RU

Zirvədə xal fərqi qorundu, məhsuldarlıq kəskin aşağı düşdü - TURUN ŞƏRHİ

Misli premyer-liqasında 12-ci tur geridə qaldı.

Təəssüf ki, turlar ötdükcə məhsuldarlıq yüksəlmək əvəzinə aşağı düşür. Ötən tur 5 oyunda qapılara 9 qol vurulmuşdusa, hesabat turunda bu göstərici 5-ə bərabər oldu. Bir oyunda 2, üç oyunda 1 qol vuruldu, “Turan Tovuz” – “Qarabağ” oyununda, ümumiyyətlə, hesab açılmadı. Hərçənd həmin oyun elə möhtəşəm keçdi ki, qol vurmamağı komandalara bağışlamaq olar.

Tur Tovuzda keçirilən oyunla start götürdü. Turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan komandaların qarşılaşması öz yerində, ilk dövrədə Kurban Berdıyevə uduzan Qurban Qurbanovun bu dəfə qisas alıb-almayacağı da maraq doğururdu. Hesab açılmasa da, oyunu həm stadiondan, həm də ekran arxasından izləyən futbolsevərlər məmnunluq yaşadı. İlk yarı tovuzluların aşkar üstünlüyü şəraitində keçsə də, ikincidə qüvvələr nisbəti bərabərləşdi. Əslində qolsuzluğu həm də qapıçıların möhtəşəm oyunu ilə izah etməliyik. Heç-heçə liderlə əsas izləyicisi arasındakı xal fərqini qorunması anlamına da gəldi.

“Araz-Naxçıvan” əsas rəqiblərinin xal itkisindən yararlanmaya bilməzdi. Zarafat-zarafat, “qırmızı-qaralar” artıq elə vəziyyətə gəlib ki, onları ciddiyə almamaq olmur. Onlar “Neftçi”ni səfərdə məğlub etməklə parlaq seriyanın ömrünü bir qədər də uzatdı. “Ağ-qaralar” isə Samir Abasovun rəhbərliyi altında keçirdiyi üç oyunun yalnız birində qalib gəlib. Təcrübəli və iddialı baş məşqçinin hər dəyişiklik zamanı yalnız bir futbolçunu əvəzləyib, sonda azlıqda oynama məcbur olması, Emin Mahmudovun yerinə futbolçu buraxa bilməməsi də, sadəcə, fiasko idi!

“Zirə” çətin Şamaxı səfərindən 3 xalla qayıtdı. Son üç oyunda qələbəyə həsrət qalan “qartallar” bu tilsimi “şirlər”lə oyunda qırdı.Ötən tur “Qarabağ”a böyük hesabla uduzan Ayxan Abbasovun komandasının isə gücü tükənib. Təsadüfi deyil ki, mütəxəssis oyundan sonra transferlərin zəruriliyindən danışdı.

Turdan qazanclı çıxan komandalardan biri də “Kəpəz”di. Azər Bağırov gələndən sonra 2-ci qələbəsini qazanan gəncəlilər hələ də sonuncu pillədədi. Düzdü, indi onları 9-cu pillədən 1, 8-ci pillədən isə 3 xal ayırır. Bu oyun həm də “Səbail”in baş məşqçisi Şahin Diniyevin istefasıyla əlamətdar oldu. Qriqorçukun ardından Diniyevin də istefasına səbəbkar olan Bağırovun komandası gələn tur “Sabah”ın qonağı olacaq. O “Sabah”ın ki, 5 turdu qələbədi. Bəlkə elə Krunoslav Renduliçin də vaxtı çatıb?!

Və “Sabah”... “Sumqayıt” Vaqif Cavadovun rəhbərliyi altında 2-ci qələbəsini bu komanda üzərində qazandı. “Bayquşlar”ın oyunu ilə bağlı yenə də çoxlu sual var. Premyer-liqada ən güclü heyətlərdən birinə malik olan komanda eyni zamanda hədsiz qeyri-sabit oyun göstərir. Bəs bunun günahı kimdədi. Təbii ki, birinci baş məşqçi yada düşür.

Misli premyer-liqası
2-ci dövrə, 12-ci tur
1 noyabr
Turan Tovuz – Qarabağ 0:0
Neftçi – Araz-Naxçıvan 0:1
2 noyabr
Şamaxı – Zirə 0:2
3 noyabr
Kəpəz - Səbail 1:0
Sumqayıt – Sabah 1:0
1. Qarabağ 11 9 1 1 28-6 28
2. Turan Tovuz 12 7 4 1 19-10 25
3. Araz-Naxçıvan 11 7 3 1 14-10 24
4. Zirə 11 6 2 3 18-8 20
5. Sabah 11 4 5 2 20-17 17
6. Sumqayıt 11 3 1 7 10-15 13
7. Şamaxı 11 3 3 5 8-13 12
8. Neftçi 12 1 6 5 9-17 9
9. Səbail 12 2 1 9 15-22 7
10. Kəpəz 12 2 0 10 8-31 6
Bombardirlər: Cesse Sekidika (Sabah), Felipe Santos (Araz-Naxçıvan)– 6, Coy-Lens Mikels (Sabah) - 5.
Növbəti turun proqramı:
8 noyabr, 15.00. Neftçi – Şamaxı
9 noyabr, 17.00. Səbail – Turan Tovuz
9 noyabr, 19.30. Sabah – Kəpəz
10 noyabr, 16.00. Araz-Naxçıvan – Sumqayıt
10 noyabr, 19.00. Qarabağ – Zirə

ƏSƏD SEYİDOV

Избранный
35
football-plus.az

1Источники