RU

Mehriban Zeynalova müzakirələrə səbəb olan heykəlin götürülməsindən danışdı: "Cins, bədən deyil, gözəllik görməlisən..."

“Heydər Əliyev Mərkəzinin qarşısındakı müzakirəyə səbəb olan qadın heykəlinə qarşı etirazı sovet təfəkkürü ilə əlaqələndirirlər. Bilmirəm, Sovetin hansı təfəkkürü var idi? Mən də Sovet dövründə yaşamışam. İncəsənət əsəri elə incəsənət əsəridir. Sən burada cins, bədən deyil, gözəllik görməlisən. Bizim camaata nə olub ki, seksist olublar? Elə mühafizəkar yanaşdılar, guya ki... Sözün düzü, heykələ bu qədər vaxt ayrılmasına, enerji sərf edilməsinə, o cür üsyanla yanaşılmasına ad qoya bilmirəm. Mənim üçün anlaşılan deyildi. Bəlkə, fərqli düşüncə tərzimiz var. Belə çıxır ki, dini kəsimlərin təsiri daha çoxdur, etirazlar həllini tapdı. Heykəli canlı təsəvvür etmək, yaxud ona seksist baxmaq başadüşülən deyil. Bəs xarici ölkələrə gedəndə həvəslə  Rembrandtın lüt şəkillərinə niyə baxırlar? Baxmasınlar, gözlərini yumsunlar. Ondan zövq alırlarmı, başa düşürlərmi? Təkcə Mərkəzin qarşısındakı qadın heykəlinə deyil, Aşıq Ələsgərin də heykəlinə qarşı münasibəti gördük. İnsanlarda qəribə aqressiya var. Hər şeyə mız qoymaq, hər şeyi tərsə formada təqdim etmək. Sən nəinki heykəltaraş, heç incəsənət xadimi, mütəxəssis də deyilsən. Bəhanə gətirdilər ki, qadın heykəli xarici ölkələrdə geyimli idi, bizdə geyimsiz”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova  deyib. 

 

“Bu reaksiyaların kökündə nə dayandığını anlamadım, amma bunu anladım - deyəsən, dini kəsim göstərdi ki, sabah qadın hüquqları ilə bağlı hansısa söz deyəndə də belə olacaq. Bu, heykəl idi, canlı insan deyildi. Tənqid edənlərin hər biri ayrı-ayrılıqda gündəlik kinolara da baxırlar. Baxmasınlar, gözlərini yumsunlar, televizoru söndürsünlər. Ən yaxşı reaksiya budur. Səni incidirsə, zövq ala bilmirsənsə, üzünü döndər, get. Düşünürsən ki, bu, uşaqlarının tərbiyəsini pozacaq? Uşaqları acgöz bədənə öyrətmək onların tərbiyəsini pozmaq deyil? Müzakirə olunası çox məsələlər var. Heykəli sökdürdülər və məəttəl qaldım. Bəlkə, problem heykəltaraşın özündə idi, hansısa gizli kodlar verirdi? Dünya şöhrətli heykəltaraşın əsərinin bu cür hoydu-hoyduya götürülməsi... Mədəniyyətdən, avropalaşmaqdan, müasirlikdən danışırıq. Fərqli tərbiyə alan, fərqli mədəniyyət dəyərləri daşıyan bizim yaş həddində olan insanlar heykələ acgözlüklə baxmırlar. İstər qadın, istər kişi olsun. Biz bu düşüncə ilə böyüməmişik. İnsanlara mədəniyyət çox vacibdir. Zorakılıqların kökündə dayanan səbəb də məhz mədəniyyət faktorunun olmaması, insanın insana hörmət qoya bilməməsidir. Canlı insanlara olan münasibətimiz də eynidir. Heykələ olan münasibətimiz elə qadınlara olan münasibətimizin ən mühüm göstəricisi olub. Guya qadını müdafiə edirlər, qadının bədəninə hörmət qoyurlar. Bəs gündəlik həyatda qadını müdafiə edirlər? Absurd yanaşma idi. Xalq, millət olaraq həmin heykələ olan münasibətin kökündə nə dayandığını, nəyə görə belə kəskin reaksiya verildiyini anlamadım. Qadınlar da kişilərə qoşulmuşdu. Niyə belə aqressiya ilə yanaşdılar? Şəxsən mən hesab etmirəm ki, o bədənin mənə dəxli var, sadəcə, olaraq heykəldir, əsərdir”, - o qeyd edib.

Избранный
28
50
turanpress.com

10Источники