RU

Yaşıl və rəqəmsal transformasiyalara həsr olunmuş respublika elmi-praktik konfransı başa çatıb

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktik konfransının bağlanış mərasimi keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

Tədbirdə seksiya iclaslarının sədrləri və katibləri çıxış edərək 60-a yaxın məruzənin dinlənildiyi konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, yaşıl və rəqəmsal transformasiyalar sahəsində mövcud problemlərin həlli üçün yeni imkanların təqdim olunması baxımından əhəmiyyət kəsb etdiyini bildiriblər.

Bağlanış mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev konfransın 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və COP29 kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsinin müvafiq dövlət qurumları qarşısında mühüm vəzifələrdən irəli gələrək təşkil olunduğunu diqqətə çatdırıb.

Alim konfransın seksiya iclaslarında COP29-un çağırışları kontekstində yaşıl iqtisadiyyata keçid və iqlim dəyişiklikləri problemlərinin həllində yaşıl və rəqəmsal texnologiyalar, o cümlədən yaşıl iqtisadiyyatın formalaşmasında süni intellekt, əşyaların interneti, 3D çap texnologiyaları, ekoloji problemlər və İKT, radiasiya təhlükəsizliyi və yaşıl cəmiyyət, yaşıl enerji və smart texnologiyalar və digər əhəmiyyətli problemlərin həlli ilə bağlı təqdim olunan məruzələrdə mühüm nəticələr əldə olunduğunu bildirib.

AMEA-nın vitse-prezidenti seksiya iclaslarında dinlənilən məruzələri yüksək qiymətləndirərək, konfransda yaşıl və rəqəmsal transformasiyaların aktual problemləri haqqında müzakirələr aparıldığını vurğulayıb. Akademik R.Əliquliyev bu konfransın yaşıl və rəqəmsal transformasiyaların elmi-nəzəri problemlərinin həllinə töhfə verəcəyinə əminliyini ifadə edib.

İnstitutun baş direktoru konfransı müvafiq ali təhsil müəssisələri və elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirib.

Избранный
12
1
tehsil.biz

2Источники