RU

Kişi müəllimlərinin sayı niyə azalıb? - SƏBƏBLƏR BƏLLİ OLDU - TƏHSİL EKSPERTİ

“Məktəblərdə kişi müəllimlərin azalması təhsildə ciddi problemlərdən biridir. Bu, xüsusilə oğlan şagirdlərin inkişafında balansın pozulmasına və onların kişi müəllimlərdən alacaqları dəstək və nümunə rolunun itirilməsinə səbəb olur. Kişi müəllimlərin məktəblərdə sayının azalması həm sosial, həm iqtisadi, həm də mədəni amillərlə bağlıdır. Nazirlik və digər qurumlar bu tendensiyanın qarşısını almaq üçün bir sıra tədbirlər həyata keçirə bilər”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, kişi müəllimlərin azalmasının əsas səbəblərindən biri maaşların aşağı olmasıdır: “Təhsil sektorunda əməkhaqqı digər sahələrlə müqayisədə daha az cazibədar olduğundan, kişi müəllimlər daha yüksək gəlir gətirən sahələrə yönəlir. Bu, xüsusilə ailə təminatçısı rolunu oynayan kişilər üçün prioritet məsələyə çevrilir. Nazirlik bu problemi həll etmək üçün müəllimlərin maaşlarının artırılması istiqamətində işlər görə bilər. Son illərdə müəllimlərin maaşlarının qismən artırılması müşahidə edilsə də, bu, kişi müəllimlərin məktəbə cəlb edilməsinə kifayət etmir.

Kişi müəllimlərin azalmasına səbəb olan digər bir faktor peşənin ictimai imici ilə bağlıdır. Cəmiyyətin bir çox hissələrində müəllimlik qadın peşəsi kimi qəbul edilir, bu da kişilərin bu sahəyə marağını azaldır. Nazirlik tərəfindən ictimai kampaniyalar və təşviqat işləri aparılaraq, müəllimlik peşəsinin hər iki cins üçün uyğun olduğu vurğulanmalıdır. Bu cür təşviqatlar cəmiyyətin peşəyə olan baxışını dəyişə bilər.

Peşəkar inkişaf və karyera imkanlarının məhdudluğu da kişi müəllimlərin məktəblərdə qalmağı seçməməsinə səbəb olur. Müəllimlərin peşəkar inkişafı üçün geniş təlimlər, sertifikatlaşdırma proqramları və karyera yüksəlişi imkanlarının yaradılması kişi müəllimlərin bu sahəyə marağını artıra bilər. Nazirlik müəllimlərin liderlik mövqelərinə çıxışını asanlaşdıraraq onların məktəb mühitində rolunu gücləndirə bilər.

Bununla yanaşı, məktəblərdə kişilərin daha çox yer aldığı idman, texnologiya və digər praktik fənlərə xüsusi diqqət ayrılmalıdır. Bu dərslərin qadın müəllimlər tərəfindən tədris edilməsi peşə seçimində kişi müəllimlərin iştirakını daha da azaldır. Nazirlik idman və texniki fənlər üçün kişi müəllimlərin cəlb edilməsi məqsədilə xüsusi proqramlar hazırlamalıdır.

Kişi müəllimlərin məktəblərə geri qaytarılması yalnız maliyyə təşviqləri ilə deyil, həm də sosial və peşəkar dəstək tədbirləri ilə mümkün ola bilər. Onlara təhsil sistemində daha çox liderlik imkanları verilməli və iş şəraiti yaxşılaşdırılmalıdır. Nazirlik bu istiqamətdə daha geniş və məqsədyönlü tədbirlər həyata keçirməlidir ki, kişi müəllimlər təhsil sisteminə qayıtsın və oğlan şagirdlərin təlim-tərbiyəsində öz mühüm rolunu oynasın”.

Müəllif: Səbinə Hüseynli
Избранный
12
sia.az

1Источники