RU

Sən şəhərlər gözəli olacaqsan, Şuşa!

8 Noyabr Şuşa Şəhəri Günüdür

Azərbaycanın tacı Qarabağ, bu tacın ən dəyərli qaşı Şuşa indi Türk dünyasının qürur mənbəyi, qeyrət simvoludur. Təkcə məmləkətdə deyil, dünyanın dörd tərəfində yaşayan azərbaycanlıların hər biri bu gün özünü qarabağlı, şuşalı hiss edir desək, yanılmarıq. Bu gün xalqımız Zəfərlə eyni vaxtda həm də Şuşa Şəhəri Gününü bayram edir. Müqəddəs və doğma məkana çevrilən bu qala-şəhərə bircə dəfə ayağı dəyməyən soydaşımızın qəlbində Şuşa sevgisi boy verir. Bəli, Şuşa Zəfərdən sonra hər bir azərbaycanlının milli kimliyinin, mənəvi varlığının ayrılmaz parçasına çevrildi.

İndi yenidən qurulan, abadlaşdırılan Şuşanın təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulub. Bu il 272 yaşını tamamlayan Şuşa zəngin inkişaf yolu keçib. O zaman Qarabağ xanlığının paytaxtı kimi inşa edilən bu şəhər Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynayıb. Bənzərsiz memarlıq üslubu, özünəməxsus şarmı, qədimi və tarixi görkəmi olan şəhər özünün milli, ziyalı mühiti ilə həmişə seçilib. Həmin mühiti əsrlər boyu qoruyub saxlayan Şuşanın yetirdiyi böyük şəxsiyyətlər Azərbaycanın ədəbi, mədəni, elmi və ictimai fikir salnaməsinə unudulmaz səhifələr yazıblar.

Zəfərin sinoniminə çevrilən şəhər

Zəfərimizin rəmzinə çevrilmiş Şuşa sovet dömənində daim qayğı ilə əhatələnib. Ötən əsrin 70-ci illərində Şuşanın sürətli inkişafı, abadlaşdırılması, qədim tarixi binaların bərpa edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu öndərin təşəbbüsü ilə qəbul edilib. Həmin dövrdə Şuşada abadlıq-quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Üç tərəfdən dik qayalarla əhatə olunan, strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qaldı. 28 il 5 ay davam edən işğal dövründə şəhərin tarix və mədəniyyət yadigarı olan yüzlərlə qədim tikili, abidə vandallar tərəfindən dağıdıldı.

2024-cü il oktyabrın 21-də “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanan baş planda şəhərin ümumi sahəsi 46,765 kvadratmetr olacaq məhəllələrində 25 binanın inşa ediləcəyi planlaşdırılır. Amma, bildiyimiz kimi, Şuşada bərpa-quruculuq işlərinə 2021-ci ildən start verilib. 2022-ci ildə Azərbaycanın, 2023-cü ildə isə “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunan Şuşanın əsl tarixi simasının bərpası istiqamətində nəhəng layihələr gerçəkləşdirilir. Qısa müddət ərzində şair Molla Pənah Vaqifin büstünün və muzey-məqbərə kompleksinin ilkin görkəminə qaytarılması, dahi bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin bərpa edilməsi, Mehmandarovların mülkinin təmir-bərpası, Bülbülün ev-muzeyinin açılışı, habelə buradakı tarixi, dini və memarlıq abidələrinin yenidən inşası prosesi ölkəmizin mədəniyyət paytaxtındakı kompleks işlərin tərkib hissəsidir. Zəfərdən sonra hər il Cıdır düzündə “Xarı bülbül” musiqi festivalının düzənlənməsi, Vaqifin məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası onu göstərir ki, Şuşa sürətlə dirçələrək özünün əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Çoxmərtəbəli binalar

Baş plana əsasən, Şuşanın yeni yaşayış massivi 6 məhəllədən ibarət olacaq. Hər məhəllə üzrə əhali sayı təxminən 2 min nəfər nəzərdə tutulub. Tikinti-quruculuq prosesində şəhərin özünəməxsus memarlıq üslubunun maksimum gözlənilməsinə xüsusi diqqət yetirilir. Şuşanın özünəməxsusluğunu onun coğrafi quruluşu və mövqeyi formalaşdırır. Şəhər bir tərəfdən təbii müdafiə səddi sayılan sıldırım qayalıq, digər tərəfdən isə vaxtilə müdafiə məqsədilə inşa edilmiş qala divarları ilə əhatə olunub. Şuşanı mədəniyyət şəhəri kimi xarakterizə edən əsas amil isə onun tarixən formalaşmış mərkəzi hissəsi, burada yerləşən abidələrdir. Bunlara misal olaraq, Yuxarı və Aşağı Gövhər ağa məscidlərini, Natəvanın evini, Uğurlu bəyin evini, Gəncə giriş qapısını və digərlərini göstərmək olar,

Birinci məhəllədə 3, 4 və 5 mərtəbəli binaların Şuşaya xas memarlıq üslubu ilə inşa edilməsi planlaşdırılıb. Təqdim olunan Baş planda Şuşada orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşa edilməsi nəzərdə tutulub. Bundan başqa, şəhər mərkəzinin, qorunub saxlanılacaq tarixi binaların və abidələrin yerləri layihədə öz əksini tapıb. Şəhərdə 17,6 kilometr yeni yolun inşası nəzərdə tutulur. Baş plan hazırlanarkən şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə yaşıl dəhlizlərin inşası da nəzərdə tutulur.

Onu da xatırladaq ki, bütün bu işlərə başlamaq üçün Prezident İlham Əliyevin göstərişi ilə əvvəlcə Zəfər yolu çəkildi, tunellər tikildi. Bu, Füzulidən Şuşaya istiqamətlənən rahat və geniş magistraldır. İlk işlər infrastrukturun bərpası üzrə aparılıb. İstilik şəbəkəsi bərpa edilib, şəhərə qaz çəkilib. Su təchizatı üçün dağlarda sututarlar yaradılıb ki, şəhərin daimi suyu olsun. 56 kilometr uzunluqda şəhərdaxili yol şəbəkəsi, 81 küçə və müxtəlif kateqoriyalarda 10-12 metr enindən başlayan dar yollaradək layihədə yer alıb.

Baş plana uyğun olaraq, şəhərin tarixi ərazisində kiçik evlər, gözəl terraslı, yaşıllıqlarla əhatə olunan kompleks tikiləcək. Həm ofislərin, həm də mağazaların yerləşəcəyi biznes-rayonun salınması da nəzərdə tutulub. “Qarabağ”, “Şuşa”, “Yasəmən” mehmanxanaları, tarixi hotel şəhərin görkəminə xüsusi çalar qatacaq.

İctimai dayanacaqlar, velosiped yolları...

Baş planın icrası zamanı diqqət yetirilən əsas məsələ Şuşanın əvvəlki memarlıq mühitini qoruyub saxlamaqdır. Şəhərin simasını Seyidli, Qurdlar, Culfalar, Quyuluq, Çuxur, Hacı Yusifli, Dörd çinar, Saatlı, Mərdinli və digər bu kimi tarixi məhəllələrin ölçüləri, oradakı binaların fasadlarının qapalı və açıq hissələrinin nisbəti, horizontal və şaquli bölgülərdəki ardıcıllıqlar və ritmlər, mütənasiblik və miqyaslılıq, istifadə olunan yerli materiallar, özünəməxsus tağlı konstruksiyalar, həmçinin dam örtükləri, eyvanlar və digər memarlıq elementləri formalaşdırır. Bu barədə danışan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşı Ramiz İdrisoğlunun sözlərinə görə, Şuşada bütün tikinti və quruculuq işləri xüsusi nəzarət altında aparılır və bunu “Baş planla parallel olaraq müfəssəl həllərin hazırlanması” proqramı təmin edir. Şuşanın Baş planında orta, yüksək və qarışıq sıxlıqlı yaşayış binalarının inşa edilməsi nəzərdə tutulduğunu deyən komitə rəsmisi layihədə şəhərdə yerləşəcək tikililərin yeri, mərtəbəliliyi, fasadlarının tarixi-memarlıq görünüşü, abidələrin yenidən qurulması və bərpası zamanı əsas götürülən qaydalar və digər vacib detallar öz əksini tapıb. İnşa ediləcək yaşayış evləri ilə bərabər, qarışıq təyinatlı ərazilərdə tikiləcək təhsil, səhiyyə ocaqları, ictimai-iaşə obyektləri və digər tikililərdə də Şuşaya xas memarlıq elementlərindən istifadə olunacaq.

Komitə təmsilçisi onu da bildirdi ki, baş planda şəhərdə ictimai dayanacaqların yerləşmə yerləri də müəyyən olunub. Həmin dayanacaqlar elə yerləşəcək ki, şəhərin küçələrinə giriş-çıxışa maneə olmasın. Bununla bağlı R.İdrisoğlu Şuşanın tarixi və qoruq şəhər statusuna malik olması faktına xüsusi diqqətin yetirildiyini də ayrıca qeyd etdi. Komitə rəsmisinin sözlərinə görə, Şuşaya gələcək turistlərin çoxluğunu nəzərə alaraq, şəhərin giriş qapıları yanında ictimai avtomobil dayanacaqlarının (parklanma yerlərinin) yaradılması nəzərdə tutulur. Bu dayanacaqlar şəhərə gələn qonaqların şəxsi avtomobillərini burada saxlayaraq rahat hərəkət etmələrini təmin edəcək. Həmçinin, yaşayış məhəllələri boyunca yeraltı və yerüstü parklanma yerləri də planlaşdırılıb.

Baş planda nəzərdə tutulan maraqlı ideyalardan biri də Şuşada hansı nəqliyyat növlərinin fəaliyyət göstərəcəyi ilə bağlıdır. Şəhərin küçələrində ictimai və fərdi nəqliyyatla yanaşı, eyni zamanda mühərriksiz nəqliyyat vasitələrinin (velosiped və s.) hərəkət edəcəyi planlaşdırılıb. Nəqliyyat məsələsinin həlli baş planın əsas tərkib hissələrindən biridir. Şuşanın coğrafi mövqeyi, mədəni-tarixi əhəmiyyəti, xüsusilə də turizm imkanları nəzərə alınaraq, bu məsələyə diqqətin daha da artırıldığını deyən R.İdrisoğlu 2040-cı ilə qədər planda nəzərdə tutulan bütün işlərin yerinə yetiriləcəyini bildirdi.

Şuşalıların arzu və istəkləri

Şübhəsiz, tarixi Şuşanı tam əvvəlki görkəminə qaytarmaq, bütün incəlikləri ilə bərpa etmək asan məsələ deyil. Çünki 28 illik işğal dövründə erməni vandalları qala-şəhərin simasına dərin yaralar vurublar. Xüsusilə, qədim məhəllələrdəki yurd yerləri viran qoyulub, bəzi evlər daş-daş sökülərək xarabazara çevrilib. Amma tarixi Şuşa qalasının bir çox məhəlləsini, məsələn, Çöl Qalanı, Çuxur Məhəlləni, Seyidlini, Ağadədəlini, Xocamircanlını əvvəlki görkəminə qaytarmaq, həyət evlərini bərpa etmək çətin olmaz. Bunu bizə rəyini soruşduğumuz şuşalılar dedilər. Onların fikrincə, başqa məhəllələrə də (Köçərli, Saatlı, Mamayı, Dəmirçilər, Culfalar, Təzə Məhəllə, Hamamqabağı, Quyuluq, Böyük Qurdlar, Kiçik Qurdlar, Merdinli, Hacı Yusifli) eyni üsulla sığal çəkmək mümkündür. Şuşalıların ən çox dilə gətirdiyi bir istəkləri də var – tarixi Meydan bulağının əvvəlki yerində bərpası. İşğala qədər bu bulaq Yuxarı Gövhər ağa məscidinin qarşısındakı meydanda yerləşib, elə adı da buradan gəlir. 1992-ci ilin mayında düşmənin ilk uçurtduğu abidələrin biri məhz Meydan bulağı olub. 2024-cü ildə bulaq bərpa olunsa da, şəhərin başqa bir səmtində qoyulub.

İşğala məruz qalana qədər Şuşada müalicəvi əhəmiyyətli sanatoriyalar və istirahət evləri fəaliyyət göstərib. Həmin sanatoriya və istirahət evlərinin fəaliyyətinin bərpa olunması da önəmlidir. Şəhərin qəbiristanlıqlarının – Mirzə Həsən və Mir Fəseh (Cıdır düzü) məzarlıqlarının abadlaşdırılması da dini adətlərə sayğılı qalalıların təbii arzudur.

Şuşa yenə Günəş kimi parlayacaq, Vasif müəllim

“Şuşa” qəzetinin, “Günəş” jurnalının redaktoru, “Şuşa ensiklopediyası”nın müəllifi, Qarabağın tarixi, mədəniyyəti, ədəbiyyatı və etnoqrafiyasının araşdırıcısı Vasif Quliyev işğaldan sonra qəzetə epiqraf kimi bu sözləri seçmişdi: “Şuşa bir Günəşdi, Şuşa bir Aydı, Parisə bənzərdi dağılmasaydı”. Şuşanı canından çox sevən Vasif müəllimin bu pessimist seçimini doğma yurda bir daha dönə bilməyəcəyi nisgilindən doğan hissi kimi qəbul etmək olardı. Amma artıq azad edilən və doğma sakinlərini qoynuna almağa başlayan Şuşanın yenidən gözəl günlərinə qovuşacağına heç kəsin şübhəsi yoxdur. Yəqin, Vasif müəllim özü də əmindir ki, Şuşa onun nisgilini çəkdiyi 32 il əvvəlki görkəminə mütləq qayıdacaq və yenə də Günəş kimi parlayacaq, Ay kimi bərq vuracaq.

İmran BƏDİRXANLI
XQ

Избранный
65
xalqqazeti.az

1Источники