RU

Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Bakıda elan edildi

Alimlər Solomon adalarının cənub-şərqində, Sakit okeanda dünyanın ən böyük mərcanını kəşf ediblər.

News24.az-ın Oxu.Az-a istinadla verdiyi məlumata görə, bu sensasion xəbər Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) elan olunub.

Bildirilir ki, tapılan nəhəng mərcan 300 illik tarixə malik olmaqla yanaşı, çoxsaylı kiçik canlının birləşməsindən əmələ gəlib.

Ölçülərinə görə, hətta göy balinadan da böyük olan bu mərcan, "National Geographic" ekspedisiyası zamanı üzə çıxarılıb.

Ekspedisiyanın üzvü olan operator Manu San Feliks qeyd edib ki, əslində bu ərazi xəritələrdə batan gəminin yeri kimi qeyd olunub. O da araşdırma üçün dərinliyə baş vurarkən bu möhtəşəm mərcanı kəşf edib.

"Bunu gördüyümdə özümü sanki su altında kilsənin içində hiss etdim. Çox həyəcanlı bir təcrübə idi. Əsrlər boyu sağ qala bilən, özü də bir yerdə qalan belə bir varlığa dərin ehtiram duyuram", - deyə o, həyəcanını bölüşüb.

Xüsusi ölçmə aparatı ilə aparılan araşdırmalar nəticəsində məlum olub ki, kəşf edilən mərcan 34 metr enində, 32 metr uzunluğunda və 5.5 metr hündürlüyündədir.

Qeyd edək ki, mərcanlar dənizlərin "memarları" adlandırılır, balıqlar və digər dəniz canlıları üçün sığınacaq rolunu oynayan böyük riflər əmələ gətirə bilirlər. Lakin iqlim dəyişikliyi nəticəsində okeanların istiləşməsi ilə əlaqədar mərcanlar ciddi təhlükə altındadır.

Solomon adaları İqlim Dəyişikliyi naziri Trevor Manemahaga bildirib ki, kəşf olunan bu mərcanın mühafizəsi vacibdir:

"Bu ərazinin xüsusi bir yer olduğu və qorunmasının vacibliyini dünya bilməlidir", - deyə o bildirib.

O, adaların iqtisadiyyatının dəniz resurslarına əsaslandığını və mərcanların bu baxımdan çox əhəmiyyətli olduğunu vurğulayıb.

Qeyd edək ki, Solomon adaları iqlim dəyişikliyindən ən çox zərər çəkən kiçik ada ölkələrindəndir. Qlobal istiləşmə nəticəsində adalarda daha güclü qasırğalar və sahil eroziyası müşahidə olunur, evlər dənizə qərq olur. Bu vəziyyət yerli əhalinin dolanışıq mənbələrini də təhdid edir.

Ekspedisiyada iştirak edən alim Erik Braun qeyd edib ki, kəşf olunan mərcanın sağlamlıq vəziyyəti çox yaxşı görünür:

"Yaxınlıqdakı dayaz riflər isti sular səbəbindən məhv olarkən, bir qədər dərin sularda bu sağlam mərcan vadisini görmək ümidverici bir işarədir", - deyə o bildirib.

Tapılan nəhəng mərcan "Pavona clavus" növünə aiddir, krevetkaların, xərçənglərin, balıqların və digər dəniz canlılarının məskənidir.

Alimlər hesab edirlər ki, bu mərcan keçmiş dəniz şəraiti haqqında məlumat əldə etməyə imkan verən bir pəncərə rolunu oynayır.

Son hesabata görə, isti sularda yaşayan mərcanların 44%-i nəsli kəsilmək təhlükəsi altındadır. Bu göstərici 2008-ci ildə aparılan son qiymətləndirmə ilə müqayisədə 1/3 nisbətində artım deməkdir.

Избранный
644
4
news24.az

5Источники