RU

Üçüncü Dünya müharibəsi QAPIDA: Son on ildə ilk dəfə…

Koreya Mərkəzi Teleqraf Agentliyinin (KMTA) yaydığı xəbərə görə, Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ordunun batalyon komandirləri və siyasi rəhbərlərinin dördüncü toplantısında çıxış edib və son on ildə ilk dəfə tam döyüş hazırlığında olmağa çağırış edib.

Məlumatda bildirilir ki, Şimali Koreya lideri “ABŞ və marionet Koreya Respublikası da daxil olmaqla düşmən qüvvələrin respublikaya qarşı hərbi qarşıdurma dəliliyinin təhdidedici xarakterini” qeyd edib və bunun regionun tarixində ən gərgin vəziyyəti yaratdığını bildirib. O, Şimali Koreya Silahlı Qüvvələrini müharibəyə hazırlığın təkmilləşdirilməsi və döyüş qüvvələrinin artırılması üçün bütün səyləri göstərməyə çağırıb.

Bu hazırlıq Rusiya-Ukrayna müharibəsinin miqyasını genişləndirə, Cənubi və Şimali Koreya respublikaları arasında da savaşa səbəb ola bilərmi?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, Rusiya Şimali Koreya hərbi əməkdaşlığı ikitərəfli hüquqi baza üzərində qurulub.

Onun sözlərinə görə, Kurskdakı döyüşlərə koreyalı əsgərlərin cəlb olunması hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq kimi təqdim edilsə də faktiki olaraq, Şimali Koreya dövləti Ukraynaya qarşı müharibəyə qatılıb: “Bu, bizim düşündüyümüzdən daha böyük və miqyaslı problemlərə yol aça bilər. Prosesə sadəcə Şimali Koreya ilə Ukrayna arasında münasibətlər kontekstində yanaşma düzgün deyil. Bu, digər ölkələrin də belə bir prosesə cəlb olunmasına gətirib çıxara bilər. Ukrayna ilə Şimali Koreya məsafə baxımından bir-birindən çox uzaqdırlar. Onlar bir-birlərinə qarşı açıq müharibə apara bilməzlər. Bunu apara biləcək yeganə tərəf Şimali Koreyadır ki, o artıq Ukraynaya qarşı tərəf olaraq müharibədə iştirak edir. Söhbət burada muzdlulardan getmir, dövlət səviyyəsində hərbçilərin seçilərək, hazırlanaraq Ukraynaya qarşı döyüşə cəlb edilməsindən gedir. Bu, Ukraynaya qarşı müharibədə iştirakdır və başqa adı yoxdur. Halbuki Ukrayna Şimali Koreyaya qarşı heç bir addım atmayıb”.

Politoloq vurğulayıb ki, Şimalı Koreya əsgərlərinin Ukrayna cəbhəsində müharibəyə cəlb olunması Kremlin maraqlarına uyğundur: “Birincisi, Rusiyanın ordusu acınacaqlı vəziyyətdədir. Hətta o qədər acınacaqlı vəziyyətdədir ki, generalından müdafiə nazirinə, əsgərinə qədər hamısı kriminallaşıb. Son dövrlər diqqət yetirmisinizsə, Rusiya müstəqil və müxalif mətbuatının “Z” bloger adlandırdığı, müharibəni dəstəkləyən blogerlər arasında həbslər başlayıb. Hətta onlar Donbasda və Ukraynanın digər işğal olunmuş ərazilərində rus hərbçilərinin cinayətlərini işıqlandırmağa məcbur olublar. Xüsusilə də Kursk vilayətinin özündə Ukrayna ordusunun etmədiyi cinayətləri Rusiya hərbçiləri törədirlər. Evləri talan edir, insanlara qarşı zorakılığa yol verir, əhalinin mülkünü dağıdırlar. Dəhşətli hadisələr baş verir. Elə başıpozuq, cinayətkar, kriminallaşmış ordu ilə Rusiya uğur qazana bilməz. Məhz buna görə də Şimali Koreyanı müharibəyə cəlb edib. Amma səbəb tək bu deyil. Səbəb həm də odur ki, Rusiya özünə müttəfiqlər axtarır. Çox çalışdı ki, Çini hər hansı şəkildə prosesə cəlb eləsin. Amma bu, alınmadı. İranı isə silah-sursat alaraq müəyyən qədər cəlb etməyə müvəffəq oldu. Ancaq İran o dərəcədə ağılsız deyil ki, gəlib birbaşa öz ordusunun, silahlı qüvvələrinin, yaxud proksilərinin Rusiya-Ukrayna konfliktinə cəlb olunmasına imza atsın. Burada məsələnin miqyası daha böyükdür”.

Ə.Oruclu deyib ki, Şimali Koreya ordusunun Ukraynaya qarşı müharibədə aktiv iştirakı NATO ölkələrinin də müvafiq addım ata bilməsinə yaşıl işıq yandırır: “Mən demirəm ki, NATO gəlib Ukrayna tərəfində döyüşəcək. Amma NATO-nun bunun üçün kifayət qədər ciddi motivi var. Bu, Şimali Koreyanın müharibəyə cəlb olunmasıdır. İndi burada hansısa ölkələr dövlət səviyyəsində qərar qəbul edə bilər. Əgər NATO üzvləri bu və ya digər konfliktə cəlb olunursa, mütləq Alyansın razılığını almalıdırlar. Bəzən buna heç ehtiyac da olmur. Biz  gördük ki, Türkiyə hər hansı bir şəkildə 44 günlük Qarabağ müharibəsində iştirak etdi. Yəni, döyüş meydanında olmasa da dəstək göstərmək formasında iştirak etdi. NATO ölkələri də Ukraynada bunu açıq və rəsmi şəkildə edirlər. Qalır bir hərbçilərinin gəlib orada döyüşməsi. Hələlik muzdlular döyüşür, sabah elə ola bilər ki, NATO da müharibəyə qatılar”.

Politoloq söyləyib ki, indiki halda Şimali Koreya həm də güc nümayiş etdirmək istəyir: “Pxenyan göstərmək istəyir ki, o güclü orduya malikdir. Onun ordusu gedib hətta min kilometrlərlə uzaqda tanımadığı bir millətə, dövlətə qarşı döyüşə bilər. Amma bu, çox axmaq bir ideyadır. Ən azı ona görə ki, Şimali Koreyanın özünə qarşı əks tərəfdən cəbhə açılmasına şərait və şərtlər yaradır. Şimali Koreya bu şəraitdə təkcə Cənubi Koreya ilə konfliktə cəlb oluna bilməz. Hətta başqa ölkələr də buna qoşula bilər. Zamanla təbii ki, Yaponiya, ABŞ da prosesə cəlb oluna bilər. Bu halda hətta Çin də onu müdafiə edə bilməyəcək. Çünki müharibə tərəfidir.  Digər tərəfdən, Şimali Koreyanın bu addımı Qərb ölkələrinə, o cümlədən ABŞ-yə, Böyük Britaniyaya, Fransaya Ukraynaya verdikləri silahın Rusiya ərazisində tətbiqinə yaşıl işıq yandırmalarına səbəb oldu. Bunun nəticəsi nə olacaq? Təbii ki, ilk növbədə hədəfə alınan Şimali Koreya hərbiçiləri, Rusiyanın infrastrukturu olacaq. Hazırda çox təhlükəli situasiya yaranıb. Rusiya təkcə Ukrayna cəbhəsində deyil, Yaxın Şərqdə, Uzaq Şərqdə də münaqişənin dərinləşməsində maraqlıdır. Bunun çox təhlükəli fəsadları ola bilər. Perspektivdə Şimali Koreya müharibəyə öz bölgəsində cəlb oluna bilər. Özü də təkcə Cənubi Koreya ilə deyil, Yaponiya, ABŞ ilə də savaşmağa məcbur olar. Unutmayaq ki, Uzaq Şərq Sakit okean bölgəsində başqa hərbi birlik mövcuddur. Onun adı AUKUS, yəni Avstraliya, Böyük Britaniya və ABŞ hərbi birliyidir. Qlobal mübarizə təkcə Yaxın Şərq, Şərqi Avropa, Qafqaz uğrunda getmir, bütövlükdə Avrasiya zolağı üzrə gedir. Aralıq dənizindən başlayaraq Sakit okeana, Uzaq Şərqə qədər qlobal mübarizə gedir. Şimali Koreyanın müharibəyə cəlb olunması ilə artıq III Dünya müharibəsinin başlaya biləcəyi şəraitinə gəlib çıxmışıq”.

Nailə QASIMOVA

Избранный
20
50
medianews.az

10Источники