RU

Türk dövlətləri arasında münasibətlər möhkəmləndirilir

Rövlan Heydərov,

YAP Naftalan şəhər təşkilatının sədri 

Tarixi Zəfərimizdən sonra Azərbaycanın xarici siyasət uğurları biri-birini əvəzləyir. İkitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin yeni prioritetlər üzrə inkişaf etdirilməsi ölkəmizin beynəlxalq münasibətlər sistemində artan roluna, möhkəmlənən mövqeyinə işıq salır. Türk Dövlətləri Təşkilatı, həmçinin quruma üzv dövlətlər arasında əlaqələr yüksələn xətlə inkişaf edir. 

2003-cü ildən etibarən cənab İlham Əliyevin dövlət başçısı kimi siyasətində Türk dünyasının birliyinin gücləndirilməsi mühüm yer tutur. Bu gün türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni, o cümlədən hərbi sahələrdə əməkdaşlığın gücləndirilməsi istiqamətində qəbul olunan qərarlar türk birliyinin qlobal gücə çevrilməsi yolunda atılan addımlardır. Bu hədəfin reallaşmasında isə Azərbaycan Prezidenti cənab  İlham Əliyevin müstəsna rolu var.Möhtərəm Prezident cənab  İlham Əliyev ümumtürk birliyinin möhkəmləndirilməsi xəttini xarici siyasətdə mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirərək, təkcə Türkiyə ilə deyil, Orta Asiyanın türk dövlətləri ilə münasibətləri gücləndirmək xəttinə üstünlük verir. Dövlətimizin başçısı türk xalqlarının oxşar milli irsinə, dəyərlərinə, mental xüsusiyyətlərinə həm də güclü ideoloji-siyasi amil kimi yanaşır. Ona görə də, bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.

Ötən əsrin 90-cı illərindən başlayaraq, türkdilli dövlətlərin başçılarının Zirvə görüşləri ortaq mənəvi irsin qorunması və təbliği baxımından mühüm rol oynamışdır.Türkdilli dövlətlərin başçılarının Zirvə görüşlərinin keçirilməsi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) yaradılması, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaradılması, Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) təsis edilməsi, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Fondu və Türk Biznes Şurası kimi bənzər və ya bağlı təşkilatların qurulması məhz bu zərurətdən irəli gəlmişdir. Qeyd olunan qurumların yaradılmasından sonra türkdilli ölkələr arasında olan əməkdaşlıq yeni təşkilati mərhələyə daxil olmuşdur. Beləliklə, Türk dövlətlərinin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkəmlənməsinə zəmin yaratmış oldular.

Son bir neçə ildə Türk Dövlətləri Təşkilatı (TDT) mütəşşəkkil bir birliyə çevrilib. Xüsusilə ölkəmiz türk dövlətləri ilə birgə yaratdığı Türk Dövlətləri Təşkilatını öz ailəsi hesab edir və bu təşkilatın daha da güclənməsini və regional güc mərkəzi kimi inkişaf etməsini istəyir. Noyabrın 6-da Bişkek şəhərində Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib. Bu görüş, türk dünyası ölkələri arasında əməkdaşlığın inkişafına daha bir önəmli töhfə verib. Zirvə çərçivəsində türk dünyasının birliyi, mədəni və iqtisadi əməkdaşlıq məsələləri geniş müzakirə olunub. Türk Dövlətləri Təşkilatının təməlini qoyan Naxçıvan Sazişi çərçivəsində təşkilatın fəaliyyəti və nailiyyətləri yüksək qiymətləndirilib.

Cənab Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı Ermənistanın 30 il ərzində işğalçılıq siyasətinin nəticələrindən də bəhs edib. İşğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələrimiz, qəbiristanlıqlarımız Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılıb. Eləcə də, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən möhtəşəm quruculuq işləri barədə məlumat verilib, bu prosesdə türk dövlətlərinin dəstəyi minnətdarlıqla qarşılanıb.Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. Orta Dəhlizin reallığa çevrilməsi Azərbaycan da daxil olmaqla, türk dövlətlərinə iqtisadi dividendlər qazandırmaqla, onların geosiyasi əhəmiyyətini də beynəlxalq müstəvidə artıracaq.

Cənab Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə bəyan edib ki, Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlərlə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin Qarabağ məsələsində Azərbaycana dəstək verməsi, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstan kimi dövlətlərin azad olunmuş ərazilərimizdə qardaşlıq hədiyyəsi olaraq məktəb və yaradıcılıq mərkəzləri tikməsi dostluq və qardaşlıq münasibətlətlərini daha da gücləndirir.

Azərbaycan tək regionda deyil, türk dünyasında da aparıcı mövqeyini qoruyaraq, mühüm addımlar atır, təşəbbüslər göstərir. Bütün bu diplomatik uğurlar isə ölkə başçısı cənab İlham Əliyevin müdrik siyasi fəaliyyəti nəticəsində davam edən iqtisadi inkişafla vəhdət təşkil edərək, Azərbaycanı lider ölkələr sırasına çıxarır.

Избранный
5
yeniazerbaycan.com

1Источники