RU

COP for Hope: İstəyimiz odur ki, bütün ölkələr öz təhsil sistemlərində iqlim dəyişiklikləri mövzusunu tətbiq etsinlər - Nazir müavini

COP29 çərçivəsində Trend BİA "COP for Hope" adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz elm və təhsil nazirinin müavini Həsən Həsənlidir.

Day.Az xəbər verir ki, o, Trend-ə açıqlamasında bildirib ki, müxtəlif ölkələrin öz təhsil sistemlərində iqlim dəyişiklikləri mövzusunu tətbiq etmələrini, məzmunlarını, qiymətləndirmə siyasətlərini buna uyğunlaşdırmalarını istəyirlər.

Həsən Həsənli, təhsil sektorunun da iqlim dəyişiklikləri ilə bağlı görüləcək işlərin tərkib hissəsi olduğunu bildirib:

"Bildiyiniz kimi, COP29 çərçivəsində bütün dünya Bakıya təşrif buyurub. Əlbəttə ki, təhsil də iqlim dəyişiklikləri ilə bağlı görüləcək işlərin tərkib hissəsidir. Təhsillə bağlı partnyorlarımızla bir yerdə ayın 18-i bir neçə tədbirimiz olacaq. Onlardan əsas gözləntimiz bundan ibarətdir ki, beynəlxalq qiymətləndirmələrdə iştirak edən ölkələrlə bir yerdə razılığa gələk ki, bütün beynəlxalq qiymətləndirmələrdə iqlim dəyişikliyi mövzusu həmin suallara və həmin məzmuna inteqrasiya olunsun. Beləliklə, müxtəlif ölkələr öz təhsil sistemlərində bu praktikaları tətbiq etməyə, məzmunlarını, qiymətləndirmə siyasətlərini buna uyğunlaşdırmağa başlasınlar və biz bu mövzunun ilk növbədə ümumtəhsil müəssiələrində əhəmiyyətini, müzakirə sayını artıraq".

"Bundan əlavə, bizim ali təhsillə də bağlı "QS" reytinq agentliyi il birlikdə təşəbbüsümüz var. Onlar COP29-da növbəti ilin dünyanın aparıcı universitetlərinin reytinqini elan edəcəklər. Bu reytinq ilk növbdə həmin universitetlərin dayanıqlığı siyasətləri ilə bağlıdır. Düşünürük ki, bu da önəmli bir addım olacaq ki, ali təhsildə iştirak edən tərəfdaşlar bu istiqamətə öz diqqət və töhvələrini artırsınlar", - deyə nazir müavini əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
4
2
day.az

3Источники