Dünya bu bacarıqların inkişafı sayəsində təhlükədən qurtula bilər
Yaşıl ixtisasların tədrisinin genişləndirilməsi və yaşıl bacarıqların inkişafı ölkə təhsilinin prioritet istiqamətlərindəndir. Maraqlıdır, şagirdlərə hansı bacarıqlar aşılamalıdır ki, onlarda yaşıl düşüncə formalaşsın?
Elm və təhsil naziri Emin Əmrullayev hesab edir ki, yaşıl bacarıqlar bütün ixtisasların daxilində iqlim dəyişikliklərinin ətraf mühitə təsirlərinin qarşısını almaq üçün səriştələrin formalaşdırılması kimi başa düşülməlidir: “Düşünürəm ki, istiqamətimiz yeni ixtisaslarla yanaşı, mövcud ixtisasların məzmununa yaşıl komponentin gətirilməsi olmalıdır”.
Şagirdlərin ekoloji problemlərə ziddiyətli baxışı yaranmalıdır
Bakı Mühəndislik Universitetinin Kimya və biologiya kafedrasının Baş müəllimi Elşad Yunusov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib ki, məhz Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda bu istiqamətdə bacarıqların formalaşdırılmasına ümumi təhsil pilləsindən başlanılıb. Hazırda təkmilləşdirilmiş kurikulumlar əsasında dərsliklər yenilənir, yeni yanaşmalarda ətraf mühit və ona münasibət kimi anlayışlar diqqət mərkəzində saxlanılır: “Məsələn, birinci sinif şagirdləri üçün “Həyat bilgisi” dərslərində tullantıların qruplaşdırılması öyrədilir. Bu sinifdə şagirdlər artıq zibil qutularının təyinatını onların rənginə görə təyin edə, rənglərindən asılı olaraq, bu qablara hansı çeşidli tullantılar ata biləcəklərini aırd edə bilirlər. Bu, onu göstərir ki, qeyd edilən istiqamət üzrə təbliğat, təşviqat işləri ibtidai sinifdən başlayıb. Uşaqlara bu vərdişlərin aşılanması daha uğurla gedir və onlar yeni məlumatları daha tez mənimsəyirlər”. Mütəxəssisin fikrincə, yaşıl bacarıqlar Nazirlər Kabinetinin “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın təsdiq edilməsi haqqında”qərarı əsasında formalaşdırılmalıdır ki, bu səriştələr də 3 istiqamət - təfəkkür, fəaliyyət, dəyərlər üzrə üzrə təsnifləndirilib: “Şagirlərdə tənqidi təfəkkürü formalaşdırmaq lazımdır ki, onların ekoloji problemlərə ziddiyətli baxışı ortaya çıxsın və biz onların yaradıcı düşüncəsini görə bilək. Qoyulan problemlər onu necə aradan qaldıra bilərəm sualını yaratmalıdır. Həmin problemlərin siyahısında iqlim dəyişikliyi və onun mənfi nəticələri ola bilər. Temperaturun yüksəlməsi, quraqlıq, su qıtlığı və bunların nəticəsi olaraq, şoranlıqların artması proseslərinin intensivləşməsi artıq dünyanı gələcəkdə nə gözləyə biləcəyinə dair fikirlər formalaşdırır və buna görə də hazırda bu vəziyyətdən çıxış yolları axtarılır. Nəticədə nə baş verir? Şagirdlərin “Nə edə bilərəm?” sualı ətrafında düşünməyə başlaması onları əməkdaşlığa, komanda şəklində işə sövq edir. İnformasiya mübadiləsi öz növbəsində məlumatlılığa və informasiya bazasını təhliletmə bacarığının formalaşmasına gətirib çıxarır. Daha sonra şagirdlərin rəqəmsal imkanlarının artırması olduqca vacibdir. Şagirdlərimizdə ehtiyacların müəyyənləşdirilməsi, problemli situasiyalarda həll yollarının tapılması bacarıqlarını inkişaf etdirmək olar. Bu halda onlar “mən fəal vətəndaş kimi öz mövqeyimi necə ortaya qoya bilərəm” deyə düşünərlər.
Ekoloji təhlükəsizliyin təbliği yalnz məktəblərlə məhdudlaşmamalıdır
Bəs, bu prosesdə müəllimlərin rolu nədən ibarətdir?
Baş müəllimin fikrincə, indiki nəsil texnologiyadan daha sürətli istifadə etmək bacarığına sahibdir. Ona görə də müəllimlərin üzərinə sadəcə bir iş düşür ki, bu da şagirdlərin yerinə iş görmək yox, onların baxış istiqamətlərinə təsir edə bilməkdir. Çünki baxış istiqamətinin düzgün yönləndirilməsi məktəbdə düzgün düşüncənin formalaşdırılması deməkdir: “Uşaqların xəyallarını, arzularını bu istiqamətə yönəldə bilsək, onlar mütləq uğur qazanacaqlar və dünyanın bir çox problemlərinə həll yolu təklif edəcəklər. Amma bu, sadəcə məktəblərlə məhdudlaşmamalıdır. Ekoloji təhlükəsizlik bütün cəmiyyətə aşılanmalıdır”.
E.Yunusovun qənaətinə görə, əslində, yaşıl bacarıqlar sadəcə ekoloji böhranın qarşısını almağa yox, insanlar arasında mədəni müxtəlifliklərin və ünsiyyətlərin inkişaf etdirilməsinə, ünsiyyətlərin sağlam olmasına və nəhayət, dünyanın təhlükədən qurtarılmasına gətirib çıxarar: “Yaşıl ixtisaslaşma, yaşıl bacarıq insanların birliyinə təsir edən vacib amildir. İnsanlar bunun sayəsində anlayacaqlar ki, heç kim dünyanın ekoloji problemlərini təkbaşına həll edə bilməz. Ekoloji böhran dünyanı birliyə dəvət edir. Birlik daha böyük növbəti fəsadların qarşısını almağımız, müharibələrə “dur” deməyimiz, təbiətin, heyvanların, bütün canlıların haqlarını qorumağımızdır”.