RU

Zəfər! Növbəti səfər - RƏY

30 illik işğal tarixinə malik Ermənistan keçən əsrin sonlarından başlayaraq həm Azərbaycanın 20% ərazisini işğal etmişdir, həm də milyondan artıq vətəndaşlarımızı yalnız azərbaycanlı olduqlarına görə, doğma yurd-yuvasından didərgin salmışlar. BMT-nin 4 qətnaməsi olmasına baxmayaraq, Ermənistan ard-arda Azərbaycana qarşı təxribatçı bəyanatlar verir və danışıqlar prosesini məqsədyönlü şəkildə darmadağın etmişdir.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Hərbi ekspert qeyd edib ki, fasiləsiz olaraq, Ermənistan Azərbaycana qarşı hərbi təxribatlar davam etdirir, təmas xəttində gərginliyi durmadan artırır, cəbhə xəttinə yaxın olan ərazilərimizdə hücum silahları və əlavə qoşunlar cəmləşdirirdi. Böyük həcmdə silah-sursatın Azərbaycan ordusunun mövqelərinə yaxın ərazidə yerləşdirməsi, Ermənistanın genişmiqyaslı hücumuna hazırlaşdığını sübut edirdi.

“Azərbaycan tərəfindən səslənən bəyanatları Ermənistan diqqətə almadı. Nə BMT Təhlükəsizlik Şurasının qərarlarını, nə Azərbaycan torpaqlarının işğaldan istənilən yolla azad edilməsinə dair bəyanatlar Ermənistan tərəfindən qətiyyən diqqətə alınmırdı və növbəti Ermənistan təxribatlarının birində Azərbaycan vətən müharibəsinə başladı və cəmi 44 gün ərzində ərazilərimizin böyük əksəriyyətini erməni silahlılarından təmizlədi. Ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi Azərbaycanın nəzarətinə keçdi.

Ermənistanın Azərbaycan ərazilərində yaratmış olduğu “Ohanyan” xətti kimi tanınan mühəndis istehkam sistemləri bir neçə saat içərisində qəhrəman əsgər və zabitlərimiz tərəfindən darmadağın edildi və ard-arda qələbə xəbərləri bizi ta Şuşanın azad edildiyi günə qədər davam etdi.

Ardınca isə, Qarabağ iqtisadi rayonunda Azərbaycanın rus kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdə bir çox əməliyyatlar həyata keçirdi və sonuncu antiterror əməliyyatı ilə ərazilərimizdə separatizmə birdəfəlik və əbədiyyən son qoyuldu.

Zəfər Günü Azərbaycan tarixinin ən şərəfli səhifəsidir. Bu gün Azərbaycan xalqı Ali Baş Komandanımızın və qəhrəman ordumuzun sayəsində 4 ildir ki, Zəfər bayramını qeyd edir və bu gün Azərbaycan 21-ci əsrin tək qalib ölkəsidir. Ermənistan isə iki dəfə kapitulyasiya aktını imzalamış fərari bir orduya malik ölkədir. Bu gün bütün dünya Azərbaycan xalqının nəyə qadir olduğunu, Azərbaycan ordusunun qəhrəmanlıq salnaməsinə şahidlik edir. Azərbaycan işğalçı ölkə üzərində tarixi zəfər çalmaqla, adını qalib ölkələr sırasına yazdırdı. Zəfər Günü bundan sonra da, Azərbaycan tarixində misilsiz qələbənin simvolu olaraq daim qeyd ediləcək”, - deyə Ədalət Verdiyev vurğulayıb.

Aminə Nəzərova

Избранный
7
2
operativmm.az

3Источники