RU

Deputat: “Hər kəs özünü Ali Baş komandanın əsgəri hesab edirdi”

“44 günlük Vətən müharibəsində Azərbaycan dövləti, xalqı və ordusu öz iradəsini ortaya qoydu”. 

Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə “Cebheinfo.az”-a açıqlamasında 8 Noyabr – Zəfər Gününün xalqımızın tarixində əhəmiyyətini şərh edərkən bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqı işğalçıya və onun havadarlarına boyun əymədi.

“Bizə müxtəlif tərəflərdən, xüsusilə müəyyən güc mərkəzlər və beynəlxalq təşkilatlar tərəfindən ciddi təzyiqlər olurdu. Bizi mövcud reallıqla barışmağa, itirilmiş torpaqların ermənilərin xeyrinə rəsmiləşdirilməsinə razılıq verməyə məcbur edirdilər. 

Amma Azərbaycan dövləti, Azərbaycan xalqı heç kimə boyun əymədi və qətiyyətli əzmini ortaya qoydu. İki yüz il ərzində ilk hal idi ki, heç bir torpağımızı vermədik, əksinə torpaqlarımızı işğaldan azad etdik. Sözsüz ki, şanlı qələbəyə nail olmaq üçün çox ağır, çətin və məşəqqətli yol keçdik. İqtisadiyyatımızı gücləndirmək, ordumuzu möhkəmləndirmək, milli ordumuzu yeni və müasir silahlarla təzcih etmək, əsgərlərimizin həmin silahlardan yiyələnməsinə dəstək üçün uzun illər sərf olundu. Genişmiqyaslı təlimlər həyata keçirildi, böyük maliyyə vəəsaitləri yatırıldı.

Çox böyük zəhmətlərdən keçdik. Nəhayət, 44 gün ərzində 3000-dən çox şəhid verməklə torpaqlarımızın əhəmiyyətli hissəsini işğaldan azad etdik. Tarixdə ilk dəfə idi ki, həmin müddət ərzində xalqımız bir yumruq kimi birləşmişdi. Milli, etnik, dini və sosial kimliyindən asılı olmayaraq, hər kəs dövlətimizin və ordumuzun yanında oldu. Hər kəs özünü Ali Baş komandanın əsgəri hesab etdi”. 

O bildirib ki, bunun nəticəsində düşməni məhv etdik: 

“Hər kəsə sübut etdik ki, bir varıq, daim mövcud olacağıq. Bu möhtəşəm qələbədə şəhidlərimizə və qazilərimizə borcluyuq. Heç bir halda onların zəhmətini unutmamalıyıq. Onların canı və qanı hesabına başımızı dik tuturuq. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun”. 

Избранный
24
cebheinfo.az

1Источники