RU

Qərbi Azərbaycan Xronikası: Azərbaycanlıların öz evlərinə qayıdışı yaxın müddətdə baş verə bilər

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Ölkə.az” xəbər verir ki, “Qərbi Azərbaycan məsələsi beynəlxalq gündəmə daxil edildi” adlı süjetdə Prezident İlham Əliyevin ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı azərbaycanlıların öz tarixi yurdlarına qayıdacaqları ilə bağlı söylədiyi fikirlərdən, Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatlara ünvanladığı məktublara verilən cavablardan sonra Ermənistan mətbuatında yayılan məlumatlardan bəhs olunur.

Bildirilir ki, dövlət başçısı Qərbi Azərbaycana qayıdışla bağlı prioritet hədəfləri müəyyənləşdirib: “Bu hədəflərdən ən vacibi Qərbi Azərbaycana qayıdışın - tarixi ədalətin bərpa edilməsinin beynəlxalq gündəmə çıxarılması və qəbul etdirilməsi idi. 2023-cü ildə azərbaycanlıların tarixi yurduna qayıdışı istiqamətində görülən işlər Qərbi Azərbaycan məsələsinin artıq beynəlxalq gündəmdə qəbul edilməsi ilə nəticələndiyini deməyə əsas verir”.
Diqqətə çatdırılır ki, Qərbi Azərbaycan İcmasının BMT Baş Assambleyasının və Təhükəsizlik Şurasının üzvlərinə, UNESCO-nun Baş direktoruna, BMT-nin Baş katibinə, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına ünvanlandığı məktublara verilən cavablardan sonra Ermənistan mediasında müxtəlif məlumatlar yayılıb: “Aravot” qəzetinin dərc etdiyi məlumatda deyilir ki, UNESCO Ermənistan Xarici İşlər Nazirliyinə Qərbi Azərbaycanda abidələrin dağıdılması ilə bağlı sənəd göndərib. Bu faktla rəsmi Bakı artıq Qərbi Azərbaycanla bağlı prosesi beynəlxalq müstəviyə keçirib və Ermənistan hökuməti qoyulan tələblər qarşısında geri çəkilir. Erməni etnoqraf Hranuş Xaratyan isə bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Qərbi Azərbaycanla bağlı sənədi qəbul etməsi rəsmi İrəvanın azərbaycanlıların qayıdışı məsələsi ilə razılaşmasının göstəricisidir.
Erməni diasporunun fəallarından olan Harut Sasunyan da BMT Komitəsinin Ermənistan qarşısında qaldırdığı tələblərin rəsmi Bakının Qərbi Azərbaycan strategiyasında irəliyə doğru atılmış mühüm addım olduğunu söyləyir”.
Sonda vurğulanır ki, bütün bunlar 2023-cü ildə qaçqınların Qərbi Azərbaycana qayıdışı hədəfində mühüm nəticələrin əldə edildiyini deməyə əsas verir: “Bu uğurlar xüsusilə iki aspektdə əhəmiyyətlidir. Birincisi, Qərbi Azərbaycan məsələsi artıq beynəlxalq ictimaiyyətin gündəminə daxil edilib. İkincisi, BMT başda olmaqla beynəlxalq təşkilatlar Qərbi Azərbaycanda azərbaycanlılara məxsus maddi-mədəni irsin qorunması, eləcə də qaçqınların hüquq və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı Ermənistan qarşısında tələblər qaldırır. Üçüncüsü, azərbaycanlıların öz doğma evlərinə qayıdışı ilə bağlı beynəlxalq səviyyədə hüquqi əsaslar yaradılır və bu, rəsmi İrəvan qarşısında qaldırılan Qərbi Azərbaycan məsələsində rəsmi Bakının əlini gücləndirən faktordur. Əldə edilən nəticələr həm də onu göstərir ki, azərbaycanlıların öz evlərinə qayıdışı yaxın perspektivdə baş verə bilər”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yanvarın 4-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

Избранный
291
50
paralel.az

10Источники