RU

Dünya Bankı Avropa və Mərkəzi Asiyada enerji səmərəliliyi planlarını COP29-da açıqladı

Bakı, TurkicWorld

Avropa və Mərkəzi Asiyada yaxın zamanlarda yaşanan enerji böhranı regionun qalıq yanacaqlardan həddindən artıq asılı olduğunu və mövcud enerji sisteminin zəifliklərini üzə çıxardı.

TurkicWorld xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti Antonella Bassani Bakıda keçirilən COP29 çərçivəsində panel müzakirədə çıxışı zamanı bildirib.

A.Bassani regionun enerji sistemindəki çatışmazlıqlara toxunaraq, onun transformasiyasına ciddi ehtiyac olduğunu vurğulayıb.

"Təbii qaz və elektrik enerjisi qiymətlərindəki kəskin artım istehlakçılara təsir göstərdi, enerji asılı sektorlara ziyan vurdu və xüsusilə enerji yoxsulluğunun hələ də yüksək olduğu bölgədə həssas ev təsərrüfatlarına ağır zərbə vurdu", - o deyib.

A.Bassani enerji səmərəliliyi məsələlərinə toxunaraq bildirib ki, enerji səmərəliliyinin artırılması proqramı tələbat yönümlü problemlərin həllinə hədəflənmiş 10 illik çoxölkəli təşəbbüsdür. Bu təşəbbüs çərçivəsində Dünya Bankı təxminən 1,5 milyard dollar vəsait ayıracaq. Gözlənilir ki, proqram dövlət və özəl sektordan, eləcə də, beynəlxalq tərəfdaşlardan əlavə olaraq 2,5 milyard dollar cəlb edəcək.

A.Bassani əlavə edib ki, Mərkəzi Asiya daha ciddi enerji çağırışları ilə üzləşib.

"Mərkəzi Asiyanın qaz idxalından asılılığı Avropa ilə müqayisədə daha aşağıdır, lakin 2020 və 2022-ci illərin sərt qışları nəticəsində infrastrukturun xroniki maliyyə çatışmazlığı səbəbindən bölgədə enerji və istilik çatışmazlığı kəskin şəkildə hiss olundu", - o bildirib.

Vitse-prezident qeyd edib ki, bölgənin enerji vəziyyəti narahatedici olaraq qalır.

"Bu gün bölgədə dünyanın ən çox enerji sərf edən iqtisadiyyatlarından bəziləri yerləşir və bəzi ölkələrdə elektrik enerjisinin cəmi 10 faizdən azı bərpa olunan mənbələrdən istehsal olunur. Bu problemlər enerji təhlükəsizliyinin təmin edilməsinə, enerji resurslarının əlçatanlığına və dayanıqlı inkişafa nail olmaq üçün diqqətin artırılmasının zəruriliyini göstərir. Bu, qalıq yanacaqlardan asılılığın azaldılması, bərpa olunan enerji və enerji səmərəliliyi sahəsində investisiyaların sürətləndirilməsi ilə mümkündür", - A.Bassani bildirib.

O vurğulayıb ki, dəyişikliklər artıq başlayıb.

"Region öz enerji balansını transformasiya edərək və təmiz enerjiyə keçidi sürətləndirərək, düzgün istiqamətdə irəliləyir. Avropa və Mərkəzi Asiyanın doqquz ölkəsi 2050-2060-cı illərə qədər karbon neytrallığına nail olmağı öhdəsinə götürüb. Bundan başqa, ötən il Dubayda keçirilmiş COP28-də 18 ölkə bərpa olunan enerji gücünü üç dəfə artırmağa və 2030-cu ilə qədər enerji səmərəliliyinin artım tempini ikiqat artırmağa söz verib", - A.Bassani bildirib.

O qeyd edib ki, bu məqsədlərə nail olmaq üçün ciddi səylər tələb olunacaq.

"Belə iddialı planların həyata keçirilməsi bərpa olunan enerji mənbələrindən geniş istifadəni və enerji səmərəliliyinin artırılmasını tələb edəcək ki, bu da öz növbəsində böyük investisiyalar və özəl sektorun fəal iştirakını tələb edir", - deyə o bildirib.

A.Bassani qeyd edib ki, Dünya Bankı bu məqsədlərə nail olmaq üçün iki genişmiqyaslı təşəbbüs həyata keçirib.

"Bu ilin əvvəlində biz iki proqram başlatdıq: biri enerji səmərəliliyinin artırılmasına, digəri isə bölgədə bərpa olunan enerjinin inkişafına yönəlib. Bərpa olunan enerji üzrə çoxölkəli proqram ilkin mərhələdə təxminən 2 milyard dollar maliyyə ilə başlayıb. Gözlənilir ki, bu proqram ekoloji təmiz enerji üçün əlavə 6 milyard dollar özəl investisiya cəlb edəcək və digər beynəlxalq tərəfdaşların güzəştli maliyyə dəstəyi ilə birgə maliyyələşdirmə imkanları yaradacaq", - Antonella Bassani əlavə edib.

Bu təşəbbüslər Avropa və Mərkəzi Asiya regionlarında enerji böhranını aradan qaldırmaq və enerji sisteminin dayanıqlı inkişafını təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
4
1
turkic.world

2Источники