücumları, onun beynəlxalq arenadakı təsirini əngəlləmək və qarşısına qoyduğu məqsədlərini zəiflətmək istəyən qüvvələrin aktivliyini göstərir. Bu hücumlar yalnız Azərbaycanın imicinə deyil, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizəyə olan bağlılığını və bu sahədəki liderlik iddialarını hədəf alır.

Bəs ölkəmiz informasiya cəbhəsində necə mübarizə aparır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu bildirib ki, BMT-nin növbəti iqlim dəyişikliyi konfransı olan COP29-un yaxınlaşması ilə müxtəlif ölkələr və qlobal maraq qrupları, regiondakı çıxarları doğrultusunda Azərbaycanı informasiya hücumlarının hədəfinə çevrilməkdədir:

"Bu hücumların səbəbləri, məqsədləri və strategiyaları, həmçinin onların Azərbaycanın beynəlxalq nüfuzuna və daxili işlərinə təsiri xüsusi araşdırma tələb edir. Ayrı-ayrı sosial media platformalarında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsifaktları aşkarlanıb. Saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərir. Saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır".

Müsahibimizin sözlərinə görə, informasiya hücumları müxtəlif media vasitələri, sosial şəbəkələr, qeyri-hökumət təşkilatları və fərdi aktivistlər tərəfindən icra olunur. Onun fikrincə, Azərbaycanın enerji resurslarına və geosiyasi mövqeyinə görə diqqət mərkəzində olması bu hücumları intensivləşdirir:

"Hücumlar, əsasən, müxtəlif məsələlərə yönəlir. Azərbaycanın neft və qaz istehsalı ekoloji narahatlıqlara səbəb kimi göstərilir. Ölkənin ətraf mühitə mənfi təsir göstərdiyi iddiaları qlobal iqlim dəyişikliyi kontekstində qabardılır. Azərbaycan mühüm enerji layihələrində iştirak etdiyindən, enerji marşrutları və tranzit təhlükəsizliyi kimi məsələlərdə manipulyasiya edilir. Bu hücumlar Azərbaycanın enerji sektoruna və beynəlxalq enerji bazarında roluna kölgə salmaq məqsədi daşıyır. Beynəlxalq təşkilatlar və media qurumları insan hüquqları, ifadə azadlığı və siyasi sabitlik məsələləri ilə manipulyasiyalar edərək Azərbaycana münasibətdə qarayaxma kampaniyası aparırlar".

Vüqar Zifəroğlu onu da qeyd edib ki, COP29 konfransı ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının müxtəlif məqsədləri var:

"Azərbaycanın beynəlxalq səhnədəki nüfuzunu zəiflətmək üçün ətraf mühit problemləri, insan hüquqları və digər məsələlər vasitəsilə ictimai fikirdə mənfi obraz yaradılmasına cəhd edilir. Azərbaycanın enerji sektorundakı mövqeyi və enerji marşrutları strateji əhəmiyyət daşıyır. Hücumların bir məqsədi, Azərbaycanın enerji sektorunda başqalarının təsirini artırmaq və regional enerji bazarında sabitliyə təsir etməkdir. İnformasiya hücumları ilə xarici sərmayəçiləri çəkindirmək və Azərbaycanın iqtisadi inkişafını ləngitmək istənilir. Qlobal şirkətlər və investorlar mənfi informasiya mühitindən təsirlənə bilərlər. Həmçinin, Azərbaycanın qonşuları ilə münasibətləri və regional proseslərdəki rolu, xarici qüvvələrin bölgədə balansı dəyişdirmək istəyinə səbəb olur. Bu hücumlar Azərbaycanın daxili və xarici siyasətində balansı pozmaq məqsədi daşıyır".

Vüqar Zifəroğlu: Ortaya daha böyük əzm, daha böyük iş qoymalıyıq

Həmsöhbətimiz son olaraq COP29 konfransı ərəfəsində Azərbaycanın müxtəlif informasiya hücumlarına məruz qalmasını ölkənin beynəlxalq nüfuzunu zəiflətmək və regional siyasətinə təsir göstərmək məqsədi daşıdığını qeyd edib:

"Lakin məqsədyönlü strategiyalar və effektiv məlumat siyasəti ilə bu hücumların qarşısını almaq mümkündür. Hazırda aparılan kampaniya yenə də məhz Azərbaycana qarşı informasiya müharibəsinin tərkib hissəsi kimi götürülməlidir. Təbii ki, burda məqsəd bəllidir: Azərbaycanı müəyyən güzəştlərə vadar etmək, müəyyən şərtlərini keçirmək və öz hədəfləri naminə hansısa addımları atmağa məcbur etmək. İlk növbədə, Azərbaycan mediasının, Qeyri-Hökumət Təşkilatlarının, ictimai və elm adamlarının üzərinə olduqca məsuliyyətli iş düşür. Həqiqətin nədən ibarət olduğunu, eyni zamanda doğrularımızı yorulmadan, mütəmadi şəkildə və sistemli olaraq dünya ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyət göstərməyə davam etməliyik. Hətta ortaya daha böyük əzm, daha böyük iş qoymalıyıq".

Əli Hüseynov

Избранный
33
bakivaxti.az

1Источники