RU

COP29-u boykot səyləri uğursuzluğa düçar olub, müxtəlif ölkələrdən 80 prezident, vitse-prezident və baş nazirin COP29-da iştirakı bunun sübutudur. Bu barədə noyabrın 12-də Bakıda iqlim sammitinin açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev bildirib.

"Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərs vermək adəti və siyasi riyakarlıq bəzi Qərb ölkələrindəki bəzi siyasətçilər, dövlət nəzarətində olan QHT-lər və feyk-xəbər mediası üçün fəaliyyət metoduna çevrilib", deyə Əliyev bildirib.

Onun sözlərinə görə, bir ildir ki, bu qüvvələr Bakıda iqlim konfransını boykot etmək üçün səy göstərirdilər.

"Mənim sonuncu mesajım o dairələrədir ki, onlar demək olar, artıq bir ildir boykotu təşviq edirlər. Onlar əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, Bakıdakı COP29-a qarşı boykot kampaniyası həyata keçirilsin. Onlara pis xəbərim var: bizim 196 ölkədən 72 min qeydiyyata alınmış iştirakçımız var. Onların arasında 80 Prezident, Vitse-prezident və Baş nazir var", deyə Əliyev bildirib.

O, həmçinin Azərbaycanın mədən yanacağı hasilatını artırması ilə bağlı ittihamların əsassız olduğunu bildirib. O xatırladıb ki, iki il əvvəl məhz Aİ-nin təşəbbüsü ilə energetika sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.

"Bu, bizim ideyamız deyildi. Bu, Avropa İttifaqının təklifi idi. Avropa Komissiyasının prezidenti iki il əvvəl Bakıya gəlib və bizimlə bu sənədi imzalayıb. Çünki onlara Azərbaycan qazı lazım idi", deyə Əliyev qeyd edib. Onun sözlərinə görə, 10-a yaxın Avropa ölkəsi Azərbaycan qazının alıcısıdır və onlar tədarükü artırmağı xahiş edirlər.

Eyni zamanda, o, Azərbaycanın bərpa olunan mənbələrə və yaşıl enerjiyə keçid üzrə böyük planları və layihələri haqqında məlumat verib.

Избранный
30
turan.az

1Источники