Məlum olduğu kimi, bu günlərdə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb.
Xarici İşlər Nazirliyi bildirir ki, sözügedən missiyanın regional sabitlik, Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib: “Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunduğu qeyd edilib”. Həmçinin Ermənistan ərazisində yerləşdirilən missiyanın bəyan edilmiş mandatına uyğun olaraq neytral, mülki və silahsız missiya kimi fəaliyyət göstərməsi, habelə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlmiş və ya onun legitim təhlükəsizlik maraqlarına bu və ya digər şəkildə təsir edəcək hər hansı fəaliyyətdən çəkinməsini təmin etmək üçün bütün lazımi tədbirlər görməyə dair Aİ tərəfinə ciddi şəkildə çağırış edilib. qeyd edək ki, Peter Mixalko bir neçə gün öncə X platformasında yazıb ki, Azərbaycanda bəzi KİV-lər Aİ-nin Ermənistandakı missiyasına qarşı tamamilə əsassız ittihamlar dərc edib. O, mülki, silahsız bir missiyanın mandatının müşahidə aparmaq olduğunu vurğulayıb. Azərbaycan tərəfi isə qeyd edir ki, yuxarıda göstərilən iradlarla yanaşı, monitorinq missiyasının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisə onun bəyan edilmiş tapşırıqlarına ciddi kölgə salır. Qeyd edək ki, fevralın əvvəlində Azərbaycan-Ermənistan sərhədini qanunsuz keçdiyi bildirilən Çexiya vətəndaşının saxlanılması haqda xəbərlər yayılmışdı. Daha sonra həmin şəxsin Qərb kəşfiyyatı üçün işlədiyi, Aİ-nin sərhəd monitorinq missiyasına bağlılığı üzə çıxmışdı. Bundan sonra Çexiyanın Ermənistandakı səfiri Petr Pirunçik isə bu iddiaları rədd etmişdi. Lakin Çexiya Xarici İşlər Nazirliyi ölkə vətəndaşının Azərbaycanla sərhədi keçən vaxt saxlanılmasını təsdiqləyib. Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariana Vernerova bu xüsusda bildirib: “Biz Çexiya vətəndaşının saxlandığını təsdiqləyirik. Saxlanmaya səbəb kimi onun sərhədi qanunsuz keçməsi göstərilir. Çexiya XİN onun ailəsi ilə əlaqə saxlayır”. Xatırladaq ki, fevralın 3-də Çexiya vətəndaşı Ermənistan tərəfdə minalanmış zonadan keçərək Azərbaycan ərazisinə daxil olub və hərbçilər tərəfindən saxlanılıb. Elə həmin gün müvafiq məlumat Çexiyanın Azərbaycandakı konsulluğuna göndərilib. Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmaları davam edir. Həmin şəxs məhz Aİ missiyasının müşahidəsi altında olan zonadan Azərbaycan ərazisinə keçib. Bu isə missiyanın fəaliyyətinin heç dəı şəffaf olmadığını üzə çıxarır. Xatırladaq ki, Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində mülki monitorinq missiyası 2022-ci il oktyabrın 17-dən fəaliyyət göstərir. İlkin olaraq Ermənistanın Azərbaycanla sərhədi boyunca 40 nəfər müşhidəçi yerləşdirilsə də hazırda onların sayı 209 nəfərədək artırılıb. Belə ki, Avropa İttifaqı 2023-cü ilin dekabrında müşahidəçilərin sayının 209 nəfərədək artırılması barədə qərar qəbul edib. Azərbaycan öz ərazisində sərhədi boyunca missiyanın yerləşdirilməsinə razılıq verməyib. Hazırda görünən odur ki, bu missiya, sülhə töhfə vermək əvəzinə, daha çox barışa zərbə vurur. Məsələnin digər təhlükəli tərəfləri də var. Missiyanın fəaliyyətinin həm də Rusiya ilə bağlı olduğu şübhə doğurmur. Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritetdir. Bundan başqa, hər vəchlə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) və yekunda Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılmasına cəhd edilir. Missiya bu fonda Ermənistandakı Rusiya hərbi qüvvələri barədə müvafiq məlumatlar da toplayır. Aİ missiyasının sayının artırılması həm də İrana qarşı yönəlib. Rusiya və İranı sıx əməkdaşlıq telləri bağlayır. İranın Ermənistanın sərhədləri mövcuddur. İki ölkə arasında qarşılıqlı ticarət və əməkdaşlıq pik həddədir. Bu səbəbdən də İranla münasibətləri nəzarətdə saxlamaq missiya üçün vacibdir. Deməli, bu missiya həm də geosiyasi gərginlik predmetidir.
Azərbaycan tərəfi dəfələrlə Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini bildirib. Missiyanın rəhbəri kimi Ştutqart şəhərinin polis idarəsinin rəisi olan alman Markus Ritterin əmək fəaliyyəti də bəzi suallara aydınlıq gətirir. Aİ tərəfindən həyata keçirilən bütün əməliyyatların kuratoru Fransa nümayəndəsidir. Digər əməkdaşların isə istefada olan hərbçilər və müxtəlif Qərb ölkələrinin mövcud kəşfiyyatçıları olduğu dəqiqləşdi. Zaman keçdikcə bu kontingentin mülki yox, hərbi missiya olmasına heç bir şübhə qalmadı. İllik büdcəsi 40 milyon avrodan çox olan Aİ missiyasının əsas məqsədi hərbi və kəşfiyyat hədəflərinə çatmaqdır. Tərkibin yenidən genişləndirilməsi birbaşa Rusiya və İrana qarşı yönəlmiş addımdır. Fransanın Ermənistanı silahlandırması, Aİ-nin bu ölkədəki hərbiləşmiş missiyasını daha da genişləndirməsi eyni ssenarinin tərkib hissəsidir. Bu missiya Aİ-nin deyil, NATO-nun missiyasına çevrilir. Prosesdə Kanadanın və ABŞ-ın iştirakı da qeyd edilənləri təsdiqləyir. Belə vəziyyətdə missiya Azərbaycan və Ermənistan kövrək sülh danışıqları prosesinə mane olur. Görünən odur ki, rəsmi Brüssel Ermənistanda möhkəmlənmək üçün bu missiyadan istifadə edirlər. Həmin missiyanın fəaliyyəti isə azərbaycanafobiya və nifrət hissinin beynəlxalq ictimai fikirdə formalaşdırılmasına xidmət edir. bu da sülə xələl gətirir.
Nahid SALAYEV