RU

Milli Məclisin komitələrin birgə iclasında 2025-ci ilin dövlət büdcəsi müzakirə edilib

Noyabrın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda Milli Məclisin deputatları, müvafiq nazirliklərin və qurumların nümayəndələri iştirak ediblər.

İclası açan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, son illərdə ölkəmiz geosiyasətdə böyük uğurlar əldə etməklə yanaşı, sosial-iqtisadi inkişaf baxımından da mühüm irəliləyişlərə  nail olub. On ayın məlumatına əsasən, ÜDM-in 4,9 faiz artması çox böyük nailiyyətdir. ÜDM böyüdükcə orada faiz artımı mütləq rəqəmlərlə daha böyük həcmləri əks etdirir. Vitse-spiker ÜDM-in tərkib aspektlərinə diqqəti yönəldərək qeyd edib ki, orada getdikcə intellektual sektorun payının artmasına nail olmaq lazımdır. Bu baxımdan sevindirici haldır ki, nəqliyyat, logistika, turizm, informasiya və rabitə sektorlarında artım daha yüksək, ikirəqəmli olmuşdur.

Digər diqqəti çəkən məqam kimi ölkədə həyata keçirilən tədbirlərin məqsədli proqram və prioritetlər üzərindən aparılması olduqca vacib məsələdir. Hazırda bu tədbirlər 4 mühüm konseptual sənəd üzərindən həyata keçirilir ki, bunun ikisi regionların prioritetləşməsini nəzərdə tutur. Bu sənədin biri “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, digəri isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”dır. Prioritetlərin, hədəflərin və məqsədlərin aydın olması uğurun təməlidir.

Bütün bu uğurların yaradıcısı heç şübhəsiz dövlət başçısı, Ali Baş Komandan cənab İlham Əliyevdir. Hər il olduğu kimi, növbəti ilin büdcəsinin prioritetləri yenə də əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkəmizin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və işğaldan azad olmuş bölgələrimizin yenidən dirçəldilərək keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmasını təmin etməkdir.

Ziyafət Əsgərov bildirib ki, güclü dövlətin təməli onun xalqının yüksək rifahındadır. Məhz bu istiqamətdə görülən effektiv fəaliyyətin nəticəsidir ki, 2025-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclər üçün cari illə müqayisədə 8,8 faiz artıq vəsait nəzərdə tutulur. Bu 1 milyard 370 milyon manat deməkdir və kifayət qədər böyük rəqəmdir. Sosialyönümlü vəsaitin mühüm hissəsi əhalinin gəlir əldə etmək imkanlarının və rifahının yaxşılaşmasına, yoxsulluq səviyyəsinin azaldılmasına, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas təbəqələrin sosial müdafiəsinin gücləndirilməsinə və digər sosial tədbirlərin maliyyə təminatına yönəldiləcək ki, bu da 2,6 milyard manat təşkil edəcək. Dövlət Sosial Müdafiə Fondunun və İşsizlikdən Sığorta Fondunun də büdcələri sosialyönümlü xərclərə istiqamətlənmişdir.

Vitse-spiker qeyd edib ki, təhsil xərclərinin də cari ilə nəzərən 9 faizə yaxın artması müsbət haldır. Bu vəsaitlər ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsinə, ali təhsildə beynəlxalq rəqabətliliyə nail olunmasına, əmək bazarında müasir tələblərə cavab verən kadrların hazırlanmasına xidmət edəcəkdir. Bununla yanaşı hesab edirəm ki, ali təhsil sahəsində islahatların dərinləşdirilməsinə, ali təhsildə təhsilin məzmununun yenilənməsinə, dərslik və dərs vəsaitlərinin hazırlanması  üzrə ciddi mexanizmlərin qurulmasına, təcrübə işinin müxtəlif idarə və təşkilatlarda formal keçirilməsinin qarşısının alınması üçün universitetlərin təcrübə bazasının qurulmasına, son nəticədə əmək bazarının və iqtisadiyyatın tələblərinə uyğun kadr hazırlığına ehtiyac vardır. Hesab edirəm ki, güclü insan potensialı iqtisadiyyatın artımının vacib faktorudur. 5 milyarda yaxın vəsaiti təşkil edən təhsil xərclərimiz imkan verər ki, bu tədbirləri həyata keçirə bilək.

Səhiyyədə icbari tibbi sığortanın tətbiqi öz müsbət nəticələrini göstərir və biz deputatlar da bilavasitə həm ətrafımızdaki insanlar üzərindən, həm də seçicilərlə işləyən şəxslər kimi bunu aydın hiss edirik. Dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin 2 milyarda çatması və əlavə olaraq İcbari Tibbi Sığorta Fondunun gəlirləri bu sahədə problemlərin həllində kifayət qədər imkanları artırır. Amma hesab edirəm ki, səhiyyədə maliyyə problemi həll edildikcə keyfiyyət problemləri, keyfiyyətli tibbi xidmət problemləri önə çıxır və zamanla da onu da həll edəcəyik.

Ziyafət Əsgərov bildirib ki, regional və qlobal çərçivədə müşahidə olunan geosiyasi vəziyyət və yarana biləcək potensial risklər ölkəmizin milli təhlükəsizliyinin gücləndirilməsini, müdafiə qabiliyyətinin artırılmasını hər zaman labüd edir. Müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,4 milyard manata çatdırılması nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 1,3 milyard manat çox deməkdir. Eyni zamanda 20 il və daha çox xidmət etmiş işləyən və ehtiyatda olan hərbi qulluqçuların mənzillə təmin olunması da diqqətdə olacaqdır. Bundan əlavə, güzəştli şərtlərlə ipoteka kreditlərindən yararlanmaqla da hərbi qulluqçularımız mənzil şəraitlərini yaxşılaşdıra biləcəklər.

Cari ilin çağırışları, ölkədə dünya əhəmiyyətli tədbir olan COP29-un keçirilməsi fonunda növbəti ildə ətraf mühitin mühafizəsinə önəm verilməsi çox diqqətəlayiqdir. Qlobal təhdidə çevrilən ətraf mühitin çirklənməsi və iqlim dəyişiklikləri məsələləri ölkəmiz üçün də daim nəzarət tələb etdiyindən 2024-cü illə müqayisədə bu sahəyə ayrılan vəsaitin 11 faizə yaxın artırılması müsbət hadisə kimi xarakterizə olunmalıdır. Bu vəsait ətraf mühitin və təbiətin mühafizəsinə, bioloji zənginliyin qorunmasına, ərazilərin təmizlənməsinə, o cümlədən çirkab suların yığılmasına, təmizlənməsinə və bu kimi təşəbbüslərinin dəstəklənməsinə yönəldiləcəkdir.

Ziyafət Əsgərov çıxışının sonunda qeyd edib ki, növbəti ilin büdcəsi qarşıya qoyulan hədəfləri qarşılayır, daha uğurlu bir ilin maliyyə təminatını yaradır.

Sonra iclasda maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.

O, 2025-ci il dövlət və icmal büdcələrinin layihələrinin, həmçinin növbəti üç il üçün icmal büdcənin əsas göstəricilərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunduğunu bildirib. Deyib ki, bununla yanaşı, Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” qanunlarda və digər qanunvericilik aktlarında dəyişikliklərin edilməsi barədə layihələr də büdcə zərfinin tərkib hissəsi olaraq Milli Məclisə daxil olub.

Büdcə layihəsi hazırlanarkən möhtərəm Prezident İlham Əliyevin əsas prioritetlər kimi ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası, həmin ərazilərə “Böyük Qayıdış“ın təmin edilməsi kimi ümdə çağırışları, habelə   “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası üzrə vəzifələr əsas götürülüb.

Diqqətə çatdırılıb ki, vətəndaşların rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin təmin edilməsi də növbəti ildə prioritet məsələlər olaraq nəzərdə saxlanılır. Belə ki, əməkhaqqı, pensiya və sosial müavinətlər, ünvanlı sosial yardım və təqaüd xərcləri üzrə artımlar üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub. Səhiyyə, təhsil, ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi üçün maliyyə dəstəyinin ayrılması da nəzərdə tutulub.

Qeyd olunub ki, 2025-ci ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsas götürülərək, ölkədə ÜDM-in artım tempi 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, xam neftin 1 barrelinin qiyməti 70 ABŞ dolları, təbii qazın 1 min kubmetr ixrac qiyməti 242 ABŞ dolları, manatın məzənnəsi isə 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib.

Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41368 milyon manat nəzərdə tutulur ki, bu da 2024-cü illə müqayisədə 1625,3 milyon manat və ya 4,1 faiz çoxdur.

Növbəti ilin prioritet xərclərində xüsusi önəm verilən işğaldan azal olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub.

Qeyd olunub ki, ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, ordu quruculuğunun daha da müasirləşdirilməsinin vacibliyi nəzərə alınaraq, bu istiqamətdə xərclərin artırılması labüd hesab edilib. Buna əsasən, müdafiə və milli təhlükəsizliklə bağlı xərclərə 8396,0 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Cari illə müqayisədə bu 17,8 faiz artım deməkdir.

Büdcə xərclərinin strukturunda cari xərclər 60,1 faiz və ya 24845,2 milyon manat, əsaslı xərclər 34,1 faiz və ya 14122,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,8 faiz və ya 2399,6 milyon manat təşkil edəcək.

Növbəti ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 795,0 milyon manat nəzərdə tutulur, büdcənin yerli xərcləri 800,3 milyon manat məbləğində proqnozlaşdırılır.

Layihəyə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat proqnozlaşdırılır. 2025-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3051,6 milyon manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 2,4 faiz təşkil edəcək.

2025-ci il üçün icmal büdcəsinin gəlirləri 43910,5 milyon manat, xərcləri 47589, 4 milyon manat proqnozlaşdırılır, icmal büdcənin kəsiri isə 3679.0 milyon manat təşkil edəcək.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan Respublikasının 2025-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. O, büdcə parametrlərini formalaşdıran makroiqtisadi proqnozlar, habelə büdcə parametrlərinin layihələndirildiyi dövrdə ölkədə makroiqtisadi meyllər barədə söhbət açıb. Büdcə zərfinə daxil edilən sənəd və göstəricilərin “Büdcə sistemi haqqında” qanuna, büdcə zərfinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olduğunu, büdcə sənədləşməsinin beynəlxalq təcrübəyə əsaslandığını deyib.

Palata sədri fiskal risklər, icmal büdcənin təhlili, ortamüddətli büdcə planlaşdırılması ilə bağlı qeydlərini diqqətə çatdırıb.

Sonra iclasda çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsmanın) Səbinə Əliyeva körpə uşaqların sosial müdafiəsinin gücləndirilməsi, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən vəsaitin artırılması, orta məktəblərin və digər uşaq müəssisələrinin qış mövsümündə isidilməsi üçün vəsaitin artırılması, uşaqların sağlamlığının qorunması, sağlamlıq imkanları məhdud uşaqların dərs vəsaitləri ilə təmin olunması, orta məktəblərdə mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılması, ixtisaslaşmış psixoloqların cəlb edilməsi, uşaqların inkişafına dövlət dəstəyinin artırılması, regionlarda qəzalı vəziyyətdə olan uşaq bağçalarının və körpələr evlərinin yenidən qurulması, hərbi qulluqçulara tutduqları vəzifəyə, habelə hərbi rütbəyə görə verilən pul təminatının, eyni zamanda müvəqqəti mənzil kirayəsi üçün pul məbləğinin artırılması barədə təkliflərini səsləndirib. Bundan başqa, Səbinə Əliyeva Ombudsman Aparatının işinin effektivliyini artırmaq məqsədilə də bir sıra təkliflərini diqqətə çatdırıb.

Sonra iclasda çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev, Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, deputatlardan Qüdrət Həsənquliyev, Eldar İbrahimov, Razi Nurullayev və Məzahir Əfəndiyev 2025-ci ilin dövlət büdcəsinin layihəsi barədə fikirlərini açıqlayıblar, qeyd və təkliflərini bildiriblər.

İclasda maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirdikdən sonra “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

Избранный
20
xalq.az

1Источники