Bir neçə gün sonra Bakıda BMT-nin ən ali tədbirlərindən biri - İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək. Adından da göründüyü kimi, bu, təkcə Azərbaycanın deyil, tərkibində 200-ə yaxın dövləti birləşdirən bir qurumun - BMT-nin toplantısıdır.
Təəssüflər olsun ki, mötəbər tədbir ərəfəsində Fransa və onun sözü ilə oturub-duran Avropa Parlamenti hər vəchlə onu aşağılamağa, boykot etməyə çağırışlar səsləndirir. Avropa Parlamenti, Norveç, eləcə də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin yer aldığı siyahıya Fransanın ekoloji keçid, energetika, iqlim və risklərin qarşısının alınması naziri Anyes Panye-Runaşe də qoşulub.
Erməni lobbisinə yaxınlığı ilə seçilən nazir hər kəsi təəccübləndirəcək bir çıxış edib. Bildirib ki, Bakıda keçiriləcək COP29-da iştirak edəcək, lakin heç bir fransız rəsmi Azərbaycan hakimiyyəti ilə ünsiyyət qurmayacaq.
İqlim problemləri bütün dünyanın diqqətində olan məsələdir, fransalı nazirin isə bu məsələyə siyasi don geyindirməsi riyakarlığın və qərəzin göstəricidir. "Azərbaycan hakimiyyəti ilə heç bir təmas olmayacaq", - deyən Anyes əlavə edib ki, konfransın Bakıda keçirilməməsini üstün tutardı. O, hətta üstüörtülü şəkildə Ermənistanı da aşağılayıb. “Keçən il iştirak etdiyimiz səsvermədə Azərbaycan növbəti iqlim konfransının keçirilməsi hüququnu Ermənistandan qazandı”, - deyə o eyham vurub.
BMT tədbirinə siyasi don geyindirən nazir həmçinin deyib: “Azərbaycanla diplomatik dildə desək, mürəkkəb, çətin münasibətlərimiz var. Buna görə də Azərbaycan siyasətinin hər hansı elementlərini vurğulaya biləcək fransız rəsmiləri ilə heç bir tədbir olmayacaq".
Fransanın belə anormal, isterik mövqedə dayanmasına səbəb nədir? Bunu bir qədər aydınlaşdırmağa çalışaq. Əvvəla, ondan başlayaq ki, son bir neçə ildə Fransanın bölgəmizdə baş verən hadisələrə göstərdiyi münasibət heç bir diplomatik etikaya sığmayan, beynəlxalq hüquq normalarına uyğun gəlməyən və beynəlxalq münasibətlər sisteminin qanunauyğunluqlarına cavab verməyən ziddiyyətli bir münasibətdir. Bu da daha çox Fransa rəhbərliyinin, ayrılıqda Fransa prezidenti Emanuel Makronun siyasətdə naşı adam olması ilə əlaqədardır.
Konkret Azərbaycana olan münasibət Makron Fransasının daxili və xarici siyasətinin deqradasiyaya uğramasının göstəricisidir. Bu, özünü təkcə Azərbaycana qarşı münasibətdə göstərmir. Fransanın daxili siyasətində, Avropa İttifaqı daxilində öz müttəfiqləri, eləcə də ABŞ və NATO ilə münasibətlərdə də deqradasiya meyillərini görməmək mümkün deyil.