Xəbər verdiyimiz kimi, ötən gündən etibarən Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasının açılış mərasimi başlayıb.
Belə ki, Bununla bağlı qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Bu tədbir vasitəsi ilə Bakı iki həftə ərzində dünyanın müxtəlif ölklərindən gələn qonaqlara ev sahibliyi edəcək.
Bəs, görəsən, COP29-a ev sahibliyi edən, dünyanın diqqət mərkəzində olan Azərbaycanın təhsil sisteminə nə kimi faydası olacaq?
Modern.az xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən Milli Məclisin deputatı, qurumun Elm və Təhsil Komitəsinnin üzvü Mehriban Vəliyeva qeyd edib ki, Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı ilə keçiriləcək tədbirlərdə yaşıl təhsil, şagirdlərin ətraf mühit savadlılığı, təhsilin iqlim dəyişmələri ilə mübarizədə rolu və digər mövzularda müzakirələr aparılacaq:
"Noyabrın 18-də COP29 Sədrliyi, Elm və Təhsil Nazirliyi, UNESCO, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) tərəfdaşlığı ilə müxtəlif ölkələrin təhsil nazirlərinin iştirakı ilə “Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı”, “Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzularında panellər təşkil ediləcək. COP29 çərçivəsində həmçinin BMT-nin 2022-ci ildə başlatdığı və 90-dan çox ölkənin qoşulduğu "Greening Education Partnership" təşəbbüsünün ikinci dəfə illik iclasının keçirilməsi nəzərdə tutulur.
“Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi” mövzusunda keçiriləcək paneldə Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (PISA) vasitəsilə məktəblilərin iqlim savadlılığının ölçülməsinə dair Elm və Təhsil Nazirliyinin irəli sürdüyü təşəbbüs müzakirə ediləcək. Belə ki, Elm və Təhsil Nazirliyi İƏİT ilə birgə 2029-cu ildə həyata keçiriləcək növbəti PISA üçün iqlim savadlılığına dair səriştəəsaslı ölçmə və qiymətləndirmə çərçivəsinin hazırlanması təşəbbüsünü irəli sürüb.
“Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusunda keçiriləcək paneldə isə Elm və Təhsil Nazirliyi UNESCO ilə birgə təhsilin yaşıllaşdırılması, hər bir şagirdin iqlim dayanıqlılığına hazır vəziyyətə gətirilməsinə dair müzakirə platforması təşkil edəcək. Bu müzakirə özündə məktəblər, kurikulum, şagirdlərin bilik və bacarıqlarının ölçülməsi, müəllim hazırlığı kimi vacib komponentləri əks etdirəcək".
Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanda keçirilən sessiyasının (COP29) gündəliyində təhsilə xüsusi yer ayrılıb:
"BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının məhz Azərbaycanda keçirilən sessiyasının (COP29) gündəliyində təhsilə xüsusi yer ayrılıb. Belə ki, müzakirə mövzularından biri olan PISA qiymətləndirmələrinə iqlim savadlılığı üzrə göstəricilərin daxil edilməsinə dair Azərbaycanın təşəbbüsü müxtəlif ölkələrin təhsil sistemlərində iqlim məlumatlılığının artırılmasına xidmət göstərəcək".
Deputatın sözlərinə görə, PISA kimi beynəlxalq qiymətləndirmələr vasitəsilə dünya üzrə müxtəlif ölkələr təhsil səviyyələrini müqayisə edə biləcək:
"Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi COP29 çərçivəsində qlobal səviyyədə şagirdlərin iqlim dəyişikliyi ilə bağlı bilik və bacarıqlarının ölçülməsi təşəbbüsü ilə çıxış edib. Bu fəaliyyət Beynəlxalq Şagird Nailiyyətlərinin Qiymətləndirilməsi Proqramları vasitəsilə həyata keçiriləcək.
PISA-da 90-dan çox ölkə iştirak edir və demək olar ki, bu tədqiqat dünyanın əksər bölgələrini əhatə edir. İqlim mövzusunun bu proqram vasitəsilə qiymətləndirilməsi, şagirdlərin daha məlumatlı və məsuliyyətli vətəndaşlar kimi yetişməsinə imkan yaradacaq. Bu təşəbbüs iqlim mövzularının təhsildə daha çox önə çəkilməsinə kömək edə bilər.
Bu təşəbbüsün COP29 çərçivəsində müxtəlif ölkələrin təhsil nazirləri və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı ilə müzakirəsi Azərbaycanın lider rolunu və qlobal təhsil sahəsindəki töhfəsini bir daha göstərir.
Azərbaycanın ev sahibliyi ilə bu müzakirələr, təhsil sistemlərinin iqlim dəyişikliklərinə adaptasiyasını gücləndirmək və daha davamlı təhsil yanaşmalarını formalaşdırmaq üçün qlobal platforma təqdim edəcəkdir. Yüksək səviyyəli müzakirələr beynəlxalq təcrübə mübadiləsinə, təhsil sahəsində strateji qərarların qəbuluna və ölkələr arasında əməkdaşlığın gücləndirilməsinə şərait yaradır.
Azərbaycanın COP29 çərçivəsində PISA ilə bağlı irəli sürdüyü təşəbbüs iqlim dəyişikliyinin qlobal təhsil sistemində davamlı şəkildə qiymətləndirilməsini təmin edən tarixi bir addımdır. Bu təşəbbüs sayəsində PISA çərçivəsində iqlim mövzusu daim diqqət mərkəzində saxlanılacaq və şagirdlərin bu mövzuda bilik və bacarıqları qiymətləndiriləcək. Nəticədə gələcək nəsillər daha məlumatlı, iqlim dəyişikliyinə qarşı həssas və məsuliyyətli vətəndaşlar kimi yetişəcək.
Azərbaycanın bu təşəbbüsü qlobal əməkdaşlığı gücləndirərək iqlim təhsilində davamlı inkişafa töhfə verəcək və təhsilin gələcək iqlim hədəfləri ilə uyğunlaşmasına imkan yaradacaq".
Millət vəkili əlavə edib ki, COP29 çərçivəsində qlobal çağırışlar ali təhsil sahəsində də ayrı-ayrı ixtisaslarda yeni məzmun, yeni fənn imkanlarını reallaşdırır:
"Dövlət proqramlarında tullantıların idarə olunmasında kadr hazırlığı öhdəliyi var. Artıq magistratura təsnifatı yenilənəcək, ayrı-ayrı ixtisasların tərkibində bir sıra ixtisaslaşmalar üzrə magistratura təhsili veriləcək. Həmin ixtisaslaşma üzrə “Bərk tullantıların idarə olunması” istiqamətində ixtisasları üzrə kadr hazırlığı nəzərdə tutulur. 2005-ci ildən Avropanın ali təhsil məkanınına Baloniya prosesinə qoşulub. Balonniya prosesinə üzv dövlətlər, Avropa dövlətləri, Avropaya yaxın tərəfdaşlıq ölkələri və üzv dövlətlər daxilində 30 dövlət daxilində diplomların tanınması nəzərdə tutulur. Buna görə də həm Azərbaycan, həm də bolanoya sisteminə daxil olan dövlətlər bir-birlərinin diplomlarını tanıyır. Buna görə də həmin unversitetlərin məzunları rahat şəkildə olduqları ölkələrdə işlə təmin oluna bilir".
M.Vəliyeva qeyd eeib ki, COP29 çərçivəsində panellər ölkə təhsilinin reklamı baxımından əhəmiyyət daşıyır:
"2023-cü ildən Heydər Əliyev adına Beynəlxalq Qrant layihəsi həyata keçirilməyə başlayıb. Beşillik layihə olaraq “Qoşulmama hərəkatı”, “İslam Əməktaşlıq Təşkilatı”na üzv ölkələrin vətəndaşlarına ayrılmış kvotadır. İllik 100 yerdir. Hər tələbə üçün aylıq 800 manat, ödənişsiz təhsil, sığorta və gediş-gəliş ödənişləri təmin edilir. Bu yerli ali təhsil imkanlarının təbliği, ölkə ali təhsil sisteminin reklamı baxımından əhəmiyyət daşıyır. COP29 çərçivəsində panellər ölkə təhsilinin reklamı baxımından əhəmiyyət daşıyır, lakin bu konteksdə tələbə cəlbi xüsusi olaraq nəzərdə tutulmur. Noyabrın 18-də COP29 çərçivəsində Sumqayıt Dövlət Universitetinin (SDU) dəstəyi ilə Oksford Universitetinin “Said” Biznes Məktəbi, eləcə də "Burjeel” holdinqi tərəfindən “İqlim dəyişikliyi" müsabiqəsinin final mərhələsi təşkil olunacaq.
Müsabiqənin final mərhələsində şagirdlərdən ibarət 5 komanda və 5 müəllim iştirak edəcək. Bu mərhələdə iştirakçıların təqdimatları münsiflər tərəfindən qiymətləndiriləcək. Qaliblərin mükafatlandırılması mərasimi isə mavi zonada, Azərbaycan Milli Pavilyonunda təşkil olunacaq".
Onun sözlərinə görə, “İqlim dəyişikliyi" müsabiqəsinə 135-i Azərbaycandan olmaqla 58 ölkədən 1000-dən çox müraciət daxil olub:
"Bununla yanaşı, noyabrın 18-də SDU ilə Oksford Universitetinin “Saïd” Biznes Məktəbi “İqlim fəaliyyətində gənclərin liderliyi: təhsil və innovasiyalar vasitəsilə dəyişikliklərin ruhlandırılması” panel müzakirəsini təşkil edəcək. Panel iştirakçıları dəyişikliklərə təkan vermək üçün gənclərin səlahiyyətlərinin artırılması ilə bağlı fikirlərini bölüşəcəklər.
Paneldə həmçinin iqlim fəaliyyətləri ilə təhsilin inteqrasiyasına dair uğur hekayələri, çətinliklər və strategiyalar müzakirə olunacaq".