Vüsal İsgəndərli bu ilin əvvəlində, daha dəqiqi, yanvarın 3-də Albaniyanın yüksək liqasında çıxış edən “Eqnatiya”dan Türkiyənin 1-ci liqa təmsilçisi “Boluspor”a keçdi.
Elə həmin günün səhəri mövzu haqda "Bir addım irəli, iki addım geri..." sərlövhəli məqalə yazaraq bunun çox yanlış addım olduğunu dedik. Təbii ki, azı həmyerlimiz olduğuna görə fikrimizdə yanılmaq istərdik. Düzü, Vüsalın həmin yazıya gülüş emojisiylə reaksiya verməsi bizi nəinki qıcıqlandırmış, hətta ümidləndirmişdi ki, futbolçumuz özünə inanır və ölkəmizi qardaş Türkiyədə layiqincə təmsil etməklə qərarıyla bağlı neqativ düşüncələri dəyişəcək. Sən demə, hələ az demişik!
O iki yox, daha bir neçə addım gerilədi. Təbii ki, həmin vaxt bu da ehtimallar sırasındaydı. Sadəcə, Vladimir İliç Leninin 1904-cü ilin yazında yazdığı məqalənin sərlövhəsi yetərincə cazibədar görünürdü...
Bəs yanılmadığımızı isbat edən nədi? Sözümüzün canına keçid alaq.
Vüsal İsgəndərli "Boluspor"dan ayrılmağa hazırlaşır. Səbəb ciddidi: baş məşqçisi Ufuk Kahraman ona, demək olar ki, şans vermir. Belə ki,həmvətənimiz "Boluspor"da ümidləri doğrultmur. O, yeni mövsümdə keçirilən 12 matçın səkkizində meydana çıxmayıb. Sonuncu dəfə meydana çıxdığı oyunda isə cəmi 1 dəqiqə oynayıb. Ümumiyyətlə, onun adı son 5 oyunun dördünün iştirak ərizəsinə daxil edilməyib. Birində isə ehtiyat oyunçular skamyasını isitməklə məşğul olub. Mövsümün əvvəlindən bəri mümkün 1080 dəqiqənin yalnız 100 dəqiqəsində tər tökən futbolçu nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Vüsal tarixə qovuşan "Rəvan"ın yetirməsidi. 29 yaşlı mərkəz hücumçusu karyerası ərzində "Simurq", "Zirə", "Keşlə" (indiki "Şamaxı), "Keçiörəngücü" (Ankara, Türkiyə), "Sumqayıt" və "Eqnatiya" kimi klubların şərəfini qoruyub. Onun "Boluspor"la müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта