RU

2030-cu ilə qədər Özbəkistanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı ən azı 40 faiz təşkil edəcək - Nazir müavini

2030-cu ilə qədər Özbəkistanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı ən azı 40 faiz təşkil edəcək.

Olaylar xəbər verir ki, bunu Özbəkistanın energetika nazirinin müavini Ümid Mamadaminov Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinin təşviqi üzrə Nazirlər Dialoqu zamanı bildirib.

"Özbəkistan yüksək enerji istehlakına malik bir ölkədir. Emissiyaların 70 faizi enerji sektorunun payına düşür. İqlim dəyişiklikləri probleminin vacibliyini anlayırıq və son illərdə Özbəkistan karbon izini azaltmaq və dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün bərpa olunan enerji mənbələrinin inteqrasiyası üzərində fəal işləyir", - deyə o bildirib.

Onun sözlərinə görə, ölkə bərpa olunan enerji payını artırmaq məqsədini qarşısına qoyub. Enerji sektorunun keçidində qonşu ölkələrlə əməkdaşlıq, transsərhəd əlaqələrin gücləndirilməsi vacibdir. Bu, xüsusilə dəyişkən enerji mənbələrinin şəbəkələrə inteqrasiyası zamanı mühüm əhəmiyyət kəsb edir. Bütün regionun resurslarından istifadə etmək lazımdır.

"Qazaxıstan, Tacikistan və Qırğızıstan hidroenerji potensialına malik zəngin su resurslarına malikdir. Biz artıq Qırğızıstanın hidroenerji potensialını inkişaf etdirmək üçün Tacikistan və Qazaxıstan ilə sıx əməkdaşlığa başlamışıq. Xüsusilə Kambarata SES layihəsi çərçivəsində və Tacikistan ilə bir çox hidroenerji layihələri həyata keçirilir", - deyə Ü.Mamadaminov vurğulayıb.

O, Paris Sazişinin 6-cı maddəsinin Mərkəzi Asiya ölkələrinə karbon layihələrinə investisiya cəlb etmək və karbon bazarlarını yaratmaq üçün əlavə imkanlar yaratdığını qeyd edib

"Hazırda Mərkəzi Asiya ölkələrinin hamısı karbon bazarlarına dair strategiyalarını hazırlayır və zəruri normativ-hüquqi bazanı formalaşdırır. Bu ilin sonuna qədər biz öz karbon bazarları strategiyamızı hazırlamağı və normativ-hüquqi bazanı yaratmağı planlaşdırırıq ki, bu da özəl sektor üçün əlavə imkanlar yaradacaq", - deyə o bildirib.

Ü.Mamadaminov əlavə edib ki, bu vəzifələrin həyata keçirilməsi üçün maliyyə institutlarının və beynəlxalq ictimaiyyətin strategiyaların hazırlanmasında və etibarlı normativ-hüquqi bazanın yaradılmasında dəstəyi vacibdir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
7
1
olaylar.az

2Источники